Azərbaycan iqtisadiyyatı yenidən sürətli inkişaf yolunda

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ötən dövr ərzində ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr geniş müzakirə edildi. Əminliklə demək olar ki, keçən ilin sonlarında 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verilən bəyanatlar son üç ay ərzində öz təsdiqini tapdı. 

Cari ilin birinci rübündə iqtisadiyyatımızın vəziyyətini xarakterizə edən göstəricilər təsdiqləyir ki, bu gün Azərbaycan yenidən sürətli inkişaf yoluna qədəm qoyub. Faktlara diqqət edək. Ötən ilin ilk üç ayı ilə müqaisədə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı  10 faiz artıb, idxal isə 17 faiz azalıb. Hesabat dövründə idxalın bu şəkildə azalması və ixracın belə kəskin artması ölkə iqtisadiyyatında sabitliyin təmin edildiyinin əsas göstəricisidir. Eyni zamanda, bu, onu da deməyə əsas verir ki, biz artıq idxal üçün xərclədiyimiz valyuta vəsaitlərinin azalmasına nail ola bilmişik. Ticarət dövriyyəsinin 1 milyard dollar səviyyəsində müsbət saldoya malik olması və valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artması iqtisadiyyatda baş verən müsbət dəyişikliklərin konkret göstəricisidir.

Bütün bu göstəricilər Azərbaycan hökumətinin apardığı islahatların nə qədər düzgün və səmərəli olduğunu bir daha təsdiqləyir. İclasda ölkə Prezidenti cənab İlham Əliyev ilk üç ayda əldə olunan naliyyətləri belə dəyərləndirmişdir: "Birinci rübün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il  istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq”.

Dünyada baş verən iqtisadi tənəzzülün ölkəmizdən də yan keçmədiyi bir dönəmdə biz cari ilin başlanğıcında  nəinki bu geriləməni aradan qaldırdıq, hətta artıma da nail ola bildik. Ötən il nə qədər çətin olsa da, biz Azərbaycan iqtisadiyyatının, xüsusilə də onun real sektorunun yaxın, orta və uzaq perspektivdə inkişaf konturlarını özündə əks etdirən ciddi proqram sənədlərin – milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin işlənib qəbul edilməsinə nail olduq. Bundan başqa, ölkədə azad sahibkarlığın sürətli inkişafını təmin edən onlarca qərar qəbul edildi. Neftin qiymətlərinin kəskin azaldığı bir dövrdə neft ölkəsi olaraq real sektorun inkişafı istiqamətində atılan belə qətiyyətli addımlar beynəlxalq maliyyə qurumlarının və digər reytinq agentliklərinin diqqətindən yayınmadı. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutlarının rəhbərlikləri tərəfindən Azərbaycan hökumətinin apardığı islahatlar yüksək qiymətləndirildi və onlar bu işdə bizə daim dəstək verməyə hazır olduqlarını bəyan etdilər.

Görülən işlərin nəticəsi özünü çox gözlətmədi. Biz artıq cari ili çəkinmədən iqtisadi inkişafımızda  yeni mərhələnin başlanğıc ili kimi dəyərləndirə bilərik. Bu il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda ciddi dəyişikliklərin baş verəcəyi heç kimdə şübhə doğurmur. Ötən üç ay ərzində real sektorda ixracın həcminin belə kəskin artmasını hökumətin son il yarım ərzində bu sahənin inkişafı istiqamətində atdığı qətiyyətli addımların real nəticəsi kimi dəyərləndirmək lazımdır.

Bu gün Azərbaycan hökuməti ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində çox ciddi layihələrin reallaşdırılmasına start verib. Neft-kimya sənayesi məhsullarının istehsalının və ixracının əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan bu layihələr yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək. Aqrar sektorda strateji xammal olan pambığın, baramanın, tütünün və digər məhsulların istehsalını dəfələrlə artırmağı hədəfləyən proqramlar isə öz növbəsində bu məhsulların xaricə yalnız xammal şəkilində satışını nəzərdə tutmur. Burada söbət pambığın, baramanın, tütünün və digər məhsulların ölkə daxilində emal edilməsi hesabına idxala olan tələbatı əsaslı şəkildə azaltmaqdan və həmin məhsulların ixracı yolu ilə ölkənin valyuta gəlirlərini kifayət qədər artırmaqdan gedir.

Cari ildə Bakı – Tbilisi – Qars dəmir yolunun, Şimal – Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, Ələt Beynəlxalq Ticarət Limanında tamamlama işlərinin başa çatdırılması Azərbaycanı regionun ən böyük tranzit yükdaşımalar ölkəsinə çevirəcək və son nəticədə Azərbaycan üzərindən yüz milyonlarla yükün daşınmasına şərait yaranacaq.

Azərbaycanda turizmin inkişafı istiqamətində hökumətin müəyyən etdiyi strategiya da artıq öz bəhrəsini verməkdədir. Qafqaz regionunda ictimai-siyasi sabitlik məkanına çevrilən ölkəmiz son zamanlar xarici turistlər üçün daha cəlbedici olub. Bu ilin birinci rübündə ölkəyə turist axını 25 faiz artıb. İndi bu sahədə yaxın hədəfimiz ölkəyə gələn turistlərin sayını 8-10 milyon nəfərə çatdırmaqdan ibarət olmalıdır.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

http://www.xalqqazeti.com/az/news/economy/83897


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi