Manatın məzənnəsi doğrudanmı təhlükədədir? - Fikrət Yusifov yazır

 
Bu suala cavab hələ 1994-1995 ci illərdə bir dəfə verilib.....

Son aylar ərzində mətbuatda manatın məzənnəsi ətrafında edilən çıxışlarda məsələnin həddindən artıq ciddi olduğu xüsusi bir təlaşla cəmiyyətə təqdim edilir. Bu yazıları oxuyanda az qalırsan ki, bütün bunların həqiqət olduğuna inanasan. Manatın məzənnəsini tənzimləməyin yolunu yalnız Mərkəzi Bankın öz ehtiyatlarından satışa valyuta çıxarmağında görənlər Mərkəzi Bankın valyuta ehtiyatlarının çox böyük sürətlə azalmasından və bu ehtiyatların tezliklə qurtaracağından böyük "narahatçılıq” duyduqlarını bəyan edirlər. Azərbaycan cəmiyyətinin bu qəbildən olan və ciddiliyi ilə indikindən dəfələrlə təhlükəli bir həddə gəlib çatmış məzənnə məsələsinin 1990-cı illərin ortalarında hökumət və Mərkəzi Bankın birgə səyləri nəticəsində necə həll edildiyini yaxşı bilməsini nəzərə alıb, düzü bu mövzuya mətbuat səhifələrində heç toxunmaq istəmirdim. Ancaq son günlər bu mövzunun daha da "aktuallaşdırıldığını” görüb bəzi mətləblərə aydınlıq gətirmək qərarı verdim.  
Əvvəlcə gəlin görək belə "narahatçılıqların” nə qədər əsası var? Bəlli məsələdir ki, dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi səbəbindən ölkəyə daxil olan valyutanın  həcmi də azalıb. Bu səbəbdəndir ki, son aylarda Mərkəzi Bank qabaqlayıcı tədbir görərək öz rezervlərinin bir qədərini bazara satışa çıxarmışdı. Burada qeyri-təbi heç nə yoxdur. Təlaşa heç bir əsas olmadığını daha aydın izah etmək üçün heç də uzaq olmayan bir dövrə - 1994-1995-ci illərə ekuskursiya edib manatın məzənnəsi ilə bağlı çox mətləblərə aydınlıq gətirmək mümkündür. 

***

Azərbaycanın öz müstəqilliyini əldə bərapa etdiyi bir dövr idi. Həmin dövrdə ölkədə hiperinfilyasiya hökmranlıq edirdi. İllik infilyasiya 1700-1800%,  Mərkəzi Bankın uçot dərəcələri isə 250% səviyyəsinə gəlib çatmışdı. Təbii ki, infilyasiyanın tüğyan etdiyi həmin dövrdə indiki neft pulları da yox idi. Mərkəzi Bankın valyuta ehtiyatları  140-250 milyon ABŞ dolları həddində olmaqla bugünkü valyuta ehtiyatlarından on dəfəyə qədər az idi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan hökuməti Mərkəzi Bankla birlikdə düşünülmüş bir proqramla çox qısa bir zamanda vəziyyətin tam sabitləşməsinə nail oldu. Manatın kursu sabitləşdi və artıq bu sabitlik 20 ildən çoxdur ki, davam edir. Bəs ölkə iqtisadiyyatının tam tənəzzüldə, Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının isə ən aşağı həddə olduğu bir dövrdə manatı sabitləşdirmək necə mümkün oldu? Hesab edirəm ki, bu gün "məzənnə” mövzusunda yazanlar özləri üçün bu məsələləri dərindən araşdıra bilsələr onları "narahat” edən çox suallara cavab tapmış olarlar. Əgər hökumət və Mərkəzi Bank həmin dövrdə manatın kursunu sabitləşdirməyin yolunu təkzə Mərkəzi Bankın ehtiyatlarında olan valyutanı bazara çıxarmaqla həll etməkdə görsəydilər, onda az miqdarda olan bu valyuta ehtiyatı bir neçə gün ərzində "əriyib qurtarardı”. Mətbuat səhifələrində bu mövzuda yazanlar bilməlidirlər ki, milli valyutanın kursunun tənzimlənməsinin yolu təkcə bazara ABŞ dolları çıxarmaqdan keçmir. Burada hamıya bəlli olan metodlarla yanaşı, profesionalların bildiyi başqa zəruri üsullardan da istifadə olunur.  Bu səbəbdən də milli valyutanın məzənnəsinin aşağı düşməsini cəmiyyət üçün böyük bir narahatçılığa çevirənlərə demək istəyirəm ki, rahatsız olmağa dəyməz bu hökumət və Mərkəzi Bank bu qəbildən olan məsələləri tənzimlənməyin yollarını bir dəfə keçib. Eyni zamanda unutmaq olmaz ki, bu yollar keçilərkən nə  ölkəyə neft pulları gəlirdi, nə də Mərkəzi bankın normal qızıl-valyuta ehtiyatları var idi. Bütün bunlarla yanaşı, bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti və Mərkəzi Bank dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsindən yaranan itkilər müstəvisində ölkə üçün zəruri olan istənilən seçimi edə bilər. Yəni yaranacaq vəziyyətə uyğun olaraq manatın kursunun sabit saxlanılması yolu da seçilə bilər, buna  əks addımıar da atıla bilər. Ancaq bir məsələ hər kəsə ayıdın olmalıdır ki, mövcud imkanlar şəraitində ediləcək seçim ən səmərəlisi olacaq...

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi