pattern

MÜSAHİBƏ

ANA SƏHİFƏ | MÜSAHİBƏ

Fikrət Yusifov: “Tikinti məhsulları istehsalı sahəsində artım iqtisadiyyatın digər yan sahələrinə də müsbət təsir göstərir"

2/23/2021

  • paylaş:

Müşahidələr göstərir ki, bu ilin yanvar ayında iqtisadiyyatın bəzi sahələrində ötən ilin eyni ayı ilə müqayisədə artım xeyli yüksəkdir. Bu isə pandemiyanın təsirlərinin sürətlə azalmasından xəbər verir. Məsələn, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 41,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 21,2 faiz artıb. Tikintinin elə sahələri var ki, orada artım 3 dəfəyə yaxındır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti gipsinin istehsalı 2,8 dəfə, tikinti əhənginin istehsalı 52,4 faiz, sementin istehsalı 21,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 16,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,3 faiz artıb. Onu da qeyd edək ki, tikinti sektoru iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çox əməktutumludur. Bu sahədə müşahidə edilən aktivlik birbaşa olaraq ölkədəki məşğulluq səviyyəsinin artmasına öz təsirini göstərir. Tikinti sektorunda canlama həm də makroiqtisadi sabitlik baxımından əhəmiyyətlidir. Bütün bu deyilənlərlə yanaşı, pandemiyanın zəifləməsi fonunda tikinti materialları istehsalının artmasını ekspertlər necə dəyərləndirirlər? “İşğaldan azad edilən rayonların bərpa olunması amili tikinti materiallarına olan tələbatı xeyli artıracaq” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, pandemiyanın zəifləməsi fonunda tikinti materialları istehsalının artması müsbət tendensiyadır: “Görünən odur ki, iqtisadi canlanma müşahidə edildikcə, tikinti materiallarına tələbat atır. Sevindirici hal ondan ibarətdir ki, bu mallara olan tələbatın ödənilməsində yerli müəssisələrin rolu artır. Mən özüm də dəfələrlə müşahidələr aparmışam. Bəlli olur ki, istifadə edilən tikinti materiallarının çoxu yerlidir. Tikinti sektorunda daxili bazarın tələbatını ödəmək baxımından işlər yaxşı təşkil olunub. Hesab edirəm ki, qida sənayesində də artım müşahidə olunmalıdır. Görünən odur ki, pandemiyanın tədricən zəifləməsi iqtisadiyyatın müəyyən sahələrində istehsalın artmasına öz təsirini göstərir. İqtisadi aktivliyin artması müəssisələrin əvvəlki fəaliyyətinin bərpa olunmasına təkan verir. Fikrimcə, bu həm daxili bazarın tələbatının ödənilməsi, həm də tikinti sektorunun canlanması baxımından vacib amildir. Nəzərə almaq lazımdır ki, tikinti məhsulları istehsalı sahəsində artım iqtisadiyyatın digər yan sahələrinə də müsbət təsir göstərir. Nəticədə məşğulluq səviyyəsinin miqyası daha da genişlənir. Onu da nəzərə almaq lazımdır ki, işğaldan azad edilən rayonların bərpa olunması planlaşdırılır. Hesab edirəm ki, qarşıdakı dövrdə bu amil tikinti materiallarına olan tələbatı xeyli artıracaq. Nəticədə həm istehsal artacaq, həm də tikinti-bərpa işləri ilə əlaqədar çoxsaylı iş yeri açılacaq. Bu da son nəticədə əhalinin sosial vəziyyətinə və rifah halına müsbət təsir edəcək”. Professor hesab edir ki, yaz-yay aylarında aktiv tikinti işləri getdiyi üçün bu sahədə daha böyük canlanmanın olacağı gözlənir.