Banklar dollar bataqlığını dərinləşdirir – bu çox təhlükəlidir...

Hazırda ölkənin bank sistemində mövcud olan 43,8 milyard manat əmanət və kreditin 29,6 milyard manatı xarici valyutadadır. Bu bank sistemində olan əmanət və kreditlərin 67,5%-i deməkdir. Bank sistemini düşdüyü bu durumdan xilas etmək üçün kordinal tədbirlər görülməsi tələb olunan bir dönəmdə isə banklar müştəriləri yalnız dollar kreditləri götürməyə təhrik etməklə, düşdükləri bataqlığı daha da dərinləşdirirlər. 

Bu yazı mətbuatda işıq üzü görənə qədər təşkilatımızın əməkdaşları manatla istehlak krediti almaq üçün 20-yə qədər banka müraciət   etsələr də onlara yalnız dollarla kredit təklif olundu. Hesab edirik ki, öz qazanclarını düşünməkdən başqa heç nəyin fərqində olmayan, yüngül yolla varlanmagı özlərinə seçim etmiş bu banklara, milli valyutamızı belə aşağılamaq imkanı vermək olmaz. Ölkə Prezidentinin manatın nüfuzunu bərpa etmək yolunda ciddi addımlar atdığı  bir dönəmdə, bankların bu özbaşınalığı başa düşülən deyil.  Manat bu dövlətin milli valyutasıdır, dövlətçiliyimizin rəmzidir onu əcnəbi valyutaların ayaqları altına atmaq ən azı vicdansızlıqdır. Milli valyutaya hər kəs hörmətlə  yanaşmağa borcludur və bu işdə hamıdan daha çox borclu olan da elə banklar özləridirlər. Lakin bu gün kredit verdikləri müştərilərlə münasibətlərdə bütün oyun qaydalarını birtərəfli qaydada öz xeyirlərinə müəyyən etmiş banklar, bir tərəfdən yeni kreditləri yalnız xarici valyutada təklif edir, digər tərəfdən isə xarici valyutada kredit götürmüş müştəriləri müxtəlif üsullarla  aldadırlar.  

Bank sistemindəki mövcud durum  onun iflasına, əhali arasında isə ciddi narazılığa gətirib çıxara bilər. Odur ki, yaranmış vəziyyətdən çıxmaq üçün ən qısa vaxtda aşağıdakı addımların atılmasını zəruri hesab edirik:

- Banklar tərəfindən xarici valyutada kreditlərin verilməsi qadağan edilsin;

- Manatın iki kəskin devalvasiyasından sonra xarici valyuta ilə verilən kreditlərin ödənişini həyata keçirə bilməyən müştərilərin işi banklar tərəfindən məhkəmə müstəvisinə çıxarıldığı hallarda, vaxtıilə ölkə Kostitutsiyasının tələblərini kobud şəkildə pozaraq həmən müştərilərə heç bir seçim qoymayan və onları yalnız xarici valyutada kredit götürməyə təhrik etmiş bank rəhbərləri məsuliyyətə cəlb edilsinlər;

-Manatın iki devalvasiyasına qədər bankların təhriki ilə müştərilərə xarici valyutada verilən kreditlərin məzənnə fərqi onların öz daxili imkanları hesabına ödənilsin. Bunu etmək istəməyən banklarda isə həmin kreditlər sadəcə olaraq bankların zərərinə silinməsi mexanizmi işlənib hazırlansın və tətbiq edilsin;

-Bankların nizamnamə kapitalına tələb 500 milyon manat səviyyəsinə çatdırılsın və bu tələbi yerinə yetirmək üçün onlara 3 ay vaxt verilsin. Bu tələbin formal deyil, real olaraq yerinə yetirilməsinə xüsusi nəzarət edilsin və nəticə etibarı ilə ölkədə geniş şəbəkəsi olan 4-5 bank saxlanılsın. 

Fikrət Yusifov
 "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor   


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi