XXII Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işini başa çatdırıb

 
Bakıda keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz” konfransı iyunun 4-də öz işini başa çatdırıb.
 
 
BIAB.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın ikinci günündə beş sessiya keçirilib. "Enerji ehtiyat bazasının genişləndirilməsi və alternativ imkanların açılması” adlı sessiyada Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycanın Yeni Neft Strategiyası 1994-cü il sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi” kimi düşən "Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü”, dünyanın yeddi ölkəsinin 11 iri neft şirkəti ilə imzalanan məşhur saziş ilə başlanıb. "Əsrin müqaviləsi” Azərbaycanda neft hasilatının artırılmasına güclü təkan verib.

Akademik bildirib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 1995-ci ildən 990 kvadrat kilometr sahədə aparılan seysmik-kəşfiyyat işləri və qazılan əlavə quyular hesabına 500 milyon tona qədər neft, 175 milyard kubmetr qaz ehtiyatı artımı əldə edilib. Kəşfiyyat və qiymətləndirici qazma işləri nəticəsində yatağın neft ehtiyatı "Əsrin Müqaviləsi”nin imzalandığı dövr ilə müqayisədə 511 milyon tondan 1 milyard tona, qaz ehtiyatı isə 370 milyard kubmetrə çatdırılıb. "Şahdəniz”, "Ümid” və "Abşeron” yataqlarının ümumilikdə kondensat ehtiyatı 325 milyon tondur. Neft və kondensatın birgə ehtiyatı isə 825 milyon ton artıb. Azərbaycanın bu günə 2 milyard tondan artıq çıxarıla bilən neft-kondensat, 2 trilyon 600 milyard kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz ehtiyatı var. Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatı isə 6 trilyon kubmetr, neft ehtiyatı 4 milyard tondur.

"İşlənmənin əvvəlindən bu vaxtadək Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 368 milyon ton neft, 109 milyard kubmetr qaz hasil edilib. AÇG-dən hasil edilən neftin 200 milyon tonu Azərbaycanın mənfəət nefti olub”, - deyə X.Yusifzadə qeyd edib. Hazırda AÇG-dəki 80 hasilat quyusundan gündəlik 90 min ton neft, 34 milyon kubmetr qaz hasil olunur. Ötən il AÇG-dən hasil edilən 34 milyon ton neftin 22,5 milyon tonu, yəni 66 faizi Azərbaycanın mənfəət nefti olub.

X.Yusifzadə bildirib ki, "Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıdıb. Ancaq, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz” yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən bir ölkə kimi də tanıtdı. İşlənmənin əvvəlindən bu vaxtadək "Şahdəniz" yatağından 62 milyard kubmetr qaz, 16 milyon ton kondensat hasil edilib. Bu il iyunun 1-dək "Şahdəniz 1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Gürcüstana 4,6 milyard kubmetr, Türkiyəyə isə 34 milyard kubmetr qaz nəql olunub.

Akademik qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və SOCAR alimlərindən ibarət neft-qaz yataqlarının işlənməsi üzrə birgə işçi komissiyası yaradılıb. Bu komissiya Azərbaycandakı köhnə yataqlarda neftvermə əmsalını artırmağa xidmət edəcək.

Sessiyada bp AGT-nin hasilat üzrə vitse-prezidenti Qreq Raylinin "Xəzər dənizində kəşfiyyat işləri: "Şəhdəniz” layihəsinin 15 illik təcrübəsinin Cənubi Xəzərdə tətbiqi”, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin "Xəzər dənizinin qaz hidratları”, "SOCAR-AQŞ”nin baş direktoru Ramin İsayevin "Xəzər dənizində qazma əməliyyatları – yeni imkanlar”, "Total Exploration and Production Absheron B.V” şirkətinin birgə müəssisə və planların işlənib hazırlanması üzrə direktoru Erik Meyerin "Abşeron qaz-kondensat yatağının işlənməsinə dair yeni yanaşma” adlı məruzələri dinlənilib.

İkinci günün proqramında dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının nümayəndələrinin, neft-qaz sənayesinin aparıcı ekspertlərinin və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışlarına yer verilib. Konfransın növbəti sessiyaları isə "Qazma və istehsal texnologiyaları”, "İnsan resursları və biznes proseslərinin səmərəliliyi”, "Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi” və "Azərbaycanda neft emal və neft-kimya sənayesində baxış və inkişaf perspektivləri” mövzularına həsr olunub.

Sessiyalarda maraqlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bununla da konfrans öz işini başa çatdırıb.


 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi