Əsas hədəf sürətli iqtisadi inkişafdır

İlk altı ayın nəticələri bir daha sübut etdi ki, keçən ilin sonlarında ölkə Prezidentinin 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair veridiyi bəyanatlar öz təsdiqini tapdı. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatında dünyada gedən iqtisadi və maliyyə təlatümləri fonunda 2016-cı ildə baş vermiş müəyyən geriliklər nəinki tamamilə aradan qaldırıldı, hətta mühüm uğurlar əldə edildi.  Ölkə iqtisadiyyatının yeni, sürətli inkişaf mərhələsini xarakterizə edən ən maraqlı göstəricilər isə müşavirədə cənab İlham Əliyevin çıxışında aydın şəkildə öz ifadəsini tapdı.

Hesabat dövründə ixracın 36 faiz, qeyri-neft ixracının 27 faiz, xarici ticarət dövriyyəsinin müsbət saldosunun 2 milyard dollar, valyuta ehtiyatlarının isə 3 milyard dollara qədər artması kimi uğurlu göstəricilər Azərbaycan iqtisadiyyatının real durumuna dair bütün suallara cavab verir. Unutmayaq ki, bütün bunlar, neft ölkəsi olan Azərbaycanda dünya bazarlarında neftin qiymətlərinin bir neçə dəfə aşağı düşdüyü bir şəraitdə əldə edilib. Bəli, cari ilin birinci rübündə biz valyuta ehtiyatlarımızı bir milyard dollar artıra bilmişdiksə, son üç ayda onun əlavə olaraq daha iki milyard dollar artımına nail olmuşuq.
İqtisadiyyatın inkişafını xarakterizə edən bir başqa göstərici idxlın azalması və ixracın artmasıdır. Burada söhbət təbii ki, qeyri-neft sektorundan gedir. Bu sahədə ötən altı ayda hansı göstəricilər əldə edilib? Bu sualın cavabı ölkə Prezidentinin müşavirədə səsləndirdiyi faktlarda öz ifadəsini tapıb: "Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır”.

İdxalın azalması o deməkdir ki, biz artıq yerli istehsalın artırılması hesabına daxili bazarın zəruri məhsullara təlabatını getdikcə daha çox ödəyə bilirik. Deməli, bununla da ölkədən xarici valyuta axınını azaltmış oluruq. Qeyri-neft sektorunda ixracın getdikcə artması hökumətin son illər ərzində bu sahənin sürətli inkişafını təmin edəcək qərarlarının uğurla icra edilməsi əsasında mümkün ola bildi.
Ölkə Prezidenti real sektorda ixracın vəziyyətindən bəhs edərkən kifayət qədər maraqlı olan faktlar da sadaladı: "Mən burada da bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülən işlərin nəticəsidir. Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, – biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksəkgərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb”. Bəli, bu  rəqəmlər dinamik inkişafın real nəticələrini özündə əks etdirir.
Hesabat dövründə idxalın bu şəkildə azalması və ixracın belə kəskin artması ölkə iqtisadiyyatında sabitliyin təmin edildiyinin əsas göstəricisidir. Eyni zamanda, bu, onu da deməyə əsas verir ki, biz artıq idxal üçün xərclədiyimiz valyuta vəsaitlərinin azalmasına nail ola bilmişik. Ticarət dövriyyəsinin 2 milyard dollar səviyyəsində müsbət saldoya malik olması və valyuta ehtiyatlarımızın 3 milyard dollara qədr artması isə iqtisadiyyatda baş verən müsbət dəyişikliklərin məntiqi  nəticəsidir.
Bütün bu göstəricilər Azərbaycan hökumətinin apardığı islahatların nə qədər düzgün və səmərəli olduğunu bir daha təsdiqləyir. Bu nəticələr göstərir ki, Azərbaycan iqtisadiyyatı bütün sahələr üzrə çox sürətli inkişaf mərhələsinə adlayıb.
Bu gün dünyada ictimai siyasi sabitliyin nümunəsinə çevrilən Azərbaycana xarici investisiyaların axını daha da artıb. Bu məsələyə münasibət bildirən cənab İlham Əliyev iclasda çox haqlı olaraq vəziyyəti belə qiymətləndirib: "Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar”.
Bəli, bu, bir həqiqətdir ki, hazırda dünyada sabit olan ölkələrin sayı kəskin azalır, Azərbaycan isə getdikcə bu sabitliyin daha bariz nümunəsinə çevrilir.
Artıq bir neçə ildir ki, Azərbaycan hökuməti ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində çox ciddi layihələrin reallaşdırılmasına start verib. Neft-kimya sənayesi məhsullarının istehsalının və ixracının əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan   layihələr yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək. Aqrar sektorda strateji xammal olan pambığın, baramanın, tütünün və digər məhsulların istehsalını dəfələrlə artırmağı hədəfləyən proqramlar isə öz növbəsində bu məhsulların xaricə yalnız xammal şəklində satışını nəzərdə tutmur. Burada söhbət pambığın, baramanın, tütünün və digər məhsulların ölkə daxilində emal edilməsi hesabına idxala olan tələbatı əsaslı şəkildə azaltmaqdan və həmin məhsulların ixracı yolu ilə ölkənin valyuta gəlirlərini kifayət qədər artırmaqdan gedir.
Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə bağlı məsələlərə ətraflı toxunaraq bu il kənd təsərrüfatı məhsullarının ixracının ötən illə müqayisədə iki dəfə artırılmasının vacibliyini vurğulayıb. Aqrar sektorun sürətli inkişafını təmin edəcək bütün zəruri tədbirləri görən dövlətimizin haqlı olaraq bu sahədən gözləntiləri kifayət qədər böyükdür. Biz iki il ərzində strateji məhsulların – pambığın, baramanın, tütünün, fındığın və s. istehsalını kifayət qədər böyük sürətlə artıra bilmişik. Əgər 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdirsə, 2016-cı ildə bu rəqəm 51 min hektara çatmış, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Əgər 2015-ci ildə 35 min ton, keçən il  təxminən 90 min tona yaxın pambıq tədarük edilibsə, cari ildə bu rəqəmin 270 min tona çatdırılacağı gözlənilir.
İki il ərzində barama istehsalını 200 kiloqramdan 350 dəfə artıraraq 70 tona çatdıra bilmişiksə və tezliklə bu məhsulun istehsalını 1300 tona qaldırmaq istəyiriksə, bu, artıq aqrar sektorda gedən inqilabi bir dönüşün göstəricisidir. Dövlət hesabına bir milyon yeddi yüz min tut ağacının alınıb barama tədarük edən kənd adamlarına hədiyyə edilməsi isə dövlətin aqrar sektorda çalışan vətəndaşlara birbaşa yardımı deməkdir.
Aqrar sektorda eyni uğurla üzümçülüyün, tütünçülüyün, taxılçılığın, heyvandarlığın inkişaf perspektivləri nəzərdə tutulur. Yeni fındıq, xurma, badam, zeytun bağlarının salınması, onların coğrafiyasının genişləndirilməsi isə bizə nəinki daxili bazarın bu məhsullara olan ehtiyacını ödəməyə imkan verəcək, həm də onların ixracından kifayət qədər valyuta gəlirləri əldə edə biləcəyik.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi