Bəzi ekspertlərin «antiböhran proqramı» ideyası məqbul sayılmadı

 
«Təəssüfləndirici hal odur ki, bəzi işbazlar əhalinin panika vəziyyətinə düşməsinə maraq göstərir...»
 
Azərbaycanın valyuta gəlirləri əsasən neft-qaz satışından əldə edildiyi üçün dünya bazarında neftin qiymətinin oynaması bizi maraqlandırmaya bilməz. Düzdür, hökumət zəmanət verir ki, neft nə qədər ucuzlaşsa da, bu, ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək.
Ancaq nəzərə alsaq ki, ölkə iqtisadiyyatının böyük bir hissəsini elə neft sektoru təşkil edir, onda ehtiyatımızı da tutmalıyıq. 
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının manatın dollara görə məzənnəsinin ucuzlaşması ilə bağlı verdiyi qərar müxtəlif müzakirələrə səbəb olub. Bəziləri hesab edir ki, məlum qərardan sonra hökumət antiböhran tədbirlərini gücləndirməlidir. Həmçinin, antiböhran proqramı qəbul olunmalıdır. Onlar bunu onunla əsaslandırır ki, dolların bahalaşması onun iqtisadiyyatdakı çəkisini artıracaq. Bu zaman nəinki idxal və ixrac əməliyyatları, eləcə də ölkədaxili hesablaşmalar xarici valyutalara keçəcək. Pul-kredit siyasətinin, alqı-satqı əməliyyatlarının Amerika və Avropa valyutaları ilə aparılması manatın Cənubi Qafqazda etibarlı valyuta olmaq potensialına müsbət təsir etməyəcək. Müəyyən qiymət artımları özünü göstərəcək ki, bu da daha çox aztəminatlı ailələrin büdcəsinə təsir göstərəcək. Hesab olunur ki, hökumət antiböhran tədbirlərini elan etməli, çevik siyasət yürüdərək spekulyasiyaların qarşısını almalıdır və s. 
Bütün bunların fonunda hökumətin antiböhran proqramı qəbul etməsinə ehtiyac varmı? Sözügedən məsələ ilə bağlı «Bakı-Xəbər»ə açıqlama verən «Ekonomiks» Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov hesab edir ki, buna ehtiyac yoxdur. O bununla bağlı fikirlərini belə əsaslandırdı: «Fikrimcə, belə bir proqramın qəbul edilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, tələsmək lazım deyil. Çox güman ki, yaxın müddətdə bir çox mətləblər aydınlaşacaq. Təəssüfləndirici hal odur ki, bəzi işbazlar əhalinin panika vəziyyətinə düşməsinə maraq göstərir, qiymətləri süni şəkildə qaldıraraq bundan öz mənfəətləri üçün istifadə etməyə çalışır. Mən vətəndaşlarımızı təmkinli olmağa, təlaşa düşməməyə çağırıram. Ölkədə hansısa böhran vəziyyətinin yaranacağı tamamilə istisna olunur. Müəyyən narahatlıqları təbii qarşılayıram. Lakin yaranmış situasiyanı az qala «qiyamət» əlaməti kimi təqdim edənlərin küyünə getməyə ehtiyac yoxdur».



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi