2017-ci il dərin və köklü iqtisadi islahatlar ili kimi tarixə düşdü

"Əlbəttə ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir”.

Bu sözləri ölkə Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir.  Azərbaycan iqtisadiyyatının mövcud durumuna və aparılan islahatlara verilən ən obyektiv qiymət də məhz bu fikirlərdə öz əksini tapır.

 Dünya iqtisadiyyatının zəiflədiyi və böhran yaşadığı son illərdə Azərbaycan iqtisadiyyatı güclü və rəqabətqabiliyyətli olduğunu dəfələrlə sübut edə bildi. Bir neft ölkəsi kimi neftin qiymətlərinin kəskin ucuzlaşması səbəbindən yaşanan maliyyə çətinlikləri də ciddi islahatlar yolunu tutan iqtisadiyyatımızı sarsıda bilmədi. Əksinə, yaranmış durum bu islahatların daha da dərinləşdirilməsinə və sürətləndirilməsinə yeni yol açdı və bu yolun müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyev oldu.

2015-ci ilin sonlarından onun bilavasitə təşəbbüsü və rəhbərliyi altında aparılan  iqtisadi islahatlar  iqtisadiyyatın real sektora uğurlu transformasiyasını hədəfləyən yeni iqtisadi islahat modelidir. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə institutları – Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda aparılan iqtisadi islahatlara yüksək qiymət verərək, burada aparılan islahatları hərtərəfli dəstəkləməyə hazır olduqlarını bəyan etdilər.

Yola saldığımız 2017-ci ildə Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları əsasında ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında daha iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlməyi və bu göstəriciyə görə dünyanın hər 4 ölkləsindən 3-nü üstələməyi bacardı. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabətqabiliyyəti indeksinə görə Azərbaycandan geridə qaldılar. Hazırda Azərbaycan bu vacib göstəriciyə görə MDB məkanında liderdir.

Neftin qiymətlərində baş verən kəskin azalmaların yaratdığı çətinlikləri nizamlamaq, 2016-cı ildə bu səbəbdən yaranmış iqtisadi geriləməni qabaqlamaq və Azərbaycanın yenidən dünyanın ən sürətlə inkişaf edən ölkələrinin sırasına qoşulmasını təmin etmək üçün 2017-ci il əsas dönüş ili oldu.

Ötən  ilin dekabr ayının 21-də Bakıda keçirilən "2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində  çıxışı zamanı ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda aparılan iqtisadi islahatları və iqtisadiyyatın hazırkı durumunu belə qiymətləndirdi: "Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır”.

Son on ildə dünyada davam edən və əsasən də siyasi motivlərlə müşayiət olunan iqtisadi tənəzzül şəraitində Azərbaycan hökuməti iqtisadiyyatın sürətli inkişaf yolunu seçərək ölkənin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail oldu. Bu dövr ərzində ümumi daxili məhsulun həcmi 2,3 dəfə, büdcə gəlirləri isə 2,9 dəfə artırıldı. Böyük neft pullarının daxil olduğu bu dönəmdə  nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafına meydan açan əlverişli şərait yaradıldı. Demək olar ki, bütün bölgələrdə enerji, su, qaz təminatı sahəsində problemlər aradan qaldırıldı. Bununla da Azərbaycan xarici kapitalın cəlb edilməsi, azad sahibkarlığın və biznesin inkişafı üçün cəlbedici bir bölgəyə çevrildi. Bütün bu hazırlıq işləri Azərbaycan iqtisadiyyatının real sektora daha sürətlə transformasiya edilməsini hədəfləyirdi.

Lakin bu nəhəng infrastruktur layihələrinin reallaşdırılması başa çatan məqamlarda dünya düzənində baş verən siyasi çəkişmələr fonunda neftin qiymətləri sürətlə aşağı düşməyə başladı. İqtisadi reallıqlarla uzlaşmayan bu proses ölkəmiz üçün də müəyyən maliyyə çətinlikləri yaratdı, valyuta gəlirlərimiz azalmağa başladı. Yaranmış vəziyyətdən yeganə çıxış yolu real sektorun sürətli inkişafını təmin edə biləcək qətiyyətli addımların  atılması idi və ölkə Prezidenti cənab İlham Əliyev bu addımları atdı.

2015-ci ilin sonlarından başlayaraq cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında iqtisadiyyatın real sektora transformasiya edilməsinə start verildi. Qısa bir müddətdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafına mane olan bütün neqativ halların aradan qaldırılması, rüşvət və korrupsiyaya qarşı mübarizəni özündə əks etdirən vacib sənədlər hazırlandı. Bir neçə ay ərzində real sektorda inqilabi dəyişiklikləri hədəfləyən onlarca qərar və sərəncamlar qəbul olundu. Nəhayət,  Azərbaycan iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını özündə əks etdirən Strateji Yol Xəritələri təsdiq edildi.

Neftin qiymətlərinin kəskin şəkildə azalmağa başladığı 2014-cü ilin ortalarından başlayaraq iqtisadiyyatda müəyyən geriləmələr özünün pik həddinə 2016-cı ildə çatdı. Lakin 2015-ci ilin ikinci yarısından start verilmiş inqilabi xarakterli islahatlar yola saldığımız 2017-ci ildə bu geriləmənin tamamilə aradan qaldırılmasına və növbəti illərdə  sıçrayışlı iqtisadi inkişafa real zəmin yaratdı. Bir sözlə, son iki ildə neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsi üzündən ümumi daxili məhsulda müəyyən azalmalar qeydə alınsa da, qeyri-neft sektorunun sürətli inkişafı  yola saldığımız ildə bütün iqtisadi geriləmələri aradan qaldırmağa imkan verdi.

Ölkə Prezidenti İlham Əliyev yola saldığımız ilin iqtisadi nəticələrini belə xarakterizə etmişdir: "Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir”.

Ötən ilin yekunlarının ilkin nəticələri son iki ildə aparılan iqtisadi islahatların nə qədər səmərəli olduğunu açıq-aydın göstərir.  Bu dövrdə real sektorda 2 faizdən çox, qeyri-neft sənayesində 3 faizdən çox, kənd təsərrüfatında 4 faiz artımın əldə olunması, ixracın idxalı 2 milyard dollardan artıq üstələməsi, valyuta ehtiyatlarımızın 4,5 milyard dollar  artması ölkədə aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. Azərbaycan yenidən iqtisadi inkişaf templərinə görə liderlik etmək iddiasındadır. Lakin indi o, bunu neftdən və qazdan asılı olmayan real sektorun hesabına etməyi hədəfləyir.

Bütün bu reallıqlar Azərbaycan iqtisadiyyatının hazırkı durumunu qara rəngdə görmək istəyənlərə tutarlı cavabdır. Beynəlxalq iqtisadi müstəvidə baş verən tənəzzülün bizdən də yan keçməməsi və onun yaratdığı müəyyən çətinliklər son iki ildə qeyri-neft sektorunun sürətli inkişafı hesabına artıq arxada qalıb.

Ötən il Azərbaycanın iqtisadi həyatında iki böyük tarixi hadisə ilə yadda qaldı. "Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanda ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafında və iqtisadiyyatın bütövlükdə real sektora transformasiya olunmasında mühüm rol oynayacaqdır. Bu müqavilənin birinci dövründə onun Azərbaycan iqtisadiyyatına verdiyi dividendlər kifayət qədər böyük oldu. Azərbaycan neft pullarının daxil olduğu bu dönəmlərdə dəyəri milyardlarla manat olan iri infrastruktur layihələrinə imza atmaqla, ölkənin ən vacib problemlərinin yüksək səviyyədə həllinə nail ola bildi. Bu gün Azərbaycanın bütün bölgələrində işıq, qaz, su problemi demək olar ki, yox dərəcəsindədir. Minlərlə kilometr yeni, müasir yolların salınması, Bakı şəhərində yol infrastrukturunun yenidən qurulması, ölkənin bölgələrində və paytaxtda nəqliyyatın hərəkəti sahəsindəki çətinliklərin tamamilə aradan qaldırılması mühüm hadisədir. Aqrar sektorun su təchizatının təmin edilməsi məqsədilə tikilən yeni su anbarları on min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə şərait yaratdı.

İkinci böyük və tarixi hadisə  Bakı – Tbilisi – Qars dəmir yolunun açılışıdır. Bu dəmir yolu Cənubi Qafqazı Türkiyə vasitəsilə Avropaya birləşdirəcək nəhəng layihənin tərkib hissəsidir. Bu gün Türkiyənin Bosfor boğazından suyun altı ilə çəkdiyi və İstanbulun Asiya hissəsi ilə Avropa hissəsini birləşdirən 13,6 kilometrlik tunel artıq Asiya və Avropa dəmir yolları şəbəkəsinin birləşdirilməsini təmin edir. Gələcəkdə Qarsdan çəkiləcək dəmir yolu vasitəsilə Naxçıvanın da birbaşa bu şəbəkəyə birləşdirilməsi baş verəcək və bununla da Naxçıvanın dəmir yolu blokadasına son qoyulacaqdır. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu sözün əsl mənasında strateji əhəmiyyətli tarixi bir layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir.

 Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Əgər bu yolla birinci mərhələdə daşınacaq 5 milyon ton yük hesabına Azərbaycan 50 milyon ABŞ dolları səviyyəsində gəlir əldə edə biləcəksə, onda sonrakı mərhələlərdə yükdaşımaların həcminin 17 milyon tona və daha çox artırılması hesabına onun nə qədər gəlir gətirəcəyini hesablamaq çətin deyil. Əgər bu yolla ildə üç milyondan artıq sərnişin daşınmasını da əlavə etsək, o halda layihənin iqtisadi səmərəsinin ölçüləri kifayət qədər yüksək olacaqdır.

Bu layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan olduqca önəmlidir. Yolun istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılması və çoxlu sayda insanın sosial problemlərinin həlli deməkdir. Bu layihə həm də Azərbaycan iqtisadiyyatının diversifikasiya olunması istiqamətində hökumətin proqnozlaşdırdığı addımların reallaşdırılması sahəsində əldə edilmiş yeni bir uğur kimi də dəyərləndirilməlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə öz yüklərini Azərbaycan üzərindən Qərbə çatdırmağı arzu edən ölkələrin istəkləri də reallaşmış oldu. Bu sırada təbii ki, "ümumdünya fabrikası” rolunu oynayan Çin başda dayanır. Okeanlar və dənizlər vasitəsilə az qala dünyanın yarısını dolaşmaqla yüklərini qərbə çatdıran Çin və Şərqi Asiyanın digər ölkələri üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi bir fürsətdir və onların bu fürsətdən maksimum yararlanmağa çalışacaqları heç bir şübhə doğurmur. Dünya ticarətinin ən böyük tələblərindən biri malların və məhsulların satış müddətini qısaltmaq hesabına vəsaitlərin dövriyyəsini sürətləndirməkdən ibarətdir. Bu dövriyə nə qədər tez başa çatırsa, həm istehsalçılar, həm də ticarətlə məşğul olan iş adamları bir o qədər çox mənfəət əldə etmiş olurlar. İndi bu şansı onlara Azərbaycan üzərindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə bərpa olunmuş qədim İpək Yolu verəcəkdir.

Artıq Çin başda olmaqla digər Asiya ölkələri bu xətt vasitəsilə yüklərin ölkəmiz üzərindən daşınması üçün Azərbaycanla danışıqlara başlayıblar. BTQ dəmir yolunun verdiyi imkanlardan yararlanan tərəflər Çindən çıxan yükləri Qazaxıstan və Türkmənistan üzərindən, Xəzər dənizinin Ələt bölgəsində yeni salınmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizindəki limanlarına çıxara biləcəklər. Çindən Avropaya gedən bütün dəmir yolları indiyə qədər Rusiyadan keçməklə kifayət qədər uzun məsafə qət edirdi. Bakı-Tbilisi-Qars dəmir yolu Rusiyadan keçən alternativ dəmir yolundan 7 min kilometr qısadır. Bu yol əslində Pekindən Londona qədər böyük bir coğrafiyanı birləşdirəcək və regionda alternativi olmayan bir yola çevriləcək.

Vaxtilə bu layihənin reallaşmasının mümkünsüzlüyünə öz xalqını inandırmağa çalışan Ermənistanın siyasi rəhbərliyi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə növbəti siyasi və iqtisadi uğursuzluğa düçar oldu. Azərbaycan isə əksinə, bu layihəni reallaşdırmaqla beynəlxalq aləmdə öz siyasi çəkisini bir qədər də artıra bildi. Əgər erməni hakimiyyətinin başında dayananlar vaxtında öz çirkin işğalçılıq siyasətindən əl çəkə bilsəydilər, onda bu yolun iqtisadi cəhətdən ən səmərəli variantı onun Ermənistandan çəkilməsi ola bilərdi. Bu yolun açılışı ilə Azərbaycan həm də bölgənin ən böyük tranzit yükdaşımalar ölkəsinə çevrildi.

Azərbaycan iqtisadiyyatı üçün müəyyən edilən islahatlar yolu 2017-ci ildə daha da genişləndirilərək yaxın və orta perspektivdə onun sürətli inkişafına yaxşı zəmin yaratdı. Elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi nüfuzu getdikcə artır və möhkəmlənir. Ardıcıl aparılan iqtisadi islahatlar ölkədə azad sahibkarlığın inkişafına  meydan açır və həm xarici, həm də yerli investorların böyük marağına səbəb olur. Bu gün hər bir investor ictimai siyasi sabitliyin mövcud olduğu və əlverişli investisiya mühitinin yaradıldığı Azərbaycana vəsait yatırmaqda çox maraqlıdır.

Artıq Azərbaycan iqtisadiyyatının real sektorunda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilir. Bu sektorun aparıcı sahəsi olan aqrar bölmənin göstəriciləri kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatdırıldı. Bu il isə 244 ton yaş barama tədarük edilib. Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkildi. İndiyədək  ölkə üzrə 207 min tondan çox pambıq tədarük olunub.

Hazırda söhbət təkcə bu məhsulların, neft və qazın istehsalını artırmaqdan yox, xam məhsulların emalını yüksək səviyyədə təşkil etməkdən, rəqabət qabiliyyətli son məhsul istehsalından gedir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı,  xaricə valyuta axınının qarşısını alacaq və ölkəmizə  daxil olan möhkəm valyutanın həcmini  qat-qat artıracaqdır. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və yola saldığımız ildə bu istiqamətdə də yaxşı nəticələr əldə edilmişdir.

Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması, Sumqayıt Kimya Sənaye Parkı kimi layihələrin reallaşdırılması buna bariz misaldır. Biz artıq öz məhsullarımızın dünya bazarlarına çıxarılması istiqamətində çox önəmli addımlar atmağa başlamışıq. Hökumətin "Made in Azərbaycan” brendinin təbliğinə dair qəbul etdiyi qərarlar da həmin vacib addımlardandır.

Göründüyü kimi, dünya iqtisadi müstəvisində baş verən təlatümlər fonunda 2016-cı ildə ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq 2017-ci ildə öz yerini sürətli inkişafa verdi. Yenicə qədəm qoyduğumuz yeni ildə isə uğurlarımız daha böyük olacaq. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda  4 faiz artım olacaq. Bizim hesablamalarımıza görə isə bu artım ən azı 6 faiz səviyyəsində olacaq və Azərbaycan yenə də Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi öz sürətli inkişafını uğurla davam etdirəcək.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi