MDB məkanını gözləyən bahalaşma dalğası: Azərbaycanı da özləyirmi?

Fikrət Yusifov: "Ermənistandan tam fərqli olaraq Azərbaycan iqtisadi yüksəlişini davam etdirməkdədir”

Gələn ilin əvvəllərindən etibarən MDB məkanında, o cümlədən qonşu ölkələrimizdə növbəti bahalaşma dalğasının olacağı gözlənilir. Hətta bir sıra ölkələrdə artıq bahalaşma başlayıb da.

Artıq Türkmənistanda bahalaşma dalğasının rüşeymləri görünməyə başlayıb. Türkmənistanda əsas qida məhsullarının defisiti və qiymət artımı müşahidə edilir.

APA-nın "lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə "Azadlıq radiosu”nun Türkmənistan bürosu xəbər yayıb.

Məlumatda bildirilir ki, Marı və Axal vilayətlərində noyabr ayında un iki dəfə bahalaşıb və defisitin yaranacağından ehtiyatlanan əhali daha çox un almağa başlayıb. Artıq dekabrın əvvəlində bütün ölkə boyu un çatışmazlığı yaranıb. Nəticədə çörəyin qiyməti 1 Türkmənistan manatından 1,4 -1,5 manata kimi qalxıb. Aşqabadda isə keyfiyyətli undan hazırlanmış çörək iki həftə ərzində 2 manatdan 3,5 manata kimi qalxıb.

Habelə, Gürcüstan və Qazaxıstanda da bahalaşma haqda danışılır.

Ən böyük bahalaşma isə Ermənistan və separatçı bölgədə gözlənilir. 800 adda məhsulun, o cümlədən, benzinin qiymətinin artacağı deyilir. İqtisadiyyatı dərin böhran yaşayan və bunun təsiri ilə erməni əhalisinin pisləşən vəziyyətinin daha da acınacaqlı həddə çatacağı bildirilir...

İqtisadçı ekspertlər digər MDB ölkələrində də bu tipli artımların yeni ildən etibarən ola biləcəyini proqnozlaşdırırlar. Azərbaycanla bağlı vəziyyət isə müxtəlif cür dəyərləndirilir.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov gələn il Azərbaycanda qiymətlərin sabit qalmasında bir sıra əsasların olduğunu düşünür: "Ermənistan bu gün iqtisadiyyatı çox ağır durumda olan ölkələrin sırasında ilk yerlərdən birini tutur. Hər bir ölkənin iqtisadi vəziyyətinə ilk növbədə onun iqtisadi və siyasi suverenliyi prizmasından yanaşaraq qiymət verilməlidir. Bu ölkədə nə real siyasi müstəqillik, nə də iqtisadi müstəqillik mövcuddur. Ermənistanı az-çox tanıyan hər bir kəs bunun belə olduğunu çox yaxşı bilir. Bu gün Ermənistan beynəlxalq siyasi müstəvidə Rusiyanın istəmədiyi heç bir addımı ata bilməz. Atarsa bunun fəsadları onun üçün çox ağır ola bilər. Erməni hakimiyyətinin başında dayananlar hərdən Ermənistanın müstəqil dövlət olmasını ”sübut etməyə" çalışan bəzi görüntülər etsələr də, bu sırf öz xalqını aldatmağa hesablanmış siyasi gedişlərdir və bu addımlar da sahiblərinin razılığı ilə atılır. Siyasi müstəqilliyi olmayan bir ölkənin iqtisadi müstəqilliyi qeyri mümkündür. Heç bir enerji resursları olmayan və bu sahədə Rusiyadan tam asılı bir vəziyyətdə yaşayan ölkədə hansı iqtisadi müstəqillikdən danışmaq mümkündür? Bura Ermənistanın son 20 il ərzində apardığı iyrənc işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşməsi və regionda reallaşdırılan transmilli layihələrdə iştirak edə bilməməsi nəticəsində məruz qaldığı itkiləri də əlavə etsək, onda bu ölkənin iqtisadiyyatının hansı səviyyədə olduğu tam aydınlaşar. Rusiya qazından və yanacağından asılı olan bu ölkə aldığı enerji məhsullarına görə borclarını qaytara bilməməsi səbəbindən zaman - zaman özünün bütün iri müəssisələrini Rusiyaya borc əvəzinə verməyə məcbur olub. Bu yolla Ermənistanı həm iqtisadi və həm də siyasi cəhətdən özündən tam asılı vəziyyətə salmaq Rusiyanın maraqlarına tam uyğundur. Rusiya qonşuluğunda olan hər bir ölkəyə qarşı bu cür davranmaq istəyindədir. Bu heç kəsə sirr deyil. Lakin o, bunu Azərbaycana qarşı edə bilməz. Çünki Azərbaycan çox az ölkələrdəndir ki, öz iqtisadi və siyasi müstəqilliyini qoruya bilmək üçün bütün imkanlara malikdir. Ermənistandakı iqtisadi durum bu ölkədəki sosial vəziyyətin getdikcə gərginləşməsinə aparır.

Gələn ildən qiymətlərin daha da bahalaşması isə Ermənistandakı ictimai-siyasi vəziyyətin dramatikləşəcəyinə bir əsasdır. Bu gün öz ailəsinin, övladlarının gələcək taleyi üçün narahat olan, onların haqsız olaraq Azərbaycan əsgərinin gülləsinə tuş gələməsini istəməyən çoxsaylı erməni ailələri Ermənistanı tərk etməyə çalışırlar və bu prosses sürətlə davam edir. Ermənistandan tam fərqli olaraq Azərbaycan iqtisadi yüksəlişini davam etdirməkdədir. Ümumdünya böhranının yaratdığı fəsadları arxada qoyan Azərbaycan iqtisadiyyatının real sektorunda gələn il 4% artım gözlənilir. Gələn il Azərbaycan iqtisadiyyatının real sektorunda bu qədər artımın olacağını Beynəlxalq Valyuta Fondu proqnozlaşdırır. Bizim hesablamalarımıza görə bu artım ən azından 6% səviyyəsində ola biləcəkdir. Düşünülmüş iqtisadi siyasət gələn il Azərbaycanda sosial məsələlərin həllində əsaslı dönüş yaratmağa və qiymətlərin sabit qalmasına imkan verəcək".

Cavanşir ABBASLI


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi