Fikrət Yusifov: İlham Əliyev seçkilərə son 15 ildə qazanılmış siyasi və iqtisadi uğurlarla gedir

"Bu gün bizə qarşı ən radikal mövqedə dayanan erməni siyasətçiləri belə Xocalı qatili Serj Sarkisyana

"İlham Əliyev dedi və elədi, bəs sən nə edirsən?”, deyərək onu aşağılayır və Azərbaycanla hesablaşmağa çağırırlar”

Sabiq maliyyə naziri Fikrət Yusifov məqalə ilə çıxış edib. Həmin məqaləni dərc etmək üçün musavat.com-a eksklüziv hüquq verib. 

Bu gün Azərbaycanın son 15 ildə qazandığı uğurlardan bütün dünya danışır.

Bu uğurlar İlham Əliyevin siyasi iradəsinin təntənəsidir, onların əldə edilməsi yolunda o sadəcə olaraq bir Prezident kimi gərgin əməklə çalışmayıb. Bir çox məsələlərin uğurlu həlli yolunda bəzən heç kimin öncədən düşünə bilmədiyi bir səviyyədə qətiyyət nümayiş etdirib. Düşünülmüş xarici və daxili siyasətin bu şəkildə həyata keçirilməsi son 15 il ərzində Azərbaycanı tək Cənubi Qafqazda deyil, qərblə şərqin, şimalla cənubun qovuşduğu böyük bir regionda ən nüfuzlu bir dövlətə çevirə bilib. Azərbaycanın qısa zaman ərzində bu qədər qüdrətli bir dövlətə çevrilməsi onu özündən asılı vəziyyətdə görmək istəyənlərin arzularını gözlərində qoydu. Bu gün Azərbaycan güclü iqtisadiyyata, kifayət qədər dayanaqlı sosial duruma malik dövlət kimi vaxtılə bir məkanda olduğu ölkələrin çoxlarına nümunədir. Heç də əbəs deyil ki, Beynəlxalq təşkilatlarının müəyyən etdikləri bir çox reytinqlərdə Azərbaycan nəinki, MDB ölkələrini bir qayda olaraq qabaqlayır, o hətta son illərdə əldə etdiyi uğurlarla dünyanın bir çox inkişaf etmiş ölkələrini də geridə qoymağı bacarıb. Bu uğurların sahibi olan bir dövlət və onun qətiyyətli Prezidenti heç şübhəsiz beynəlxalq siyasi müstəvidə özünü tam müstəqil aparır. Bu haqqa Azərbaycan bir dövlət olaraq son 25 ildə getdiyi doğru yolla yiyələndi. Ötən 15 il ərzində isə cənab prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu sahədə Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxartdı.

Son 15 il ərzində prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatlar ölkə həyatının elə bir sahəsi yoxdur ki, onu əhatə etməsin. Bu islahatlar paytaxt Bakı şəhəri daxil, Azərbaycanın digər şəhərlərinin, rayonlarının, qəsəbələrinin və hətta ucqar kəndlərinin simasını kökündən dəyişdirə bildi. On beş il bundan öncəki Bakı sanki tamamilə yenidən qurulub və bu gün öz əzəməti ilə seçilərək, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Elə bunun nəticəsidir ki, indi Azərbaycan və onun paytaxtı Bakı Beynəlxalq tədbirlərin uğurla keçirilə bildiyi bir məkan kimi bütün dünyada tanınır. Bu tədbirlərin Azərbaycanda keçirilə bilməsinin əsas səbəblərindən biri də ölkəmizin bütün dünyaya nümunə ola biləcək ictimai-siyasi sabitlik adasına çevrilməsidir. Bir ölkənin bu səviyyədə quruculuq işləri apara bilməsi və ictimai-siyasi sabitliyin nümunəsinə çevrilə bilməsi üçün onun güclü iqtisadiyyatının olması gərək idi. İlham Əliyev 2003-cü ilin sonunda ölkə prezidenti seçildiyi ilk gündən bunun belə olduğunu hər kəsdən daha yaxşı dəyərləndirə bildi. O eyni zamanda neft ölkəsi olan Azərbaycanda iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasının strategiyasını müəyyənləşdirdi. Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur”, deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafı ona münbit fəaliyyət meydanı yaradılacağı halda mümkün idi. Bunun vacibliyini dəyərləndirən dövlət başçısı 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Dövlət başçısının rəhbərliyi ilə görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı. 

2014-cü ilin ikinci yarısından etibarən heç kimin gözləmədiyi halda dünya bazarlarında neftin qiymətləri kəskin şəkildə aşağı düşməyə başladı. Neft gəlirlərinin qısa zaman kəsiyində belə azalması ölkə iqtisadiyyatının yenidən qurulması və onun qeyri-neft sektoruna davamlı şəkildə transformasiya olunması sahəsində bəzi problemlər yaratdı. Neftin qiymətləri ətrafında gedən siyasi oyunlar vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.

Qiymətlər ətrafında baş verən bu proseslərin nə qədər davam edəcəyini müəyyənləşdirmək çətin idi və elə bu səbəbdən də Azərbaycan Prezidenti cənab İlham Əliyev gözləmə mövqeyinə qətiyyətlə yox deyərək ölkədə post-neft dövrünün başlandığını rəsmi şəkildə elan etdi. Yeni dövr düşünülmüş iqtisadi siyasətlə, praktik olaraq yeni iqtisadi modellə idarə olunmağa başlandı. 2015-ci ilin son aylarından ölkədə azad sahibkarlığın inkişafını təmin edən və ona hər yerdə yaşıl işıq yandıran mühüm qərarlar qəbul edildi. Azərbaycan iqtisadiyyatının bütün istiqamətlər üzrə hərtərəfli inkişafını nəzərdə tutan Strateji Yol xəritələri təsdiq olundu. Bu sənədlərin işlənib hazırlanmasında yerli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq təcrübədən geniş istifadə edildi və bu işə dünyanın aparıcı mütəxəssisləri cəlb olundu.

Bu gün prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynamağa başlayır.

Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində dünənə qədər Azərbaycana möhkəm valyuta gətirə biləcək pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İndi Azərbaycan hökuməti qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların "Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində ciddi işlər görür. Dünyanın aparıcı ölkələrində Azərbaycanın ticarət evləri yaradılır və Azərbaycan brendi olan məhsulların yeni bazarları müəyyənləşdirilir.

Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. Azərbaycanın dünyaya daha yaxından tanıdılması məqsədilə atılan addımların önəmi çox böyükdür. Bu istiqamətdə ilk addım kimi Bakıda keçirilən "Eurovision” mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb edə bildi. Bunun ardınca ölkəmizdə bir- birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, 2015-ci ildə bütün dünyanı heyran edən birinci Avropa Oyunlarının, ötən ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır. 

İndi ölkəmizin hər yerində, xüsusilə də Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.


İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən böyük Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Bakı-Tiflis-Qars dəmir yolu yola saldığımız ötən ildə istifadəyə verildi, Beynəlxalq Ticarət Limanının bir hissəsinin açılışı oldu, Şimal–Cənub ticarət dəhlizinin isə bu günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. Bu layihələrin icrası Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar dəhlizinə çevirməklə Azərbaycan üzərindən milyonlarla ton yüklərin daşınmasına şərait yaratdı. Böyük həcmdə daşınacaq yüklər hesabına ölkəmizə milyardlarla dollar valyuta axınını təmin ediləcək.

Prezidentin iradəsi ilə ərsəyə gələn və bütün dünyanın diqqət mərkəzində olan ən böyük transmilli layihələrdən biri də "Cənub” qaz dəhlizi layihəsidir. Bu layihə Prezident İlham Əliyevin şah əsəridir və onun ərsəyə gəlməsi bilavasitə Azərbaycan Prezidentinin iradəsi və qətiyyəti nəticəsində mümkün oldu. Layihənin reallaşdırılması ilə bağlı yaradılan çətinliklərə və təzyiqlərə baxmayaraq İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürərək 11 şirkətin, yeddi hökumətin və 11 topdan qaz alıcısının sıx əməkdaşlığını təmin edə bildi. Uzun illər boyu qaz təchizatının şaxələndirilməsini arzulayan Avropa dövlətlərinin bu istəyini məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev reallaşdırdı. Bu, ABŞ-ın böyük dəstəyi ilə ərsəyə gələn əsrin ən nəhəng enerji layihəsidir.

Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi bu uğurlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan iqtisadi cəhətdən tənəzzül içərisində boğulan, öz iqtisadi və siyasi müstəqilliyini itirən, əhalisi səfalət üzündən kütləvi şəkildə immiqrasiya edən Ermənistana acizlik məngənəsində çabalayan və bundan sonra nə edəcəyini bilməyən bir dövlət kimi baxır.

Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq Ali Baş Komandan İlham Əliyevin bir göstərişi ilə işğal altındakı torpaqları bir neçə gün ərzində azad etmək iqtidarındadır. Lakin biz həmişə sülh tərəfdarı olmuşuq. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun hərbi uğurları çox mətləblərə aydınlıq gətirdi. Bu gün Ermənistan mətbuatında bizə qarşı ən radikal mövqedə dayanan erməni siyasətçiləri belə Xocalı qatili Serj Sarkisyana "İlham Əliyev dedi və elədi, bəs sən nə edirsən?” deyərək onu aşağılayır və Azərbaycanla hesablaşmağa çağırırlar. Çünki az- çox ağlı başında olan bu siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan kimi güclü və qüdrətli bir dövlətlə hesablaşmamaq artıq onların sonunu yaxınlaşdırır. İlham Əliyevin rəhbərliyi altında yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, əlli milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil!

İlham Əliyev Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırdı. Son 15 il ərzində onun rəhbərliyi altında yaşayıb -yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin, Şimalla Cənubun qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir. Belə uğur Heydər Əliyev siyasi və iqtisadi kursunun layiqli davamçısı İlham Əliyevin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyev İlham Əliyev haqqında "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” demişdi. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi.

Sonda. Bu kiçik təhlilimizdə İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında son 15 ildə görülən işlərin bir qismini işıqlandırdıq. Əslində bundan daha çox işlər görülüb. Dövlətçiliyin formalaşması və möhkəmlənməsi üçün çox qısa bir zaman hesab olunan 15 il bəs etdi ki, İlham Əliyev Azərbaycanı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirsin. Və o bunu çox böyük ustalıqla edə bildi. İlham Əliyev növbəti prezident seçkilərinə gedərkən seçki tərəzisinin ona aid gözünə bax bu hesabatı qoyacaq 

– Ona kim rəqib olmaq istəyir? Nostalji hisslərlə yaşayıb 10 milyonluq əhalisi olan bir ölkədə 10 min adamı bir araya gətirib mitinq keçirə bilməyənlərmi? Özünü İlham Əliyevə rəqib görmək istəyənlər bu sualın cavabını axtarsınlar...

Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor, sabiq mailyyə naziri
 



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi