Sabiq nazir ölkənin əsas bəlasından danışdı

Fikrət Yusifov: "Korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yara, xəstəlikdir”

"Keçən il konstitusiyaya edilən məlum dəyişikliklərdən sonra hökumətin ciddi struktur islahatları aparacağı gözləniləndi. Hesab edirəm ki, yaxın aylar içərisində biz belə dəyişikliklərin şahidi ola biləcəyik”. 

Sabiq maliyyə naziri Fikrət Yusifov bu fikirləri "Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Ölkədəki neqativlərin, rüşvət və korrupsiyanın, məmur özbaşınalığının aradan qaldırılmasında kadr islahatlarını vacib sayan iqtisadçının sözlərinə görə, hər bir struktur dəyişikliyi adətən kadr islahatları ilə müşayiət olunur: "Bu kompleks addımların atılması bir tərəfdən idarəçilikdə çevikliyin artırılmasını hədəfləyirsə, digər tərəfdən korrupsiya hallarının və digər neqativ halların aradan qaldırılmasına xidmət edir. Baxın, bir ”ASAN xidmət"in yaradılmasi ilə vətəndaş - məmur münasibətlərinə aid nə qədər məsələlərin həlli ora ötürüldü? Kim deyə bilər ki, ”ASAN xidmət" müəssisələrində hansısa rüşvət və ya korrupsiya faktı ilə rastlaşıb? Hər kəsə aydındır ki, bu xidmətin yaradılması vətəndaş - məmur münasibətlərindəki bütün neqativ məqamları tamamilə aradan qaldırdı. ”ASAN xidmət" müəssisələrinin şəbəkəsinin getdikcə daha da genişləndirilməsi və vətəndaş - məmur münasibətlərinə aid bir çox digər məsələlərin bu xidmətə verilməsi, hökumətin rüşvət və korrupsiyaya qarşı apardığı mübarizənin tərkib hissəsi kimi dəyərləndirilməlidir. 2016-cı ildə ”ASAN xidmət" mərkəzlərinin sayı 11-ə, bu xidmətdən istifadə edənlərin sayı 13 milyona çatıb". 

Keçmiş nazir qeyd etdi ki, Azərbaycan hökumətinin korrupsiya və rüşvətə qarşı apardığı mübarizə 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbulundan sonra daha da güclənib və sistemli xarakter alıb: "Bu məsələdə ölkə prezidentinin siyasi iradəsi və problemlə bağlı onun müəyyən etdiyi kursun əhəmiyyəti danılmazdır . Dövlət başçısının ”heç kimin toxunulmazlıq statusu ola bilməz" kimi çağırışı, tutduğu vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir məmur üçün ciddi bir xəbərdarlıqdır. 

Prezidentinin ölkədə korrupsiyaya qarşı elan etdiyi mübarizənin əsas hədəfləri onun səsləndirdiyi bu fikirlərdə çox aydın bir şəkildə ortaya qoyulub:  "Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, təklifləri ilə müraciət etsinlər. Yəni güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yara, xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir”. Bu bəyanatdan sonra atılan mühüm addımlardan biri də keçən il noyabrın 7-də "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna  edilən dəyişikliklər oldu. Dəyişikliyə əsasən,  korrupsiya faktı barədə məlumat verən şəxs özü istəmirsə, səlahiyyətli struktur, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Bu bilgi yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanacaq. Eyni zamanda korrupsiya ilə əlaqədar məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq".

F.Yusifov onu da vurğuladı ki, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın beynəlxalq əlaqələri getdikcə daha da genişlənir: "Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının ”Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub.  Yanvarın 16-da Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə barəsində verdiyi hesabatda qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə edilməsi "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub. Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq Təşkilatının "Korrupsiya Qavrama İndeksi” və "Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyinin irəliləməsini, "2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondentlərin 79 faizi korrupsiyanı ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini diqqətə çatdırıb.  Bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətə qarşı aparılan sistemli mübarizə artıq öz səmərəsini verməyə başlayıb".

Cavid TURAN

http://musavat.com/news/iqtisadiyyat/sabiq-nazir-olkenin-esas-belasindan-danishdi_408671.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi