logo
logo

Copyright © 2021 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Fikrət Yusifov: “Bizdə problem ondadır ki, meliorasiya sahəsində işlər səmərəli təşkil olunmayıb”

Fikrət Yusifov: “Bizdə problem ondadır ki, meliorasiya sahəsində işlər səmərəli təşkil olunmayıb”

06/04/2021

3 dəq. oxu

“Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur”. Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib. Ölkə başçısının sözlərinə görə, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir: “Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən, buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”. Maraqlıdır, su resursları Azərbaycandan az olan ölkələrdə ölkəmizlə müqayisədə məhsuldarlıq niyə yüksəkdir? Bunun səbəbi nə ilə bağlıdır? “İsrail suyu xaricdən idxal edir, amma bu ölkədə məhsuldar kənd təsərrüfatı sahələri var” Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, su resursları az olan ölkələr müasir texnologiyalardan istifadə edirlər. Bu, vacib şərtlərdən biridir. Müasir texnologiyalardan istifadə olunması su resurslarının daha səmərəli işlədilməsinə və yüksək məhsuldarlıq əldə edilməsinə şərait yaradır. Bunların hamısı həm də ciddi xərc tələb edir. Eyni zamanda, işin düzgün təşkili və su resurslarının ədalətli bölgüsü effektiv nəticənin əldə olunmasında vacib rol oynayır. Ümumiyyətlə, su resursları hər yerdə çatışmır. Ancaq əsas məsələ odur ki, bu sahədə işi düzgün qurasan. Bizdə problem ondadır ki, meliorasiya sahəsində işlər səmərəli təşkil olunmayıb. Belə olmasaydı, o zaman Azərbaycanda məhsuldarlıq daha yüksək olardı. İsrail suyu xaricdən idxal edir, amma bu ölkədə məhsuldar kənd təsərrüfatı sahələri var. Nəyin hesabına? İşin səmərəli qurulması və müasir texnologiya, idarəçilik hesabına. Bu mənada, Azərbaycanda görüləcək işlər çoxdur. Biz Avropa ölkələrinin təcrübəsini öyrənməliyik. Müasir metodların tətbiqi genişləndirilməlidir. Yalnız bütün bunlardan sonra ciddi nəticələrə nail olmaq olar”. Professor hesab edir ki, yeni rəhbərlik Prezidentin tapşırıqlarından ciddi nəticə çıxarmalıdır.