Dollar ucuzlaşmaqda davam edəcəkmi?-Ekspert rəyi 10.02.2017

"Son 10 gündə Azərbaycanda manat dollara nisbətdə 10%-ə yaxın bahalaşıb. Dolların  ucuzlaşmasına bir neçə amil səbəb olub”.
 
Bunu "Sosium proqramının qonağı, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidentin milli valyutanın məzənnəsinin möhkəmlənməsinə tərəfdar olmaması barədə bəyanatı və Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmayacağı ilə bağlı gözləntilərin artması dolların məzənnəsinin ucuzlaşmasına səbəb olub. F.Yusifov bildirib ki, bu amillərlə yanaşı, bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının 4%-lik marjanı ləğv etməsi ölkədə dolların ucuzlaşmasına rəvac verib: "Mərkəzi Bank 4%-lik marjanı ləğv edənə qədər banklar xarici valyutanın, xüsusi ilə də dolların satışını praktiki olaraq dayandırmışdı. Banklar dolların alışını həyata keçirsə də bu valyutanın satışında maraqlı deyildi. Bu isə insanların müəyyən qədər narazılığına səbəb olmuşdu. Bu, xaricdə təhsil alanlar və müalicə üçün xaricə səfər edənlərə çətinlik yaratmışdı. Bu dövrdə "qara bazar” canlanmışdı. Bankların dolların satışını dayandırması və manatın daha da ucuzlaşacağı ilə bağlı xəbərlər dollara tələbatı artırmışdı. Nəticədə ABŞ milli valyutasının məzənnəsində möhkəmlənmə baş verirdi. Bu isə uzun müddət davam edə bilməzdi. Çünki, son pullarını dollara çevirən insanların, eləcə də müəssisələrin manatla olan öhdəliklərini yerinə yetirməli idi. Əhalinin və müəssisələrin manatla olan öhdəliklərini yerinə yetirməsi üçün əllərində olan dolları kütləvi şəkildə satması, eləcə də Mərkəzi Bankın 4%-lik marjanı ləğv etməsi ilə bankların dollar satışını artırması ölkədə dolların məzənnəsinin aşağı düşməsinə gətirib çıxartdı”.
 
F.Yusifov əlavə edib ki, adətən ilin sonunda xarici valyutaya tələb çoxalır, amma növbəti ilin əvvəlində tələbat azalır. Onun fikrincə, bu amil də dolların ucuzlaşmasına təsir edib. "Amma manatın qısa müddət ərzində 10%-dən çox ucuzlaşmasında bu amilin güclü təsiri olmayıb. Bu amil 1-2% səviyyəsində təsir edə bilər. Qeyd etdiyim digər amillər manatın möhkəmlənməsində əsas rol oynayıb”.
 
F.Yusifov qeyd edib ki, manatın öz dəyərini tapması bir qədər zaman tələb edəcək. "Bəzən valyutaların məzənnəsində kəskin dəyişikliklərin anormal hal olması ilə bağlı fikirlər səsləndirilir. Biz yanvarın ortalarından tam üzən məzənnəyə keçmişik. Bəzi mütəxəssislər hesab edir ki, valyuta bazarında bir oyunçu olduğundan üzən məzənnə sistemindən söhbət gedə bilməz. Mən bu fikirlərlə razılaşmıram. Azərbaycandan xaricdə çalışanlar tərəfindən ölkəyə müxtəlif hesablamalara görə 2 milyard dollar daxil olur. Bundan başqa, qeyri-neft sektorundan ixrac hesabına 1,2 milyard dolların daxil olur. Bunları nəzərə almadan valyuta bazarında bir oyunçunun olması ilə bağlı fikirlərlə razılaşmıram”, - deyə F. Yusifov vurğulayıb.
 
İqtisad elmləri doktoru hesab edir ki, bu il Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manatlıq transfert makroiqtisadi sabitliyin qorunmasında və manatın məzənnəsinin sabit olmasında mühüm rol oynayacaq. F.Yusifov qeyd edib ki, ölkədə həyata keçirilən islahatlar və ardıcıl iqtisadi tədbirlər qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq. Onun fikrincə, idxalın müəyyən hissəsinin yerli istehsal hesabına təmin edilməsi və ixracın artması milli valyutanın məzənnəsinin sabitləşməsi ilə nəticələnəcək.     
 
 
Biab.az verilişin videoyazısını təqdim edir:



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi