Ölkəmizi qarşıda böyük iqtisadi nailiyyətlər gözləyir

"Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək”.


Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Təməli 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü ildən etibarən ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun siyasi cəhətdən ən nüfuzlu, iqtisadi cəhətdən isə ən qüdrətli dövlətlərindən birinə çevrilib.

Azərbaycan hökuməti yola saldığımız ildə dünya iqtisadi müstəvisində baş verən və bizdən də yan keçməyən iqtisadi böhranın yaratdığı bütün mənfi təsirlərin aradan qaldırılmasına nail ola bildi. Bu, çox böyük uğurdur və belə qısa müddətdə iqtisadiyyatda dediyimiz səbəbdən yaranmış geriliyi əsaslı şəkildə aradan qaldırmaq praktikası çox az rast gəlinən haldır. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bilavasitə atdığı qətiyyətli addımlar nəticəsində ötən ildə nəinki bu geriliklər aradan qaldırıldı, ümumilikdə il pozitiv nəticələrlə yekunlaşdı.

Yola saldığımız ilin dönüş ili olacağını cənab Prezident dəfələrlə bəyan etmişdi. Belə də oldu – 2017-ci il tarixə dönüş ili kimi düşdü. Bunun belə olduğunu dünyanın ən mötəbər beynəlxalq maliyyə institutları da birmənalı şəkildə təsdiq etdilər. Azərbaycan yola saldığımız ildə nəinki iqtisadi geriliyi aradan qaldırmağa nail oldu, həmçinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə iki pillə irəliləyərək il ərzində əldə etdiyi uğurlara, necə deyərlər, beynəlxalq səviyyədə möhür vurdu.

Keçən il "Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması və Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi və siyasi həyatında baş vermiş iki ən mühüm hadisədir. Heç şübhəsiz, Azərbaycan iqtisadiyyatının bundan sonrakı illərdə daha sürətli inkişafında bu iki layihə misilsiz rol oynayacaq.

2017-ci ildə ölkə iqtisadiyyatının bütövlükdə pozitiv nəticə ilə yekunlaşması, qeyri-neft sektorunda 2,5 faiz, o cümlədən, qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artımın əldə olunması, ixracın 19 faiz, qeyri-neft ixracımızın isə 24 faiz artması, ticarət balansımızın müsbət saldosunun 6,2 milyard dollara çatması, valyuta ehtiyatlarımızın isə 4,5 milyard dollar artımı iqtisadiyyatda baş vermiş ciddi dönüşü əsaslı şəkildə xarakterizə edə bilən mühüm göstəricilərdir. İqtisadiyyat öz durumunu həmişə rəqəmlərin dili ilə təqdim edir. Bu təqdimatda isə əlavə izaha ehtiyac qalmır. Yola saldığımız il həqiqətən əsaslı dönüş ili oldu.

Sadalanan göstəricilər iqtisadiyyatın ümumi durumunu xarakterizə edir. Əldə edilən uğurlar yola saldığımız ildə yerli və transmilli infrastruktur layihələrinin icrasını və ölkə əhalisinin sosial durumunun yaxşılaşdırılmasını nəzərdə tutan proqramların yüksək səviyyədə icra olunduğunu göstərir. "Cənub” Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, Şimal – Cənub nəqliyyat dəhlizi üzrə işlərin tam başa çatdırılması, ölkə daxilində 1300 kilometrə yaxın avtomobil yollarının salınması, 133 yeni məktəb binasının tikilməsi, 14 məktəbin əsaslı təmiri, 500-ə yaxın məktəbdə isə cari təmir işlərinin başa çatdırılması, 30 tibb müəssisəsinin əsaslı təmiri, iki Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi, 2300 məcburi köçkün ailəəsinə yeni mənzillərin verilməsi, Cocuq Mərcanlı kəndində 150 evdən ibarət gözəl qəsəbənin salınması, ordumuzun gücləndirilməsi istiqamətində zəruri addımların atılması müstəsna olaraq, iqtisadi sahədə əldə olunmuş uğurların nəticəsidir.

Ötən il əldə olunmuş bu yüksək nəticələr 2018-ci ildə daha böyük iqtisadi uğurlara imza atmaq üçün yaxşı zəmin yaradıb. Bu il iqtisadiyyatımızın daha sürətli inkişafı ili olacaqdır. Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən ölkə Prezidenti cari il üçün öz nikbin baxışlarını belə ifadə etdi: "Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.

Bəs konkret olaraq cari ildə hansı işlərin görülməsi nəzərdə tutulur? İlk öncə iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı diqqət mərkəzində olacaq və Azərbaycan iqtisadiyyatının real sektora transformasiya edilməsi sahəsində işlər sürətlə davam etdiriləcəkdir. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı, Sumqayıt Kimya Sənaye Parkında üç müəssisənin istifadəyə verilməsi, on yeni xalça fabrikinin açılışı, iki min kilometrə yaxın avtomobil yollarının çəkilməsi, ötən illə müqayisədə barama istehsalının iki dəfəyə qədər artırılması, pambıqçılığın, fındıqçılığın, tütünçülüyün daha sürətli inkişafı və digər çox mühüm işlər məhz 2018-ci ildə icra olunacaqdır.

Cari ildə Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsi, yerli məhsulların xarici bazarlarda daha geniş şəkildə təqdim olunması, qeyri-neft sektorundan ixracın həcminin daha da artırılması istiqamətində işlər daha intensiv xarakter alacaqdır. İşsizliyin aradan qaldırılması, özünüməşğulluq proqramının uğurla icra edilməsi, ən azından 20 min köçkünün yeni mənzillərlə təmin olunması, 137 modul tipli məktəbin tikintisi, Bakı şəhərində isə 12 məktəbin əsaslı təmiri, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi və digər sosial tədbirlərin reallaşdırılması da bu ildə baş verəcəkdir.

Bir sözlə, 2018-ci ildə Azərbaycan daha böyük iqtisadi uğurlara imza atacaqdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor




 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi