Azərbaycan 3 ilə «yuxarı orta gəlirli ölkə» ola bilərmi?

«Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının hədəflərindən biri də dövrün sonuna ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmini iki dəfə artıraraq 13 min ABŞ dollarına çatdırmaqdır.

Sənəddə Azərbaycanın 2020-ci ilədək Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tamhüquqlu ölkə olması hədəflənir. Məqsəd hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığı aradan qaldırmaq, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən, «yüksək insan inkişafı» ölkələri qrupunda yuxarı sıralara yüksəlməkdir.
Bu, nə qədər realdır?

Azərbaycan Dünya Bankının (DB) «yuxarı orta gəlirli» ölkələr qrupuna digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuşdu. DB-nin təsnifatına görə, adambaşına ÜDM 1025 ABŞ dollarından aşağı və daha az olan ölkələr aşağı gəlirli, 1026 – 4 min 35 ABŞ dolları olan ölkələr aşağı orta gəlirli, 4 min 36 – 12 min 474 ABŞ dolları olan ölkələr yuxarı orta gəlirli, 12 min 476 və daha çox ABŞ dolları olan ölkələr isə yüksək gəlirli ölkələr sayılır.
Ancaq Azərbaycan nəinki «yuxarı orta gəlirli» ölkələr sırasında mövqeyini sabit saxlamayıb, üstəlik, keçən il bir pillə də düşüb. Belə ki, 2015-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM 5 min 558 dollar olub. Keçən il isə adambaşına düşən ÜDM 6 min 223 manat olub ki, bu da bugünkü məzənnə ilə 3 min 449 dollar edir. Bu da o deməkdir ki, Dünya Bankının təsnifatı ilə Azərbaycan «aşağı orta gəlirli» ölkələr sırasına geriləyib.
İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Azərbaycanın 2020-ci ilədək Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında tamhüquqlu ölkə olması mümkün olmayacaq.

Onun sözlərinə görə bu hədəfə çatmaq üçün iqtisadiyyatda ciddi və əsaslı artrım nəticəsində mümkün ola bilər. Ekspert deyir ki, yaxın 3 il ərzində isə belə bir artımlar nəzərdə tutulmur. Qubad İbadoğlunun fikrincə, həm manatın devalvasiyasının davam etməsi, həm iqtisadiyyatın böhranlı vəziyyətdə qalması bu hədəfə çatmağı imkansız edir.
 
Qubad İbadoğlu: "mümkün olmayacaq"

İqtisadçı Nazim Bəydəmirli bu hədəflərə çatmağı arzu edir. Amma ekspert bildirir ki, bu hədəflərə çatmaq bir şərtlə mümkündür. Onun sözlərinə görə, bu hədəflərə çatmaq üçün çox ciddi islahatlar aparılmalıdır.
Ekspert deyir ki, bunlar həm məhkəmə sistemində, həm də institutsional islahatlar olmalıdır. Nazim Bəydəmirlinin fikrincə, bu islahatlar aparılmazsa həmin hədəflərə çatmaq pessimist görünür.
 
Nazim Bəydəmirli: "bir şərtlə mümkündür"

Keçmiş Maliyyə naziri Fikrət Yusifovun fikrincə imzalanan yol xəritələrində hər bir sahənin inkişafı nəzərdə tutulan qaydada təmin edilcəksə hədəflərə çatmaq mümkündür.
Onun sözlərinə görə, əsas məsələ həmin proqramların nəzərdə tutulan qaydada icra edilməyindən asılıdır. Fikrət Yusifov deyir ki, bunun üçün hər bir məmur bütün gücü ilə çalışmalıdı. Ekspertin fikrincə, real sektoru inkişaf etdirmək mümkün olsa, göstəriciləri daha tez yaxşılaşdırmaq mümkündür.
 
Fikrət Yusifov: "hər bir məmur var gücü ilə çalışmalıdır"

https://www.azadliq.org/a/28243578.html



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi