Azərbaycan daha bir beynəlxalq uğura imza atdı

Fikrət Yusifov: "Bu hesabat vətəndaşların gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti baxımından Azərbaycanın gedərək daha böyük uğurların müəllifinə çevrilməsinin növbəti təsdiqidir”

Dünya İqtisadi Forumu (WEF) «İnklüziv Artım və İnkişaf – 2017» hesabatını açıqlayıb. Hesabatda 79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycan Litvadan sonra 2-ci yerdə qərarlaşıb. 

İnklüziv İnkişaf İndeksi (IDI) adlanan bu göstərici gəlir, səhiyyə, yoxsulluq və davamlılıq sahəsi üzrə verilənlər əsasında hazırlanır. WEF gəlir və sərvətin bölünməsini, yoxsulluğun səviyyəsini öyrənir. Sənəd müəlliflərinin fikrincə, yaşam standartlarında davamlı, hərtərəfli inkişaf milli iqtisadi göstəricinin əsas hədəfi sayılmalıdır, siyasətçilər ÜDM artımındansa, bunu əsas götürməlidirlər. Həmin konsepsiyaya gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti də daxildir. Bu baxımdan, sənəddə ayrı-ayrı ölkələrin göstəriciləri dəyərləndirilir. Hesabatda deyilir ki, 82 inkişaf etməkdə olan ölkədən 18-də İnklüziv İnkişaf İndeksi adambaşına düşən ÜDM-dən 9 vahid, yaxud daha yüksəkdir: "Bu ölkələrdən altısı – Azərbaycan, Nikaraqua, Vyetnam, Kamboca, Banqladeş və Nepalda IDI adambaşına ÜDM göstəricilərindən 20 pillə yuxarıdır. Bu da onu göstərir ki, bu ölkələrin inkişaf modeli adambaşına gəliri daha yüksək olan ölkələrdən daha balanslı və inklüzivdir”.

Sənədə münasibət bildirən sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, məhz bu hesabat vətəndaşların  gəlir, iqtisadi imkanlar, təhlükəsizlik və həyat keyfiyyəti baxımından Azərbaycanın  gedərək daha böyük uğurların müəllifinə çevrilməsinin növbəti təsdiqidir: "İnklüziv inkişafın mərkəzində insan amili dayanır. Burada insanın həyat və fəaliyyətinə aid mədəni, təhsil, səhiyyə, elm, əmək fəaliyyəti, sosial təminat kimi məsələlər aparıcı hesab olunur. 
Bu gün dünya dəyişir. Dəyişən dünyada bir çox məsələlər kimi, ölkələrin də inkişaf səviyyəsinə qiymət verəcək ölçülər də dəyişir. Əgər əvvəllər bu ölçülər ölkədə daha çox Ümumi Daxili Məhsul istehsalı və buna uyğun başqa göstəricilərlə xarakterizə edilirdisə, indi əsas ölçü hər bir ölkədə  insanın yuxarıda dediyimiz xidmətlərlə necə təmin edilə bilməsi hesab olunur. Bu müstəvidə iqtisadi cəhətdən yaxşı inkişaf etmiş bəzi ölkələrin çox aşağı pillələrdə yer alması onların bu məsələlərin həllində vətəndaşlarına hansı səviyyədə diqqət yetirməsindən xəbər verir. Otuz inkişaf etmiş ölkə içərisində ABŞ-ın yalnız 23-cü yeri tutması heç də təsadüfi deyil. ABŞ-da mövcud olan səhiyyə problemləri kifayət qədər ciddidir. Artıq son bir neçə prezident bu sahədə əsaslı islahatlar aparacağına söz versə də, sonda bunun  öhdəsindən gələ bilməyib. İndi yeni inkişaf kriteriyası ilə hər şey insana hesablanmalıdır”.
Professor əlavə etdi ki, Azərbaycan hökumətinin apardığı sosial siyasətin fəlsəfəsini insanların həyat tərzini yaxşılaşdırmaq təşkil edir: "Ölkədə aparılan iqtisadi islahatların da başlıca məqsədi Azərbaycan insanının həyat tərzini yaxşılaşdırmağa, onu lazım olan səviyyədə səhiyyə, təhsil, elm, mədəni ehtiyaclarını ödəməyə və iş yerləri ilə təmin etməyə yönəlib. Bu səbəbdən də Dünya İqtisadi Forumu «İnklüziv Artım və İnkişaf – 2017» hesabatında 79 inkişaf etməkdə olan ölkə sırasında Azərbaycana Litvadan sonra 2-ci yeri ver tutması heç də təsadüf deyil”.

Mübariz BAYRAMOV

http://www.movqe.az/news/iqtisadiyyat/95066.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi