“Qaçqınkom” niyə ləğv edilmir?

Fikrət Yusifov: "Komitənin ləğvi siyasi cəhətdən düzgün addım olmaz”

Son günlərdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) ləğv ediləcəyi barədə xəbərlər intensiv xarakter alır. Nəzərə çatdıraq ki, komitənin bir sıra səlahiyyətləri əlindən alınıb. Bundan sonra komitə məcburi köçkünlərə kommunal xidmətlər üzrə tətbiq edilən xüsusi limitlərlə bağlı onların  yerinə borc ödəməyəcək.

Əvəzində məcburi köçkünlərə həmin limitin pulu veriləcək və ödənişi onlar özləri həyata keçirəcəklər. Bu da bir məsələni daha çox gündəmə gətirib. Əgər yayılan xəbərlər reallaşacaqsa, o zaman "Qaçqınkom” lazımsız bir struktura çevriləcək və komitə daxilində ciddi islahatlara ehtiyac yaranacaq. Bu da qurumun ləğvi ehtimalını artırır. 

"Qafqazinfo” məsələni aydınlaşdırmaq üçün "Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A. Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: "Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub.  Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı "Qaçqınkom” tərəfindən "Azərsu” ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri "Azərsu”ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir”.

"Azəriqaz”-ın Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də "Qafqazinfo” ya açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə "Qafqazinfo”ya bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: "Hazırda əvvəlki qaydada ödənişlər həyata keçirilir”.

Nəzərə çatdıraq ki, hələ bir neçə ay öncə "Qaçqınkom”un ləğvi məsələsi parlamentdə də gündəmə gətirilmişdi. 

Hazırda davam edən iqtisadi böhranla bağlı tez-tez bəzi qurumların ləğvi, yaxud funksiyaları oxşarlıq təşkil edən digər qurumlarla birləşdirilməsi  məsələsi gündəmə gəlir. Dövlət vəsaitinə qənaət baxımından belə addımlar vacib hesab olunur. 

"Qaçqınkom”un ləğv ediləcəyi ilə bağlı yayılan xəbərlərə yanaşmalar da birmənalı deyil. Bəziləri bir milyondan çox məcburi köçkünü olan bir ölkədə bu qurumun mövcudluğunu vacib sayırlar. Bu fikirlərin əksini söyləyərək, komitənin əhəmiyyətli qurum olmadığını deyənlər də var.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hazırda struktur islahatlarının aparıldığını qeyd etdi: "Bu gün mətbuat səhifələrində ölkədə aparılan struktur islahatları ilə bağlı bir çox nazirlik, komitə və digər qurumların ləğv ediləcəyi, bəzilərinin birləşdiriləcəyi, bəzilərində isə ciddi ixtisarlar aparılacağına dair fikirlər səslənir. Əslində artıq iki ilə yaxındır ki, ölkədə bu islahatlar aparılır. Ötən dövr ərzində bəzi qurumlar ləğv edilmiş, bəzi qurumlarda isə ciddi ixtisarlar aparılmışdı. Qarşıda daha ciddi struktur islahatlarının aparılacağı gözləniləndir. Lakin bu islahatlar aparılarkən onlara sırf texniki yanaşım düzgün sayıla bilməz. Məsələn, elə strukturlar var ki, doğrudan da onları çox asanlıqla ləğv edib, funksiyalarının bir qismini ASAN Xidmətə, başqa bir qismini isə müvafiq nazirlik və komitələrə vermək olar. Digər tərəfdən nəzərə almaq lazımdır ki, struktur islahatları yalnız hansısa qurumların ləğvi və ya ixtisarını nəzərdə tuta bilməz. Ölkədə aparılan islahatlar kontekstində bəzi yeni qurumların yaradılmasına zərurət var və son illərdə bir neçə belə qurumlar artıq yaradılıb. Hesab edirəm ki, bu da hələ son deyil”.

 

İqtisadçı alim "Qaçqınkom”un ləğvini mümkünsüz sayır: "Elə qurumlar var ki, onların ləğvi indiki şəraitdə sadəcə mümkünsüzdür. Belə qurumlardan biri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Bu komitənin ləğv olunacağı ilə bağlı mətbuat səhifələrində müxtəlif fikirlər səslənir. Öncə onu deyək ki, komitənin ləğvi ən azından siyasi cəhətdən düzgün addım olmaz. Bir anlığa təsəvvür edin, biz bir tərəfdən bütün dünyaya bəyan edirik ki, ölkəmizdə 1 milyon 200 min qaçqın və məcburi köçkün var, digər tərəfdən isə bu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə cavabdeh olan yeganə dövlət qurumunu ləğv edirik. Bu nə qədər doğru ola bilər? Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsində komitənin əsas fəaliyyətini xarakterizə edən tək bir müddəa çox mətləbləri aydınlaşdırır. Orada deyilir: "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən bir qurumdur”. Başqa bir misal. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər, lakin onlar siyasi mənada "qaçqın" statusunu və öz ölkələrinə qayıtmaq hüququnu saxlayırlar”. Nəzərə alaq ki, ölkənin 62 şəhər və rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkünlərin problemlərinin bu gün bir mərkəzdən idarə olunması olduqca vacibdir. Torpaqlar işğaldan azad olunduqdan sonra isə qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərində məskunlaşması ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bilavasitə məşğul olacaqdır”.

Məsələ ilə bağlı sözügedən qurumun mövqeyini dəfələrlə almağa cəhd etdik. Lakin zənglərimizə cavab verilmədi. 

Cavanşir ABBASLI 

http://musavat.com/news/dunya/qachqinkom-niye-legv-edilmir_408892.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi