Bilik, texnologiya, təhsil üzərində köklənən yeni iqtisadi yüksəliş

Fikrət Yusifov: "Biz dövətin apardığı bu siyasətin iqtisadiyyatımıza verəcəyi töhfələri görə biləcəyik”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əl-Cəzirə” televiziyasına müsahibə verib. Ölkə rəhbəri bildirib ki, Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır: "Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq”. Mütəxəssislər bildirirlər ki, Prezidentin bu cür açıqlaması ilə ölkədə bilik, texnologiya, təhsil, qeyri-neft sektorunun daha sürətlə inkişaf edəcəyinə işarədir. 

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, bu suala cavab tapmaq üçün tarixə qısa bir səyahət kifayət edər: "Amerika Birləşmiş Ştatları və iqtisadi cəhətdən ciddi inkişaf yolu keçmiş digər ölkələrin təcrübəsi iqtisadi yüksəlişin kökündə bilavasitə elmin dayandığını artıq çoxdan sübut edib. ABŞ-n bu sahədəki təcrübəsi isə daha unikaldır. Bu ölkədə dünyanın hər yerindən elmli, bilikli, bacarıqlı adamları -  bir sözlə "beyinləri” cəlb etmək dövlət siyasətinə çevrilib. Dərin elmi və böyük praktikası olan insanların bu ölkəyə gəlişi üçün "yaşıl işıq” yandırılıb.  Yəni, bu siyasətin fəlsəfəsi belə insanlara çox yüksək əmək haqqı müəyyən edib, normal fəaliyyət şəraiti yaratmaqla başqa "beyinlərin” də ölkəyə axınını stimullaşdırmaqdan ibarət olub.
 
Ağıllı beyinlərin ölkəyə axınını təşkil edən dövlət çox yaxşı bilir ki, bu yolda onun çəkdiyi xərclər sonradan yüz milyardlarla gəlir gətirə biləcək. Bugünkü ABŞ iqtisadi qüdrətinin kökündə duran əsas dayaqlardan biri də məhz budur. Bu proses xüsusilə ikinci dünya müharibəsindən və Sovetlər Birliyinin süqutundan sonra daha böyük sürətlə gedib. Bu gün ABŞ-ın yüksək texnologiyaları istehsal etmək sahəsindəki uğurları bir çox inkişaf etmiş ölkələri belə bu sahədə ondan asılı vəziyyətə sala bilir. Son illər artıq Çin də çox ciddi olaraq bu yolla getməyə başlayıb. Artıq onlar da bu sahəyə pul xərcləməkdə tam əliaçıqlıq nümayiş etdirirlər. Bir sözlə, Çin yaxın zamanlarda yüksək texnologiyaların məhz öz ölkəsində istehsalını hədəfləyib. Yəni, bu ölkə artıq başqa ölkələrdə istehsal olunan texnologiyaların surətinin çıxarılması praktikasından yeni, daha müasir texnologiyaların özündə istehsalına keçmək yolunu tutub. Bunu  isə elmi əsaslar olmadan etmək mümkün deyil. Bu səbəbdən indi Çin höküməti dünyanın hər yerindən ən yaxşı alimlərin və mütəxəssislərin öz ölkəsinə cəlb etməyin çox münasib yollarını müəyyən edir. Onlar artıq ötən illər ərzində bu sahədə bir çox uğurlar əldə edə biliblər. Bir sözlə, elmsiz inkişaf yoxdur! Bu səbəbdən də ölkəmizdə təhsilin və elmin inkişafına dövlətimiz bu qədər önəm verir. Hesab edirəm ki, yaxın illər ərzində biz dövətin apardığı bu siyasətin iqtisadiyyatımıza verəcəyi töhvələri görə biləcəyik”.

Mübariz BAYRAMOV



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi