pattern

MÜSAHİBƏ

ANA SƏHİFƏ | MÜSAHİBƏ

Fikrət Yusifov: “Bunun heç bir qanuni əsası yoxdur”

3/12/2021

  • paylaş:

Zaman-zaman bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı mübahisələr yaşanır. Bu sahədə mövcud olan əsas problemlərdən biri də bələdiyyələrin sənədsiz evlərə də vergi tələb etməsidir. Qanunvericiliyə görə, mənzilin çıxarış sənədi və ya orderi yoxdursa, bələdiyyələrin həmin evlərdən əmlak vergisi toplamaq səlahiyyəti yoxdur. Ancaq müşahidələr göstərir ki, bələdiyyələr bunu nəzərə almırlar. Xüsusən də Bakıətrafı kənd və qəsəbələrdə bələdiyyələr, necə gəldi, sənədsiz evlərdən də əmlak vergisi yığırlar. Diqqətçəkən məqam odur ki, bələdiyyələr bir çox vətəndaşın bununla bağlı məlumatsızlığından bilavasitə sui-istifadə edirlər. Əksər halda sənədi olmayan sakinlər bələdiyyələrə torpaq və əmlak vergisini ödəmək məcburiyyətində qalırlar. Əks halda, sakinlər müxtəlif məhdudiyyətlərlə üz-üzə qalırlar. Düzdür, bələdiyyələr özünüidarəetmə təşkilatı olmaqla yanaşı, həm də özünümaliyyələşdirmə qurumudur. Bələdiyyələrin maliyyələşməsi fiziki şəxslərdən toplanan əmlak vergisi, mənfəət vergisi və sanatoriya, kurortlardan əldə etdiyi gəlir hesabına baş verir. O ki, qaldı bələdiyyələrin sakinlərdən tələb etdiyi torpaq və əmlak vergisinə, bu heç də sadalananların hamısına aid deyil. Əmlak vergisi isə yalnız çıxarışı olan, sənədli evlərdən tələb olunur. Bələdiyyələr sənədsiz evlərdən, qanunsuz tikililərdən yalnız torpaqdan istifadə etdiyi üçün torpaq vergisi ala bilər. Maraqlıdır, bələdiyyələr çıxarışı olmayan mənzillərdən hansı əsasla vergi yığırlar? “Bələdiyyələr, faktiki olaraq, özlərini doğrulda biləcək fəaliyyət ortaya qoya bilməyiblər” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, bələdiyyələrin çıxarışı olmayan evlərdən əmlak vergisi toplamaları qanunsuzdur: “Bunun heç bir qanuni əsası yoxdur. Hər bir fəaliyyət qanun çərçivəsində olmalıdır. Bələdiyyələr vətəndaşların məlumatsızlığından istifadə edərək bu cür addımlar atırlar. Ümumiyyətlə, bələdiyyələrin Azərbaycanda fəaliyyəti çox aşağı səviyyədədir. Bələdiyyələr, faktiki olaraq, özlərini doğrulda biləcək fəaliyyət ortaya qoya bilməyiblər. Bu qurumlar, sadəcə, pul toplamaq məqsədi güdürlər. Ona görə də hesab edirəm ki, bizim bələdiyyələr öyrənməlidirlər. İnkişaf etmiş ölkələrdə bələdiyyələrin fəaliyyətini, bu qurumların hansı işlər görməsini öyrənməlidirlər. Təkcə vergi toplamaqla iş bitmir ki. Ərazinin abadlığına, yığılıb qalmış problemlərin həllinə də diqqət etmək lazımdır. Özü də bu işlərlə bağlı əsaslı fəaliyyət ortaya qoymaqla baxmaq lazımdır. Bu gün dünyada bələdiyyələrlə bağlı bəlli praktika var. Biz demirik ki, bizim bələdiyyələr nəsə yeni bir idarəçilik icad etsinlər. Sadəcə, dünyada qəbul olunan qaydaları öz fəaliyyətlərində tətbiq etsinlər. Reallıq ondan ibarətdir ki, bizim bələdiyyələr bunu etmək istəmirlər. Ona görə də Bakıda və digər yerlərdə bələdiyyələr daha çox fəaliyyətsizlikləri ilə diqqəti cəlb edirlər. Ortada bu qurumların fəaliyyəti yoxdur. Eyni zamanda, bələdiyyələrin fəaliyyətini tənzimləyən, bununla bağlı qayda və qanunları hazırlayan qurumlar da düşünməlidirlər. Qanunları təkmilləşdirsinlər ki, bələdiyyələr bundan kənara çıxmasınlar”. Professor hesab edir ki, sözügedən işlər görülmədən bələdiyyələrin fəaliyyətində dönüş yaratmaq çətin olacaq.