Sürətli iqtisadi inkişafı hədəfləyən islahatlar bəhrəsini verir

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər Azərbaycan hökumətinin iki il öncə seçdiyi sürətli iqtisadi islahatlar yolunun alternativsiz olduğunu bir daha təsdiqlədi.

2014- cü ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ölkənin valyuta gəlirlərinin azalmasına və müəyyən çətinliklərin meydana çıxmasına səbəb oldu. Yaranmış vəziyyətdən ən qısa zamanda çıxmağın yeganə düzgün yolu ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək idi. Bu islahatlar neftin qiymətlərinin yüksək olduğu dönəmdə də aparılırdı və onların nəticəsi olaraq iqtisadiyyatda real sektorun payı 70 faizə yaxınlaşmışdı. Lakin yeni durumda islahatların sürətini elə artırmaq lazım idi ki, real sektorda ən qısa vaxtda inqilabi dəyişikliklər baş versin. Real vəziyyəti düzgün qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev kifayət qədər qətiyyətli addımlar atmaqla vəziyyətdən çıxışın konturlarını ortaya qoydu.

Dünya bazarlarında neftin qiymətləri ətrafında baş verən prosseslərin daha çox siyasi motivlərə söykəndiyini yaxşı bilən Azərbaycan Prezidenti onun bundan sonra nə qədər davam edəcəyini gözləmədən sürətli iqtisadi islahatlara start verdi. İslahatların yüksək nəticələr verməsi üçün hələ böyük neft pullarının daxil olduğu illərdə ölkəmizdə nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına möhkəm bünövrə yaradılmışdı. Məhz həmin layihələrin reallaşdırılması hesabına Azərbaycanın bütün bölgələrində enerji, su, qaz təminatı sahəsində problemlər aradan qaldırılmış, paytaxt Bakı da daxil olmaqla ölkənin yol infrastrukturu əsaslı şəkildə yenidən qurulmuşdu. Görülən işlər Azərbaycana xarici kapitalın cəlb edilməsi, ölkədə azad sahibkarlığın, biznesin inkişafı üçün əlverişli mühit formalaşdırmışdı.

2015-ci ilin sonlarından ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində tədbirlərin reallaşdırılmasına başlanıldı.  Bir neçə ay ərzində real sektorda inqilabi dəyişiklikləri hədəfləyən onlarca qərar və sərəncam qəbul olundu. Nəhayət, Azərbaycan iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını özündə əks etdirən Strateji Yol Xəritələri təsdiq edildi.

Nəticələr özünü çox gözlətmədi. Bu gün aidiyyatı beynəlxalq təşkilatlar Azərbaycanın ötən iki il müddətində qeyri-neft sektorunda apardığı sürətli iqtisadi islahatlar hesabına əldə olunan nəticələri iqtisadiyyatın real sektora transformasiya olunmasının nümunəsi kimi təqdim edirlər. Son iki ildə neftin qiymətlərinin və onun hasilatının aşağı düşməsi üzündən Ümumi Daxili Məhsulda müəyyən azalmalar qeydə alınsa da qeyri-neft sektorunun inkişafı hesabına ümumi iqtisadi geriləmə uğurla aradan qaldırılır. Gözləntilər onu deməyə əsas verir ki, real sektorda qazanılan bu uğurlar bizə cari ili iqtisadi artımla başa çatdırmağa imkan verəcəkdir .

İndi Azərbaycan hökumətinin qeyri-neft sektorunun sürətli inkişafını təmin edən islahatlar strategiyasının ana xəttini ölkədə istehsal olunan xam məhsulların emalını yüksək səviyyədə təşkil etməklə, rəqabət qabiliyyətli son məhsul istehsalını təmin etməkdir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, onların xaricə ixracı ölkəmizə daxil olacaq möhkəm valyutanın həcmini də qat-qat artıracaq. Ona görə də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir.

Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin, tütünçülüyün və digər sahələrin inkişafı Azərbaycanda sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması, Sumqayıt Kimya Sənaye Parkı kimi layihələrin reallaşdırılması buna bariz misaldır. Biz artıq məhsullarımızın dünya bazarlarına çıxarılması istiqamətində dövlət səviyyəsində çox önəmli addımlar atmağa başlamışıq.

Doqquz ayın yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir. Azərbaycan yenə də iqtisadi inkişaf tempinə görə liderlik etmək iddiasındadır. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyi hədəfləyir.

Doqquz ayda iqtisadi göstəricilərimiz kifayət qədər pozitivdir. Hesabat dövründə real sektorda ümumilikdə 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb, ixrac idxalı 4,4 milyard dollar üstələyib, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Bunların hər biri olduqca yaxşı göstəricilərdir. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının bugünkü durumunu qara rəngdə görmək istəyənlərə ən tutarlı cavabdır.

Azərbaycan iqtisadiyyatının real sektorunda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilir. Bu sektorun aparıcı sahəsi olan aqrar bölmənin göstəriciləri kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatıbdır və yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Bu il artıq 244 ton yaş barama tədarük edilib. Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılmışdı.

Qeyri-neft sektorunda əldə olunan uğurlu nəticələr bizim ixrac potensialımızı kifayət qədər artırır. Doqquz ayın yekunlarına həsr olunmuş iclasda cənab Prezident İlham Əliyev demişdir: "İndi isə mən bu il qeyri-neft ixracımızla bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm ki, Azərbaycan ictimaiyyəti görsün, bizim işimiz necə gözəl nəticə verir... Tərəvəz istehsalı 68 faiz, o cümlədən pomidor 60 faiz. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.

Sənaye məhsulları - qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə”.

Real sektorun məhsullarının ixracını göstərən bu rəqəmlər iki il öncə start verilmiş iqtisadi islahatların məntiqi nəticəsidir. Azərbaycan hökumətinin apardığı bu islahatlara dünyanın aparıcı beynəlxalq iqtisadi və maliyyə qurumları, nüfuzlu reytinq agentlikləri yüksək qiymət verirlər. Bu yaxınlarda Azərbaycan iqtisadiyyatının dünya miqyasında öz rəqabətqabiliyyətliliyinə görə iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəlməsi məhz ölkədə aparılan iqtisadi islahatlara verilən obyektiv qiymətdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi