Banklar nə üçün istehlak kreditlərinə üstünlük verirlər? – Fikrət Yusifov

 
 
Bahalı kreditlərin geri qayıtma ehtimalı həmişə aşağı olub...
 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov Azərbaycanda bankların istehlak kreditlərinə üstünlük verməsinin səbələrindən və bu sektordakı ümumi vəziyyətdən danışıb.
F.Yusifov qeyd edib ki,  bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu qəbildən olan kreditlərin faizlərinin yüksək olmasıdır: "Yüksək faizlərlə istehlakçılara verilən bu kreditlər banklara digər kreditlərdən daha çox mənfəət qazandırır. Eyni zamanda bu kreditlər təminatsız kreditlər kateqoriyasına aird olduqlarından banklar bu kreditlər üzrə faizləri maksimum yuxarı həddə müəyyən etməyə çalışırlar və bununla da öz risklərini müəyyən dərəcədə sığortalamış olurlar.  Çünki digər təminatlı kreditlərdən fərqli olaraq istehlak kreditlərinin qaytarılmasında problemlər daha çox olur. Əgər rəqəmlərə nəzər salsaq, istehlak kreditlərinin ödənişindəki gecikmələrin bankların verdikləri təminatlı kreditlərin ödənişindəki gecıkmələrdən 2-3 dəfə çox olduğu aydın olar. Hazırda bankların verdiyi  kreditlərin ümumi həcmində istehlak kreditlərinin xüsusi çəkisi 42%-ə yaxındır . Əlbəttə ki  bu, böyük rəqəmdir. 
Son 10 ildə real sektorun yalnız bir sahəsinə -  sənaye və istehsal sahəsinə verilən kreditlərin həcminin böyük sürətlə artdığını deyən BİAB sədri qeyd edib ki, əgər 2005-ci ildə banklar tərəfindən sənaye və istehsal sektoruna cəmisi 83,3 milyon manat kredit verilmişdisə, bu rəqəm 2014-cü il ildə 24,3 dəfə artaraq 2027,8 milyon manat təşkil edib: "Bu, bütün başqa sahələrə verilən kreditlərdən, o cümlədən, üstünlük təşkil etməsi həmeşə tənqid obyekti olan istehlak kreditlərinin həmin dövrdəki artım tempindən 4,5 dəfə yüksək bir artımdır. Lakin buna baxmayaraq bu gün sənaye və istehsal sahəsinə ayrılan kreditlər bankların ümümi kredit portfelində cəmisi 10,9% təşkil edir ki, bu rəqəm də bankların verdikləri istehlak kreditlərindən 4 dəfəyə qədər azdır. Göstərilən dövrdə real sektorun əksər sahələrinə verilən kreditlərin həcmi azalmış, ölkə iqtisadiyyatı üçün vacib hesab olunan bəzi sahələrə ayrılan kreditlərin bankların ümumi kredit portfelində xüsusi çəkisi isə kəskin şəkildə aşağı düşmüşdü. Məsələn, son 10 il ərzində energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən bank kreditlərinin xüsusi çəkisi bankların ümümi kredit portfelində 12,6%-dən azalaraq 1,1%-ə düşmüşdü. Eyni qayda ilə aqrar sektora, ticarət və xidmət, nəqliyyat sahələrinə ayrılan kreditlərin ümumi kredit qoyluşunda xüsusi çəkisi xeylı azalmışdı.
Cari ilin yanvar ayının 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident  İlham Əliyev bankların fəaliyyətindən bəhs edərək belə demişdi: "Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur...  Dövlət də öz növbəsində  indi onlardan daha da fəal iş gözləyir... Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik". Prezidentin bankların fəaliyyətini belə kəskin tənqid etməsinin kökündə hələ keçən ilin ortalarında onların ünvanına söylədiyi tənqiddən lazımı nətıcələr çıxara bilməmələri dayanırdı. Faktlara nəzər salaq. Ötən 2014-cü ilin yanvar-dekabr ayları ərzində bankların əhaliyə verdikləri istehlak kreditləri 1424,5 milyon manat və ya 22,6% artmışdı. Həmin dövr ərzində real sektorun sənaye və ictehsal sahəsinə ayrilan kreditlər isə cəmisi 186,5milyon manat və ya 10,1% arta bilmişdi. Rəqəmlər göstərir ki, banklar Prezidentin onların ünvanına sələndirdiyi tənqiddən düzgün nəticə çıxara bilməmişdilər. Ölkə rəhbərliyinin dediklərinin kökündə dayanan və əsas narahatçılıq yaradan məqam budur ki, bu gün bankların kredit portfelində istehlak kreditlərinin xüsusi çəkisi 2005-ci ildəki 27%-dən artaraq  2014-cü ildə 42%-ə çatmışdır. Real sektorun ən vacib bir sahəsi sayılan sənaye və istehsal sferasına ayrılan kreditlərin bu illər ərzində üstün templə artmasına baxmayaraq,  onun da ümumi kredit partfelində xüsusi çəkisi hələlik 10,9% təşkil edə bilmişdi”. 
F.Yusifov vurğulayıb ki, ölkədə qeyri neft sektorunun inkişafının təmin edilməsi istiqamətində hökumətin müəyyən etdiyi hədəfləri reallaşdırmaq yolunda bankların rolu kifayət qədər yüksək olmalıdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcürbəsi də bunun belə olduğunu sübut edir: "Mətbuat səhifələrində bəzi yazarlar Prezidentin banklara real sektora üz tutmaları ilə bağlı etdiyi çağrışlarını dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi səbəbindən hökumətin məruz qaldığı maliyyə çətinliklərilə  bağlamağa cəhd edirlər. Əslində isə bu məsələ həmişə gündəmdə olmuşdur. Xatırlatmaq istəyirəm ki, hələ 2014-cü ilin iyul ayının 10-da Nazirlər Kabinetinin həmin ilin yarımillik yekunlarına həsr olunmuş iclasında Prezident bu məsələ ilə bağlı bankların fəaliyyətini tənqid edib onlara real sektora üz tutmalarını tövsiyyə edəndə dünya bazarlarında neftin bir barelinin qiyməti 110 ABŞ dolları həddində idi və o zaman heç kəs neftin qiymətlərinin "siyasi amillərə söykənib” belə kəskin aşağı düşəcəyini söyləyə bilməzdı”.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi