Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən etibarlı tərəfdaşıdır

Son illər müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlar həm dostlarımız, həm də əleyhdarlarımız tərəfindən etiraf olunmaqdadır. Lakin ölkəmizin yeritdiyi düşünülmüş daxili və xarici siyasətə kölgə salmağa cəhd edənlər də az deyil.  Dünyanın iqtisadi və siyasi güc mərkəzi olan Amerika Birləşmiş Ştatları kimi bir dövlətin öz müstəqilliyini günbəgün möhkəmləndirməyə çalışan Azərbaycana qarşı bir neçə ay əvvəl göstərdiyi münasibət də bu deyilənlərə yaxşı misaldır. 

Həmin  münasibətin məğzini bizə "necə yaşamağı” öyrətmək cəhdi təşkil edirdi. Azərbaycan hökuməti, onun Prezidenti bütün dünyaya nümunə ola biləcək daxili və xarici siyasət yürütdüyü və bu siyasətin nəticəsi olaraq beynəlxalq siyasi müstəvidə kifayət qədər uğurlar qazandığı bir dönəmdə ölkəmizə qarşı yönəlmiş belə ədalətsizliklə barışa bilməzdi. Neyləmək olar, bəzi siyasətçilər hələ də unudurlar ki, qarşılıqlı münasibətlərin inkişafı qarşılıqlı hörmətə  söykənməlidir. Bu gün bütün dünyanı, xüsusilə də Avropanı bürümüş milli, irqi, dini ayrı-seçkilik, ksenefobiya və islamofobiya meyllərinin baş alıb getdiyi bir dönəmdə dünyaya nümunəvi multikultural dəyərlər nümayiş etdirən Azərbaycan ölkə daxilində nümunəvi ictimai-siyasi sabitlik yarada bilib. Digər tərəfdən, öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək regionun ən qüdrətli dövlətinə çevrilib.

Bütün bunlara rəğmən Azərbaycan hökuməti, onun Prezidenti ölkəsinin daxili işlərinə belə kobud şəkildə müdaxilə ilə barşa bilməzdi. Elə bu səbəbdəndir ki, ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, biz heç kimə daxili işlərimizə qarışmağa imkan verməyəcəyik, çünki biz özümüz də heç kimin daxili işlərinə qarışmırıq.

İndiki durumda ABŞ-in yeni Prezidentinin başqa ölkələrin daxili işlərinə qarışmamaq barədə dəyərli  mövqeyi yüksək diqqətə və hörmətə layiqdir. Onun bir həftə ərzində Azərbaycan Prezidentinə ünvanladığı iki məktub çox mətləblərə aydınlıq gətirdi və Azərbaycan – Amerika münasibətlərində yeni – qarşılıqlı hörmətə söykənəcək strateji müttəfiqliyin başlanğıcını qoydu. Donald Tramp haqqında siyasətçilərin fikirləri birmənalı olmasa da, məncə, bir həqiqəti etiraf etmək vacibdir: Əgər bir insan ağlı və bacarığı ilə milyarderlər sırasında yer tuta bilibsə, deməli, o uzağı görməyi, reallıqları doğru və düzgün dəyərləndirməyi bacaran adamdır. D. Tramp Azərbaycanı lazımi səviyyədə qiymətləndirərək regionda onun simasında öz ölkəsinə etibarlı tərəfdaş seçmək yolunu tutdu. Qərbin standartlarının "dəyişməz” olduğunu zənn edənlər üçün bu, gözlənilməz olsa da artıq bir həqiqətdir.

Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgi və konfransının keçirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə  ünvanladığı məktubda oxuyuruq: "Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram... Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir”.

Bu məktub ABŞ administrasiyasının Azərbaycana, onun Prezidenti cənab İlham Əliyevə nə qədər güvəndiyini aydın şəkildə ortaya qoyur. Hazırda Amerika Birləşmiş Ştatları regionda iqtisadi cəhətdən kifayət qədər güclü olan, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək qədər iri transmilli layihələrə müəlliflik etməyi bacaran, 2001-ci il 11 Sentyabr terror aktından sonra terrorizmlə fəal mübarizəyə qoşulan, öz hərbçilərini Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərən bir dövlətlə qarşılıqlı inama və  hörmətə əsaslanan yeni münasibətlər qurmaq yolunu seçdi. Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini əsirgəməyəcəyini inamla vurğulamaqla ABŞ-ın yeni rəhbərliyi bu məsələdə indiyə qədər mövcud olan ikili standartların da aradan qaldırılacağına bir mesaj vermiş oldu.

28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda D.Tramp "Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik” deməklə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Əslində son on ildə müstəqil Azərbaycan dövləti bu əlaqələrin inkişafı istiqamətində çox mühüm addımlar atıb. 2005-2015-ci illər ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi  2,4 dəfə çoxalsa da,  ABŞ-la ticarət dövriyyəsi 6,4 dəfə artıb. Bu göstərici özü çox mətləblərdən xəbər verir. İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları kifayət qədər böyükdür. Heç şübhəsiz, bu əlaqələrin inkişafı ticarət dövriyyəsinin də indikindən bir neçə dəfə artıq olmasına gətirib çıxaracaqdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

"Xalq qəzeti"


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi