Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır

Bank sektorunda bu günə mövcud olan problemlərin başlanğıcı bir qədər uzağa gedir. Ölkə iqtisadiyyatının neftdən asılılığının kifayət qədər yüksək olduğu və valyuta gəlirlərinin 90%-dən çoxunun məhz bu strateji məhsulun xaricə satışından daxil olduğu bir şəraitdə Mərkəzi Bank vəziyyəti real dəyərləndirməli və neftin qiymətlərində son onilliklər ərzində baş vermiş kəskin dəyişmələrin fərqində olmalı idi. Çox təssüflər olsun ki, ölkənin pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu vəziyyəti vaxtında lazımınca dəyərləndirə bilmədi. O, sadəcə olaraq ölkəyə gələn böyük neft pulları hesabına manatın məzənnəsini birinci devalvasiyaya qədər 15% möhkəmləndirməyə üstünlük verdi. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşmsi səbəbindən ölkəyə daxil olan xarici valyutanın həcminin azalması, manata olan təziqləri artırdı. Mərkəzi Bank 15 milyard dollardan bir qədər artıq olan valyuta rezervlərini sürətlə manatın məzənnəsini sabitləşdirmək naminə əritməyə başladı. Bu da səhv addım idi. Heç olmasa bu dəfə vəziyyəti real qiymətləndirib, manatı Rusiyada, Qazaxstanda olduğu kimi üzən məzənnəyə keçirməklə valyuta ehtiyatlarını qorumaq lazım idi. Belə olardısa MB-ın valyuta ehtiyatlarının iki il ərzində 72% azalmasına yol verilməzdi. MB öz valyuta ehtiyatlarının böyük bir hissəsini manatın məzənnəsinin sabitliyi naminə xərcləsə də, iki devalvasiya ilə onun iki dəfə dəyərdən düşməsinin qarşısını ala bilmədi. Mərkəzi Bankın böyük neft pulları daxil olarkən manatın möhkəmləndirilməsi, bu pulların azaldığı bir dönəmdə isə onun məzənnəsinin sabit saxlanılmasına yönəli siyasəti yanlış idi  və belə siyasət özünü doğrulda bilməzdi. Baş verən prosseslər nəticə etibarilə milli valyutaya olan inamı əsaslı şəkildə dəyişdi. Əmanətlərini banklarda və evlərdə əsasən milli valyutada saxlayan insanlar, mümkün qədər onları xarici valyutaya dəyişməyə üz tutdular. Yaranmış vəziyyətdə banklar da kreditləri daha çox xarici valyutada verməyə başladılar. 
Bir sözlə dolların ölkəyə axını kəskin şəkildə azaldığı bir durumda, ona bütün səviyyələrdən basqılar edilməyə başlandı. Dollarlaşma özünün pik həddinə çatdı. Təbii ki, bu durum bankların fəaliyyətini getdikcə ağırlaşdırmalı idi. Manata olan inamın azalması səbəbindən onun məzənnəsində baş verən iki kəskin devalvasiya bankların dollarla verdikləri kreditlərin geriyə qaytarılmasına ciddi problemlər yaratdı. Kreditlərin verilməsi maksimum məhdudlaşdırıldı. Bank öz məhsullarını və xidmətlərini satmaqla qazanc əldə edən müəssisədir. Onun əsas məhsulu isə müəssisə və təşkilatlara, əhaliyə verdiyi kreditlərdir. Bank kredit vermirsə və ya kreditlərin verlişini maksimum məhdudlaşdırırsa, deməli gec-tez onun fəaliyyətində problemlər baş qaldıracaqdır. 

Ölkənin bank sistemini sağlamlaşdırılması, milli valyutaya olan inamın bərpa olunması yolunda Prezident İlham Əliyevin əmanətlərin üç il müddətinə tam sığortalanması barədə qəbul etdiyi qərar çox mühüm əhəmiyyət kəsb edən, qətiyyətli bir addımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Sabitliyi Şurasının yaradılması da bank sektorundakı durumu sabitləşdirmək və milli valyutaya olan inamı bərpa etməyə yönəli ciddi addımlardır. Bu gün ölkənin bank sektorunu sağlamlaşdırmaq məqsədilə müxtəlif səviyyələrdə təkliflər səslənir. Müəyyən maliyyə alətlərindən istifadə olunmasına, başqa ölkələrdə mövcud olmuş təcrübələrdən istifadə etməyə dair təkliflər səslənir. Bu təkliflərin hər biri normaldır. Lakin bir məsələni unutmaq lazım deyil ki, bank sektorunun mövcud durumunda onu sadə terapiya yolu ilə müalicə etmək mümkün deyil. Bu günə qədər 10-dan artıq bankın bağlanmasını və bu prossesin bu qaydada davam etməsini bank islahatları adlandırmaq olmaz. Banklar fəaliyyətindəki müəyyən nöqsan və çatışmazlıqlara görə bağlanır. Bağlanan banklara yerləşdirilmiş əmanətlərin və onların verdikləri kreditlərin geri qaytarılması ilə bağlı problemlər isə həll olunmamış qalır. Nəticə etibarilə bağlanan bankın əmanətlərini qaytarmaq yükü, onsuz da çətin durumda olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Bu fondun vəsaitləri çatışmadıqda isə dövlət zəmanəti ilə borc götürmək zərurəti yaranır. Deməli, son nəticədə bu yükün bir hissəsi dövlətin üzərinə düşür. Ona görə də ölkənin bank sektoru qısa zaman kəsiyində praktik olaraq yenidən qurulmalıdır. Bunu necə etmək olar? Yeganə döğru yolu mövcud bankların nizamnamə kapitalına tələbi 8-10 dəfəyə qədər artırmaqla onların məcburi qaydada bir araya gəlməsinə - yəni konsalidasiya olunmağa məcbur etməkdə görürük. Biz gec-tez  onsuz da bunu etməliyik. Çünkü bizə sağlam banklar lazımdır. Bu gün ölkə iqtisadiyyatının real sektorunun əsaslı inkişafı yolunda hökumətin atdığı addımlar sağlam bank sisteminin mümkün qədər tez formalaşdırılmasını zəruri edir. Bizə son nəticədə çox geniş şəbəkəsi və maliyyə imkanları olan, üzünü ölkə iqtisadiyyatının real sektoruna tutmağı bacaran 5-6 bank kifayət edər. Bu fikirləri biz ilk dəfə deyil ki, səsləndiririk.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi