«Neft Fondunun indiki itkiləri nisbidir» - Firkət Yusifov

 
"Rusiyadan Azərbaycana sürətli köç prosesi başlayacağına inanmıram”

"Dünya bazarında neftin qiyməti ətrafında yaranmış vəziyyət uzun müddət davam edə bilməz. Aydındır ki, prosesin arxasında konkret olaraq, böyük güclər dayanıb və əsas məqsəd Rusiyanın iqtisadi imkanlarına sarsıdıcı zərbə vurmaqdır.  Buna müəyyən dərcədə nail olmaq mümkün olsa da prosesi sonsuzluğa qədər  aparmaq real deyil”.

Bunu "Azerfax" saytına Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov neftin qiymətinin aşağı düşməsinin yaratdığı fəsadları şərh edərkən deyib. Onun sözlərinə görə, baş verənlərə rəğmən Rusiya ona qarşı sanksiyalara qoşulmuş ölkələrə əks təzyiq göstərmək imkanlarını özündə saxlayır: "Hesab etmək olmaz ki, Rusiya tamamilə aciz vəziyyətdədir. Rusiyanın da müəyyən gözləntiləri var. Onun qazla təmin etdiyi Avropa ölkələrinin davranışında dəyişiklik baş verə bilər. Yeri gəlmişkən, Avropadakı bir çox siyasi dairələr və xüsusilə Rusiya ilə iş birliyi olan böyük kompaniyalar bu sanksyalara qarşı etiraz edirlər. Elə bu səbəbdəndir ki, bəzi ölkələr Rusiyaya qarşı sanksiyalara könülsüz şəkildə qoşulurlar”.

Rusiya iqtisadiyyatında baş verən dəyişikliklərin orada yaşayan azərbaycanlılara hansı təsirlər gösrə biləcəyinə gəldikdə, BİAB sədri hesab edir ki, təsirlər olacaq, ancaq bu, bəzi ekspertlərin söylədikləri kimi fəlakətli nəticələrə gətirib çıxarmayacaq: "Əlbəttə, müəyyən təsirlər olacaq. Amma Rusiyadan Azərbaycana sürətli köç prosesi başlayacağına inanmıram. Doğrudur, orada xeyli insanlarımız yaşayır və heç də hamısının daimi fəliyyəti yoxdur. Daimi fəaliyyəti olan və illərlə iş qurmuş soydaşlarımızın Rusiyanı tərk edəcəyi heç də real deyil. Amma orada işini normal tənzimləməyən adamların bir qismi geriyə qayıda bilər. O ki qaldı onların Azərbaycana göndərdikləri vəsaitin həcminə, bəli, bu xüsusda bir qədər çətinliklər yarana bilər. Ailəsinə 1000 dollar pul göndərmək istəyən bir azərbaycanlı, əvvəllər bu pulu 32 min rubla əldə edirdisə, indi bu qədər dollar almaq üçün 50 min rubl xərcləməlidir. Əlbəttə, aylıq gəlirlərini həm də Rusiyadan göndərilən vəsaitlə formalaşdıran ailələr bir müddət qənaət rejiminə keçməli olacaqlar. Bu vəziyyət bir müddətdən sonar nizama düşəcək”.

İqtisadçı-alim Dövlət Neft Fondunun sanksiyalara məruz qalmış "VTB” Bankın 3 faizə yaxın səhmlərinə malik olması faktının arzuolunmaz nəticələr vəd etdiyinə dair iddialara da münasibət bildirib.  Neft Fondunun Rusiyada daşınmaz əmlaka da yatırım qoyduğunu qeyd edən F.Yusifov bunun hansısa ciddi fəsadları olacağı barədə fikirlərin əsassız olduğunu deyib: "Hər bir investisiya yatrımının bazarda riskləri var. Nə qədər sığortalasan da, hər an fors-major durumlar meydana çıxa bilir. Əlbəttə, Neft Fondunun indiki itkiləri nisbidir. Yəni rublun dollara nisbətdə dəyərdən düşməsi nəticəsində yaranmış zərər ola bilər. Sabah rublun məzənnəsi yüksələn kimi Neft Fondunun oradaki səhmlərinin və daşınmaz əmlakının qiyməti də bahalaşacaq.  "VTB” Bankın səhmlərindən imtina olunması barədə fikirlərə də rast gəlirəm. Bu, doğru addım olmaz.  Bunun tək iqtisadi tərəfləri deyil, eyni zamanda, siyasi tərəfləri də var. Əslində burada elə də böyük  yatrım yoxdur ki, ciddi narahatlıq yaşayaq”.

Sanksiyaya məruz qalmış "Rosneft”lə Azərbaycan Dövlət Neft Şirkəti arasında birgə müəssisə yaradılması ilə bağlı sazişdən danışan BİAB sədri anlaşmanın Azərbaycan üçün ziyanlı tərəfləri ola biləcəyini gözləmir:"Dövlət Neft Şirkəti üçün nə fərqi var ki, neftin mənbədən çıxarılmasında hansı şirkət, kampaniya iştirak edir. Qərbin hansısa təzyiqlərinin ola biləcəyini deyirlər. Sanksiyalardan sonra da Rusiya ilə ticarət əlaqələrimizi davam etdiririk və bu vaxta qədər  Qərbin hansısa təzyiqini hiss etməmişəm”.

Azərbaycanın qeyri-neft büdcəsinin Cürcüstanın büdcəsilə barəbər olduğu barədə iddialara toxunan BİAB sədri bu yanaşmanın kökündən yalnış olduğunu bildirib: "Gürcüstanın büdcəsi 4 milyard dollar həddindədir. Azərbaycanın büdcəsi isə 25 milyard dollar yaxındır.  Deyək ki, bəzi ekspertlərin tez-tez mətbuatda səsləndirdikləri kimi bu məbləğin təxminən 16 milyardı neftdən birbaşa və dolayi yolla daxilolmalardır. Belə olan halda neftsiz budcəmiz 9 milyard dollar həddində qalır ki, bu da Gürcüstanın büdcəsindən 2,3 dəfə çoxdur. Halbuki, sovet dövründə biz büdcə gəlirləri və xərclərində həmişə Gürcüstandan geri qalmışıq. Yalnız bir il onlara çatmışıq, o da sovet hökümətinin dağılması son illərində olub və elə növbəti il onlar bizi yenə də xeyli geridə qoyublar. 23 il ərzində qonşu dövlətin büdcəsini 2,3 dəfədən artıq keçə bilmişiksə, bu real inkişafın göstəricisidir. Biz neft ölkəsiyik və bu sərvətin iqtisadi siyasətimizdə əsas faktor olması təbii qarşılanmalıdır. Neft bizim Tanrıdan olan qazancımızdır və ondan dövlətimizi gücləndirmək, onun iqtisadi qüdrətini möhkəmləndirmək üçün istifadə etməliyik.  İstifadə etməyib neyləməliyik? Torpağın altında saxlamalıydıq? Dünya alterantiv enerji üzərində baş sındırır. Artıq ortata konkret nəticlələr var və bu gedişlə dünya iqtisadiyyatının neftə olan ehtiyacı minimuma enəcək”.



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi