Azərbaycan beynəlxalq tədbirlərin uğurla keçirildiyi bir məkana çevrilib

Cəmi 25 yaşı olan gənc dövlətin bəşəriyyəti narahat edən problemlərin müzakirəsinə həsr olunmuş böyük bir tədbiri dünya ölkələrinin üçdə ikisinin iştirakı ilə keçirə bilməsi onun beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. Gəlin, səmimi olaq : keçmiş sovetlər dönəmində hətta İttifaqın əksər bölgələrində Azərbaycanın harada yerləşdiyini belə bilməyənlər vardı. İndi çox şey dəyişib və bu dəyişiklik sürətlə  davam edir, həm də zaman Azərbaycanın xeyrinə işləyir.

Son   illərdə Azərbaycanın iqtisadi və siyasi nüfuzu o qədər artıb ki, artıq Qafqaz  regionunda heç bir transmilli layihə ölkəmizin iştirakı olmadan reallaşdırıla bilməz. Çünki təməli Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət Azərbaycanı  regionun ən qüdrətli dövlətinə çevirib. Əgər  yüz illərlə dövlətçilik təcrübəsi olan nəhəng ölkələr arasında yaranmış münaqişələrin həllində aparıcı rol oynaya biliriksə və bütün dünyanı narahat edən məsələlərin  həllinə həsr olunmuş beynəlxalq tədbirləri  keçiririksə, bu, müstəqil bir dövlət kimi bizim böyük uğurumuzdur. Ölkə  Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açlışında bu uğuru  haqlı olaraq belə dəyərləndirdi: "Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb. Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir”.
Altı il bundan əvvəl məhz Azərbaycanın təşəbbüsü ilə Bakıda birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və həmin vaxtdan etibarən  qlobal beynəlxalq tədbirə çevrilmiş bu forumda gündəlikdə duran ən mühüm məsələlər müzakirə edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək bu gün bütün dünyaya nümunə ola biləcək multikultural dəyərlərə, tolerantlığa söykənən dövlətçilik ənənələrinə görə belə bir tədbirin məhz Azərbaycanda keçirilməsinin nə qədər əsaslı olduğunu vurğuladı: "Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir”.
Bu dəyərlər Azərbaycanın nüfuzunun yüksəlməsinin təminatçısıdır. Bütün dünyada, demokratiyanın beşiyi sayılan "qoca qitədə” islamofobiya, ksenefobiya meyllərinin getdikcə artdığı, milli və etnik dəyərlərə dözümsüzlük nümayiş etdirildiyi bir dönəmdə millətlərarası münasibətlərin yaxşılaşdırılmasına, qarşılıqlı anlaşma mühitinin yaranmasına və nəticə etibarilə dünyada sülhün möhkəmlənməsinə yönələn bu təşəbbüslər Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan  bu gün dünyanı düşündürən belə ciddi problemlərin müzakirəsini təşkil etməklə bəşəriyyətə bir dövlət kimi öz töhfəsini verir.

Biz bu hərəkətimizlə bütün dünyaya kimliyimizi göstərir, eyni zamanda, mənəvi cəhətdən mənfur düşmənlərimizdən nə qədər üstün və sivil olduğumuzu sübut edirik. Azərbaycan hökumətinin bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət edən bu gedişlərini gözü götürməyən bəzi daxili və xarici qüvvələr belə tədbirlərin keçirilməsini əngəlləməyə çalışırlar. Lakin gecdir, artıq o vaxtlar keçib. Bu gün Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında öz inkişaf sürətinə görə birincilər sırasındadır. Sevindirici məqam odur ki, bu yüksəliş təkcə iqtisadi sahədə deyil, həm də humanitar sahədə əldə olunub.
Bu gün Azərbaycan elə bir mərhələyə yüksəlib ki, Dağlıq Qarabağ kimi ən ağrılı problemimizin həlli yolundakı düyünlərin də açılacağına ümidlərimiz artıb. Heç şübhəsiz, bu işdə güclü  Azərbaycan Ordusu ilə yanaşı, ölkəmizin siyasi arenada günbəgün artan nüfuzu, dünya birliyinin onu sülhsevər, sivil və humanist bir dövlət kimi tanıması fəal yardımçımız olacaq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Xalq qəzeti


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi