İlhamın cavab atəşi – Nicat Dağların yazısı

 
Başqalarını deyə bilmərəm, mən həmin o qürur dolu anlarda ancaq bir nəfəri, ancaq bir ölkəni düşünürdüm... Əmin idim ki, hamısnın gözü ekranlara zillənib. Qarşımdakı əzəmətli səhnənin bir küncündə başqa bir səhnə də canlanmışdı – beli bükülmüş düşmənin bağrı yarılırdı... Serj Sarksyanın  başına düz 2015 dəfə daş düşmüşdü. Başı-gözü qanın içində idi, dizini yerə qoyub hönkür-hönkür ağlayırdı...  Olimpiya Arenasın üzərindən atılan fişənglər uzaqvuran raketlərə çevrilib hədəfi dəqiq nişan alırdılar.  Bir tozanaq qalxmışdı, bir qaçhaqaç düşmüşüdü ki, gəl görəsiz. Təcili yardım maşınlarını da gördüm. Dağıntılar  altından çıxarılan yaralıları daşıyırdılar. Əksəriyyətinin gözü kor olmuşdu... Amma mən onların səsini eşidə bilmirdim. "Qarabağ şikəstəsi”  batırmışdı səslərini...
***
...Deməli aylardır yollarda çəkdiyimiz əziyyət əbəs deyilmiş. Bizə bəxş olunmuş fəxarət hissi saatlarla tıxaclarda qalmağımıza, evə getmək üçün Bakının küçələrini dörd dolaşmağımıza dəyərmiş... Elə bil yuxudaydım, gözlərimə inana bilmirdim. Amma çox çəkmədi ki, içtirakçısı olduğum tarixi anlardan doğan sevinc hisslərindən qəhərləndim - yuxu deyilmiş, bura mənim ölkəmdir! Bura mənim paytaxtımdır! Əl çalanda yer titrədən insanlar qardaşlarım, bacılarımdır. Gördüyüm nə varsa hamısı mənə, xalqıma, dövlətimə məxsusdur.  İnanın, Himnimiz səslənəndə onu ucadan oxumağa çalışırdım ki, ətrafımızdakı əcnəbilər də səsimi eşitsin və görsünlər ki, biz bu dövlətə cannımızla, qanımızla bağlıyıq. Biz dünyanı heyrətləndirə biləcək gücdəyik,  heç bir millətdən əskik deyilik, təməl qoymağı, nümunə göstərməyi də çoxlarından yaxşı bacarırıq. Himni oxuyarkən özümü dünyanın ən bəxtəvər adamı hiss edirdim və məncə açılış mərasimini izləmiş hər bir kəs eyni hissləri yaşayıb, eyni şəkildə duyğulanıb. Əminəm! Bu torpağı özünə əziz bilən adam Azərbaycan adına düzənlənmiş o müthiş və tükürtədən tamaşaya soyuqqanlı yanaşa bilməzdi. Vallah o törən yaraşırdı bizə. Yaraşdıranlar sağ olsun!  
***
Hamı orada idi. Şeyx Nizami "Xəmsə”silə təşrif buyurmuşdu. Üzeyir bəy yanımızda oturmuşdu. "Koroğlu Uvertürası” gətirimişdi onu. Qara Qarayev qarşı tərəfdə idi, "İldırımlı yollar”la gəlmişdi. Tofiq Quliyev "Azərbaycan”ı, "Bakı”sı ilə orada idi. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski də yuxarı başda yer almışdılar, Alim Qasımovun  zənguləsi çağırmışdı onları. Qarabağ qazilərini də görünüzmü? Hamısı paralimpiyaçımız İlham Zəkiyevin qolundan tutumuşu, onun gözünün işığına çevrilmişdilər. İlham Zəkiyev seçimi kimin təşəbbüsüdürsə, mən həmin adamın qarşısında baş əyirəm. İlhamın arenaya gəlişi nə qədər təsirli idisə, bir o qədər də siyasi məna kəsb edirdi...  Erməni snayperinin gülləsinə tuş gələrək ağır yaralnmış və nəticədə görmə qabiliyyətini tamamilə itirmiş idmançımızın arenaya gəlişində dünyanın ədalətsiliyinə bir etiraz var idi. İlham çoxlarına od vurdu! Əlindəki təkcə məşəl deyildi, həm də snayper silahı idi. Onu gicgahından vurmuş düşmənə cavab atəşi açdı...
***
3 saatlıq tamaşada kimlər və nələr yox idi ki... Hər bir xırda elementin içində böyük məna, ciddi çağırışlar var idi. Tarixin dərinliklərindən süzülüb gəlmiş adət-ənələrimizin, çağdaşlığın, yaşam tərzimizin, mədəniyyətimizin, dosta sədaqətimizin şəklini dəqiqliklə çəkmişdilər. Bu tamaşa dünyaya səslənişimiz idi: Biz Ledi Qaqanı dinləyəcək, ona pərəstiş edəcək qədər avropalı və elə avropalıları "Sarı gəlin”lə, qavalla, sazla, müğamatla heyrətləndirəcək qədər ÖZÜMÜZÜK! 
***
Könüllülərin bu işə ürək qoyması da diqqətdən kənarda qalmamalıdır. İnanın, imkanım olsaydı 12 500 könüllünün hər birini bağrıma basardım, əllərindən öpərdim ki, Azərbaycanın adına şərəf gətirdilər, əzəb-əziyyətlə, gecə-gündüz bilmədən çalışmaq hesabına bir anın içindəcə Azərbaycan bayrağına çevrildilər. Allah o bayrağı bizə çox görməsin! Tanrı Azərbaycanı qorusun! 
Qızılları saymağa başlayın...
 
Nicat DAĞLAR 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi