Neftin qiyməti qalxır

Neçə müddətdir ki, neftin qiyməti qalxır. Hazırda dünya bazarında "Brent” markalı neftin bir barreli 69,10 dollara, "WTT” markalı neftin bir barreli 63,50 "Azeri Light” markalı neftin bir barreli isə 71,25 dollara satılır. Bu artım uzunmüddətli və davamlı ola bilərmi? Ümumiyyətlə, neftin qiymətləri ətrafında nələr baş verir? Bu suallarla iqtisadçı ekspert, professor Fikrət Yusifova müraciət etdik. O dedi:


 

–Son aylar ərzində neftin qiymətlərində baş verən artımı bilavasitə dünya iqtisadiyyatında baş verən pozitiv dəyişikliklərlə bağlamaq düzgün deyil. Burada əsas rol oynayan iki fərqli proseslər var. Birincisi, dünyanın ayrı-ayrı yerlərində baş verən və bu qiymətlərə müəyyən qədər təsir göstərə bilən lokal hadisələrdir. Şimal dənizindən gündəlik 450 min barrel neft nəql edən Forties neft boru kəmərinin təmirə dayandırılması, Amerika Birləşmiş Ştatlarında netf ehtiyatlarının həcminin azalmasına dair məlumatlar, İraqda kürd muxtariyyatıın yaradılması ilə bağlı keçirilmiş referendumdan sonra baş vermiş hərbi qarşıdurma, Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdləri, İranda baş verən son çaxnaşmalar neftin qiymətlərinin yüksəlməsinə təsir edən lokal amillər sırasındadır.


Bəs qiymətlərə bilavasitə təsir edən əsas faktorlar hansılardır? Bu sırada əsas yeri neftin qiymətlərinin yüksəlişinə OPEK-ə üzv olan ölkələrin 11 neft hasil edən, lakin OPEK-ə üzv olmayan digər ölkələrlə birgə qəbul etdiyi qərar tutur. Həmin qərara əsasən sutka ərzində neft hasilatı 1,8 milyon barrel azaldılıb. 2016-cı ilin yanvar ayında qəbul edilmiş bu qərarın müddətinin əvvəlcə 2018-ci ilin aprel ayına qədər, ötən ilin noyabrında isə 1 yanvar 2019-cu ilə qədər uzadılması OPEK və ona dəstək verən 11 ölkənin məramının ciddi olmasından xəbər verir və bu addım bazarda neftin qiymətlərinin yüksəlməsinə yaxşı zəmin yaradır.


Bu il neftin qiymətlərinə əhəmiyyətli təsir edə biləcək başlıca amil Amerika Birləşmiş Ştatlarında qeyri-ənənəvi üsulla çıxarılan şist neftin hasilatının artırılması ola bilər. "Qara qızıl”ın bir barrelinin 110-115 dollar olduğu 2014-cü ildə ABŞ-da bir barrel şist neftin maya dəyəri 85 dollar ətrafında idi. Qiymətlər aşağı düşməyə başladıqda şist neft istehsalçıları onun hasilatını azaldaraq xərclərini optimallaşdırmaq istiqamətində ciddi addımlar atmağa başladılar. Yeni texnologiyaların işlənib hazırlanmasına qoyulan investisiyalar ən qısa zamanda özünü doğrultdu. Daha doğrusu, yeni texnologiyaların tətbiqi şist neftin 1 barrelinin maya dəyərinin 3 dəfədən də çox aşağı salınmasına imkan verdi və nəticədə şist neftin maya dəyəri ənənəvi üsulla çıxarılan neftin maya dəyərinə yaxınlaşdı.


Bu səbəbdən indi dünya neft bazarındakı qiymətlərə ciddi təsir edə biləcək əsas amil ABŞ-da şist neftin hasilatının artırılması istiqamətində atılan addımlar hesab olunur. Təkcə Şevron şirkəti 2018-ci ildə şist neft hasilatının artırılması işlərinə 4 milyard dollar investisiya qoymağı planlaşdırır. Bu investisiyalar hesabına 2018-ci ildə gündəlik neft hasilatının 400 min barrel artımı gözlənilir. 2020-ci ilə qədər həmin rəqəmin 1,4 milyon barrelə çatdırılması nəzərdə tutulur.


Neftin qiymətləri ətrafında baş verən bu proseslər, qiymətlərə təsir edən lokal və digər amillər aradan qalxacağı təqdirdə ucuzlaşma prosesi qaçılmaz olacaq. Ekspertlərin fikrincə, 2018-ci ildə neftin qiyməti hətta 40 dollara da düşə bilər.

Söhbəti qələmə aldı:

Əlipənah BAYRAMOV,

"Xalq qəzeti”



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi