Qonşuluqdakı güc və yanımızdakı qardaş: Biz nə etməliyik?

 
Türkiyə Rusiya münasibətlərindəki yaxınlaşmanın kimlərinsə xoşuna gəlmədiyi çoxdan bəlli idi. Bu münasibətlər son illərdə özünün elə bir inkişaf mərhəlləsinə qədəm qoymuşdu ki, bu artıq qərbi qıcıqlandırmaya bilməzdi. 

Türkiyə NATO ölkəsi olsa da onun Rusiya ilə münasibətləri heç bir halda müttəfiqlərinin maraqlarına cavab vermirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə ay öncə Moskvada verdiyi bəyanatları yada salaq. Hələ o zaman gün kimi aydın idi ki, Rusiya ilə münasibətlərin hərtərəfli inkişafında maraqlı olan Türkiyənin bu davranışlarını qərb ölkələri həzm edə bilməyəcək və əlaqələrin tamamilə qırılmasına səy göstərəcəklər. Hər halda müəyyən mənada paradoksal vəziyyət yaranmışdı. Qərb bütün mümkün vasitələrdən istifadə edərək Rusiyanı tamamilə çökdürməyə meyilləndiyi halda NATO ölkələrindən biri – Türkiyə Moskvaya qarşı sanksiyalara qoşulmur və iki ölkə arasında ticari əlaqələrin səviyyəsini ən yüksək həddə çatdırmağa çalışırdı. Deməli, tam bir əminliklə deyə bilərik ki, bu gün baş verənlər qərbin arzuladığı gedişatdır. 

Türkiyə ilə Rusiya arasında yaranmış gərginlikdən danışarkən, şübhəsiz ki, biz birinci növbədə Azərbaycanın düşdüyü vəziyyətə diqqət yetirməliyik. Olduqca mürəkkəb bir situasiya yaranıb və bu dönəmdə biz yalnız diplomatik dilin ümumi ifadə formalarına üstünlük verməliyik. Bəli, Türkiyə bizim qardaşımızdır, ikinci vətənimizdir. Bu ölkədən başqa arxalana biləcəyimiz ikinci bir ünvan yoxdur. Lakin hazırkı situasiya bizdən tələb edir ki, bilavasitə dövlət maraqlarımızdan çıxış edək, emosional reaksiya və məsuliyyətsiz çağırışlardan mümkün qədər uzaq dayanaq. Başqa sözlə, biz hazırkı situasiyada bir qədər gözləmə mövqeyi tutmalı və hadisələrin inkişaf istiqamətini təqib etməyə üstünlük verməliyik. Hər halda, qardaş ölkə bizim hansı problemlərlə əhatələndiyimizi hamıdan yaxşı bilir və o da istəməz ki, BÖYÜK DÖVLƏTLƏRİN OYUNUndan Azərbayacan zərər çəksin, Qarabağ boyda problemi olduğu halda geopolitik müstəvidə düşdüyü vəziyyətdən dolayı aqressiv əhvala köklənmiş qonşusu ilə konflikdə girsin. Rusiya əli bizə çatacaq qədər çox yaxındadır və ABŞ başda olmaqla Qərb ölkələrini özü ilə hesablaşmağa məcbur edən güclü bir dövlətdir. Diqqət edin: Ukrayna ilə münaqişəyə görə Qərbin tətbiq etdiyi sanksiyalar, neftin qiymətindəki kəskin ucuzlaşma Rusiyanı bir addım da olsa öz iddialarından geri çəkə bilməyib. Sözsüz, ölkənin iqtisadi problemləri var və əvvəlki səviyyədə gəlir əldə edə bilməməsi səbəbindən sosial-iqtisadi sferada sıxıntılar yaşayır. Lakin gəlin unutmayaq ki, az qala bütün dünyaca məşhur iqtisadçılar, siyasi analitiklər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların, bütün Avropa ölkələrinin öz qapılarını Moskvanın üzünə bağlamsı və xüsusən neftin dünya bazarındakı qiymətinin kəskin şəkildə aşağı salınması faktının bu ölkəni cəmi bir neçə aya çökdürəcəyini proqnozlaşdırırdılar. Rusiyanın mövqeyində hansısa yumşalma hiss edirsinizmi? Kimdənsə qorxduğunu deməyə əsas verən balaca bir nümunə göstərmək olarmı? Yoxdur belə bir şey. Bu qədər ağır basqıların qarşısında Rusiya yenə də istənilən ölkəyə təhlükə yaradacaq qədər güclüdür. Odur ki, yaranmış vəziyyətə bütün reallıqları dəyərləndirərək qiymət vermək çox vacibdir. Hər kəs anlamalıdır ki, bu gün Rusiyada vətəndaşlığından asılı olmayaraq bir neçə miliyon azərbaycanlı yaşayır. Biz emosiyalara qapanıb onların taleyini təhlükəyə ata bilmərik. Rusiya ilə Gürcüstan arasında baş verən silahlı münaqişə zamanı illərdən bəri Rusiyada yaşayan və hətta bu ölkənin vətəndaşlığını qəbul etmiş gürcülərin hansı məşəqqətlər yaşadıqlarını, illərlə qurub yaratdıqları bizneslərini, daşınmaz əmlaklarını bir neçə gün içərisində dəyərindən on dəfələrlə ucuz sataraq, bir çox hallarda isə sata bilməyərək başlarını götürüb necə qaçdıqlarını biz öz gözlərimizlə görmüşük... İndi biz sabah va ya iki gündən sonra nə baş verəcəyini, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini bilmədən və artıq ortaya Türkiyə prezidentinin "Biz bilmirdik ki, Təyyarə Rusiyaya məxsusdur və əgər bilsəydik başqa vasitələrə əl atardıq” kimi vəziyyəti müəyyən mənada yumşaltmağa, gərginlyi aradan qaldırmağa hesablanmış bəyanatları çıxdığı bir ərəfədə qardaş ölkənin də dünənə qədər isti münasibətdə olduğu qonşumuzla konfliktə niyə girməliyik? Əmin olun, bu bizə lazım olmadığı kimi, qardaşımızın da marağında deyil. 

Ötən yazılarımızda qeyd etmişdik. Bir daha təkrar etmək istərdik ki, Rusiyanı sanksiyalarla çokdürmək mümkün deyil. Səbəblərini bir neçə misalla göstərə bilərik: 

- Əvvəla son 15 ildə Rusiya yüz milyardlarla dollar vəsait xərcləyərək Sovet dovründən qalan hərbi texnikasını və silahlarını tam müasirləşdirə bilib və bu gün hərbi güc baxımından yalnız ABŞ onunla rəqabət apara bilər;
- Rusiya nüvə silahlarının həcminə və gücünə görə yalnız ABŞ-la bir səviyyədə dayanan dövlətdir;
- Rusiyanın iqtisadi potensialı təkcə onun dünyada istehsal olunan Ümumi Daxili Məhsuldakı payına görə müəyyən edilməməlidir. Tək bir fakt çox mətləblərdən xəbər verir. Bu gün dünyada silah satışının .......%-i Rusiyanın payına düşür;
- Rusiya neft hasilatının həcminə görə üçlüyə daxil olan bir ölkədir və onun gündəlik neft hasilatı 10 milyon barel həddindədir;
- Adambaşına düşən bütün səviyyədən olan təbii resursların həcminə görə dünyada Rusiyanın analoqu olan ikinci bir ölkə yoxdur;
- Bir çox ölkələrdə mövcud olan real, ya da potensial ərazi münaqişələrinin taleyi bilavasitə Rusiyanın mövqeyindən asılıdır.

Bu siyahını uzatmaq da olar. Ancaq bu sırada hər şeydən daha üstün olan bir məsələ var. O da rus insanının əhval ruhiyyəsidir. Bu gün praktik olaraq hər bir rus insanı öz dövlətinin apardığı xarici siyasətin böyük bir dəstəkçisidir. Rusiyan dövlət başçısının xarici siyasətdə tutduğu kurs da bu dəstəyə söykənir. Bu gün iqtisadi tənəzzül və milli valyutanın iki dəfə dəyərdən düşməsi səbəbindən həyat səviyyəsinin aşağı düşməsinə, iş yerlərinin itirilməsinə baxmayaraq rus insanı öz Prezidentini və onun yürütdüyü xarici siyasəti ürəkdən dəstəkləyir. Bax, əsl güc bundadır. Bu gücün qarşısını 100 il də sanksiya tətbiq etməklə almaq mümkün deyil.

Bu fikirləri səsləndirməklə biz aysberqin suyun üzündə görünən mənzərəsini çəkməyə cəhd etdik. Suyun altında isə onun 9/10-u var ki, ona toxunmadıq. İstərdik ki, bu gün emosiyaya qapanıb məsələyə pafosla, boş hay-küylə, qışqırıqla reaksiya verənlər dərindən düşünməyə cəhd etsinlər. Bizim hamımız Türkiyəni sevirik və bunun xüsusi sübutuna ehtiyac yoxdur. Amma reallıqları nəzərə almaya bilmərik. Hamı bir həqiqəti dərk etməlidir ki, Türkiyə-Rusiya münsibətlərinin pozulması Azərbaycanın maraqlarına heç bir halda cavab vermir. Bu iki ölkə arasında əlaqələrin daha da genişlənməsi bizə bir çox dividentlər gətirə bilərdi və biz artıq özümüzü buna hazırlamışdıq...

...Və nəhayət, Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına görə ermənilər indi bayram edir...

Fikrət Yusifov
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi