Prezident sözünü dedi, indi növbə iqtisadi komandanındır

Dövlət başçısının 2017-ci illə bağlı hədəfləri göstərməsinə ölkə ekspertlərindən ilginc reaksiyalar;
Vahid Əhmədov: "Bundan sonrakı iş komandadan asılıdır”

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Ölkə rəhbəri ötən ili dəyərləndirməklə yanaşı, cari ildəki hədəfləri göstərdi, konkret vəzifələrlə bağlı hökumətə tapşırıqlar verdi. 

Prezident qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı, turizm, sənayenin inkişafı, bank sektorunun sağlamlaşdırılması və digər məsələlərlə bağlı həyata keçirilməli tədbirlərdən danışarkən Azərbaycanın valyuta ehtiyatlarını xatırlatdı, ölkəmizin durumunun ümidsiz olması barədə proqnozları təkzib etdi. 

Eyni zamanda ölkə rəhbəri işğalçı Ermənistana və onun havadarlarına mesajlarını da səsləndirib. Qeyd edib ki, Azərbaycan bundan sonra da hərbi qüdrətinin artırılması üçün ən müasir silahlar almaqda davam edəcək. Dövlət başçısının sosial-iqtisadi və hərbi məsələlərlə bağlı çıxışını iqtisadi və hərbi ekspertlər "Yeni Müsavat”a şərh edib. 

"2017-ci il də 2016-cı il kimi o qədər də asan olmayacaq”. 

Bu fikirlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova məxsusdur. Deputatın fikrincə, ölkə başçısının müşavirədəki çıxışından da bir daha aydın oldu ki, Azərbaycanın qarşıya qoyduğu məsələlər çox ciddidir: "Dövlət başçısı tərəfindən strateji yol xəritəsinin təsdiq olunması da bunun sübutudur. Bu proseslər 12 istiqamətdə həyata keçirilməlidir və təbii ki, bunun üçün müəyyən qədər vəsait lazımdır”. V.Əhmədov qeyd etdi ki, qarşıya qoyulan hədəflərə maksimum şəkildə tez çatmaqdan ötrü prezidentin ən çox irad tutduğu sahələr - bank sistemində sağlamlaşdırma, şəffaflıq prosesi ciddi şəkildə, qısa müddətdə həyata keçirilməlidir: "Bunun üçün ciddi addımlar atılmalıdır. Çünki biz bank sistemini sağlamlaşdırmasaq, ümumi iqtisadiyyatın inkişafından danışmaq qeyri-mümkündür. Ümumiyyətlə, bunlar çox ciddi məsələlərdir. Cənab prezident bütün sahələrə toxundu, 2017-ci ildə hansında ki, müəyyən artımlar gözlənilir, o sahələrin anonsunu verdi. Amma mən hesab edirəm ki, bu il o qədər də asan il olmayacaq. Yəni müəyyən problemlər var. Düzdür,  bir sıra sahələrdə müəyyən addımlar atılıb. Amma bunların bəhrəsini biz hardasa 2018-19-cu illərdə görəcəyik”. 

 

V.Əhmədov bildirdi ki, 2017-ci ildə istər manat-dollar nisbəti, istər bank sistemi, istər ümumi Azərbaycan iqtisadiyyatı, istərsə də neftin qiyməti ilə bağlı gözləntiləri var: "ABŞ prezidenti 20 yanvarda inauqurasiyasını keçirəcək, ondan sonra hansı istiqamətlərdə nə kimi yeniliklərin olacağını, hansı siyasi addımların atılacağını gözləyirik. Ən əsası odur ki, dövlət başçısı bütün məsələləri dərindən bilir və bu məsələlərlə əlaqədar özünün ciddi təhlilini, proqnozlarını və göstərişlərini verdi”. İqtisadçı deputat hesab edir ki, bundan sonrakı vəziyyət  əsasən Azərbaycan hökumətinin aparacağı siyasətdən asılıdır: "Bundan sonrakı iş komandadan asılıdır. İndi biz gözləyirik. Komandada da müəyyən dəyişikliklər olmalıdır. Çünki Azərbaycanda konstitusiya dəyişikliklikləri ilə bağlı referendum keçirilib, vitse-prezidentlik institutlarının təsdiqi lazımdır. Yəni çox ciddi şəkildə kadr islahatları getməlidir. Bundan sonra nəsə gözləmək olar”.

 

İqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov isə ölkə başçısının nikbin fikirlərini bölüşərək bildirdi ki, neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən valyuta gəlirlərinin bir neçə dəfə azalması tikinti sektorunda müəyyən tənəzzül yaratsa da, ötən ildə ölkə iqtisadiyyatının qeyri-neft sənayesində və aqrar sektorda pozitiv nəticələr əldə olunub: "Hesab edirəm ki, bu, ilk növbədə Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı atdığı konkret addımların nəticəsində mümkün oldu. Yola saldığımız ildə iqtisadi islahatların sürətləndirilməsini təmin edə biləcək çox əhəmiyyətli qərarlar qəbul edildi. Buna görə də 2016-cı ili doğrudan da sürətli iqtisadi islahatların başlanğıc ili kimi dəyərləndirmək olar. Ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləmiş bu islahat proqramlarının uğurla reallaşdırılması yaxın bir neçə il ərzində iqtisadiyyatın neftdən asılılığını optimal bir həddə endirmək gücündədir. İqtisadi islahatlara Azərbaycan hökumətinin verdiyi önəm dünyanın bir çox aparıcı maliyyə institutlarının da diqqətindən yayınmayıb. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2016-cı böhran ilində dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb. Prezidentin yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dediyi kimi - bu, rekord göstəricidir. Bu göstəriciyə görə biz MDB məkanında birinciyik”. F.Yusifovun fikrincə, əslində bir ölkənin iqtisadiyyatında böhranlı durum varsa, onda bu göstərici bir qədər pisləşməli idi: "Bizim halda isə bunun əksi baş verdi. Ümumi iqtisadi azalmalara baxmayaraq, biz bu sırada 3 pillə irəliləyə bildik. Deməli, nüfuzlu beynəlxalq qurumlar 2016-cı ildə start verdiyimiz islahatları yüksək qiymətləndirirlər. Yola saldığımız 2016-cı ildə Azərbaycan iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulub. Ümumilikdə ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 11,7 milyard dollar təşkil etmişdi”. 

"Hesab edirəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında hərbi sahə ilə bağlı çox önəmli mesajlarından dərhal Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna səfər etməsi də çox böyük siyası və hərbi anlam daşıyırdı”. 


Bu fikirlər isə hərbi ekspert Üzeyir Cəfərova məxsusdur. Ekspert prezidentin hərbi məsələlərlə bağlı dediklərini yüksək dəyərləndirdi və Azərbaycanın işğal altındakı ərazilərlə bağlı mövqeyinin dəyişməzliyinin sübutu saydı: "Naxçıvan səfəri zamanı bədnam qonşularımıza və havadarlarına məhz Ermənistanın beş addımlığında Azərbaycanın son illər əldə etdiyi və indiyə kimi heç yerdə göstərilməyən ən müasir ”Qasırğa" kompleksini nümayiş etdirməsi də sıradan bir addım deyildi. Bu, alqışlanası haldır. Qoy bizi istəməyən qüvvələr, Qarabağla bağlı məkrli planlar cızanlar ciddi-ciddi düşünüb-daşınsınlar". Ü.Cəfərovun sözlərinə görə, ölkə başçısının hərbi sahə ilə bağlı səsləndirdiyi fikirlər o qənaəti formalaşdırır ki, 2017-ci il hərbçilər üçün bütün əvvəlki illərdən daha da çətin və mürəkkəb vəzifələrin həlli baxımından zəngin olacaq: "Döyüş hazırlığının artırılması ilə bağlı təlimlərin həm miqyası, həm də tərkibi daha da mürəkkəbləşdiriləcək. İstənilən şəraitdə və vəziyyətdə verilən tapşırıqların yerinə yetirilməsi baxımından bu il hərbçilərimiz çox ”tər tökməli" olacaqlar".

E.PAŞASOY
 


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi