Qeyri-neft məhsulları ixracının hədəfləri

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. Ölkə Prezidenti cari ilin ötən üç ayı ərzində iqtisadiyyatda əldə olunmuş uğurları yüksək qiymətləndirdi: "Bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq”.

Göründüyü kimi, dünya iqtisadi müstəvisində baş verən təlatümlər fonunda ötən il ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq bu gün artıq öz yerini sürətli inkişafa verib. Belə pozitiv göstəricilərin əldə edilməsi yaranmış şəraitdə hökumətin apardığı düzgün iqtisadi islahatların nəticəsində mümkün olmuşdur. Tədqirəlayiq haldır ki, bu gün hökumət aparılan islahatların uğurlu nəticələri ilə kifayətlənmir, o, eyni zamanda, qeyri-neft sektorunda istehsal həcmi günbəgün artan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan konkret addımlar atır. Bu baxımdan dövlət başçısının sədrliyi ilə Yevlaxda keçirilən respublika müşavirəsinin müstəsna əhəmiyyəti var.

Qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirilməsini hədəfləyən və təməli hələ 1994-cü ildə qoyulan bu siyasət 2004-cü ildən başlayaraq daha böyük uğurla həyata keçirilməyə başladı. Belə iqtisadi strategiya ümumi daxili məhsulda qeyri-neft sektorunun payının durmadan artmasına və iqtisadiyyatın əsaslı şəkildə şaxələndirilməsinə gətirib çıxardı. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələni xüsusi vurğulayaraq demişdir: " Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”. Bir neft hasilatçısı olan ölkə üçün 10 ildən bir qədər artıq vaxt ərzində ÜDM-in tərkibində real sektorun payının bu həddə qədər artırılması hökumətin apardığı iqtisadi siyasətin nə qədər doğru olduğunun əyani göstəricisidir.

İndi başlıca hədəf qeyri-neft sektorunda ixracın həcmini bu qaydada uğurla artırmaqdan ibarətdir. Bu gün söhbət real sektorda istehsal olunan məhsulların təkcə idxalı əvəzləməsindən getmir. Çünki bu sahədə artıq ciddi nəticələr əldə olunub. İndi söhbət real sektorda istehsal olunan məhsulların daha səmərəli ixracını həyata keçirməyin optimal yollarının araşdırılıb tapılmasından və bu işin müasir tələblər səviyyəsində qurulmasından gedir. Real sektorun məhsullarının dünya bazarlarına çıxışının daha səmərəli yollarını müəyyən etməyi hədəfləyən bu siyasət, şübhə yoxdur ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu yöndə uğurlu addımlardan biri ixracın genişləndirilməsi məqsədilə "Made in Azerbaijan” brendi ilə qeyri-neft məhsullarının xarici bazarlarda satılmasının təşviqidir. Yeri gəlmişkən onu da deyək ki, ötən ilin əvvəllərindən başlayaraq hökumət rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində kifayət qədər böyük işlər görüb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilən və xarici bazarlarda "Made in Azerbaijan” brendinin təşviqini, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına kömək göstərilməsini, ixracla əlaqəli proqram və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutan mühüm qərarlar bu sahədə işlərin yeni bir müstəviyə keçməsi deməkdir.

Xarici bazarlarda Azərbaycan məhsullarının reallaşdırılması işində sahibkarlara daha yaxından kömək göstərilməsi məqsədilə atılan uğurlu addımlardan biri də xarici ölkələrdə ticarət evlərinin yaradılmasından ibarətdir. Qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə Azərbaycan hökumətinin hədəflərinin nədən ibarət olduğuna diqqət çəkərək demişdir: "Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir”.
Bu gün Azərbaycan hökuməti ölkədə sahibkarlığın inkişafı üçün mümkün ola biləcək bütün addımları atır. Bu, dövlətin sahibkarlara və iş adamlarına qayğısının ifadəsi deməkdir. Əslində istehsalçı öz məhsullarını xarici bazarlara çıxarmaqla bağlı bütün işlərli özü görməli, bu sahədəki problemləri bilavasitə özü həll etməlidir. Lakin gənc dövlətimizin iqtisadi uğurlarını daha dayanıqlı etmək məqsədilə hökumət azad sahibkarlığın inkişafını nəzərdə tutan islahatları aparmaqla işini bitmiş hesab etmir. O, eyni zamanda, istehsalçının əlindən tutaraq, ona öz məhsulunu xarici bazarlarda daha uğurla reallaşdıra bilməsi üçün yardımçı olur.

 Bir sözlə, bu gün Azərbaycanda real sektorun inkişafı elə bir mərhələyə qədəm qoyub ki, artıq dövlət bu sahədə istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil etməyin yollarını müəyyənləşdirmək üçün konkret addımlar atır və hər sahədə sahibkara dəstək göstərir. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının daha sürətli və dayanıqlı inkişafından xəbər verir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

http://www.xalqqazeti.com/az/news/economy/84221



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi