logo
logo

Copyright © 2021 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Fikrət Yusifov: “Nə qədər ki, ölkədə sığorta işi müvafiq tələblərə uyğun təşkil olunmayıb...”

Fikrət Yusifov: “Nə qədər ki, ölkədə sığorta işi müvafiq tələblərə uyğun təşkil olunmayıb...”

10/03/2021

3 dəq. oxu

Bu günlərdə güclü külək nəticəsində avtomobillərə ciddi ziyan dəydi. Belə ki, yıxılan ağaclar avtomobillərə zərər vurdu. Qanunvericiliyə görə, təbiət hadisəsi zamanı avtomobilə ziyan dəyirsə, bunu kasko sığorta ödəməlidir. Çünki təbiət hadisəsinə görə dəyən ziyanı avtomobillərin icbari sığortası ödəmək məcburiyyətində deyil. Bu növ sığortanın funksiyası başqasına vurduğu zərəri qarşılamaq üçündür. Nəqliyyat vasitələri təbiətin vurduğu ziyandan yalnız kasko sığorta vasitəsilə sığortalanır. Ancaq külək nəticəsində bir neçə maşının üzərinə ağac aşsa da, Azərbaycanda kasko sığorta dəymiş ziyanı ödəməkdən müxtəlif yollarla yayınır. Bununla bağlı ciddi narazılıq var. Sürücülər deyir kasko sığorta pul ödənişi ilə bağlı o qədər sənəd tələb edir ki, nəticədə onlar bundan bezirlər. Bakıda əsən güclü küləkdə avtomobillərin zərər görməsi kasko sığorta ilə bağlı yaşanan problemləri yenidən gündəmə gətirib. Bununla yanaşı, avtomobil icarəyə verən şirkətlər və sürücülər kasko sığortanın şərtlərinin ağır olmasından narazıdırlar. Həmçinin, qəzalarda sürücünün maşını hadisə yerindən kənarlaşdırması və s. bu kimi kiçik məsələlərə görə sığorta şirkətləri ödəniş etməkdən imtina edirlər. Bu da, öz növbəsində, vətəndaşlarda bu şirkətlərə qarşı inamsızlıq yaradır. Məlumata görə, kasko sığorta ilə məşğul olan bütün şirkətlər təbiət hadisələri zamanı avtomobillərə dəyən ziyanı ödəməkdən yayınırlar. “Nəticədə təbiət hadisəsinə görə avtomobillərə dəyən ziyanın ödənilməsində süründürməçilik davam edəcək” Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, kasko sığortadan olan bu narazılıqlar ümumən ölkədə sığorta sahəsində mövcud olan problemlərdən irəli gəlir: “Azərbaycanda nəinki kasko sığorta, ümumilikdə, sığorta bazarı çox zəif bir durumdadır. Halbuki, bizdən fərqli olaraq, dünyanın inkişaf etmiş ölkələrində sığorta bazarı çox böyük önəm kəsb edir. Ancaq çox təəssüflər olsun ki, bizdə sığorta bazarı çox pis vəziyyətdədir. Baxmayaraq ki, sığorta bazarının inkişaf etdirilməsi olduqca vacibdir. Lakin bizdə kasko sığorta çalışır ki, ancaq pul qazansın. Anlamaq istəmirlər ki, bunun üçün gərək müştərilərin etimadını qazanasan. Nəzərə almaq lazımdır ki, sığorta bazarı normal işləməyəndə həm yerli, həm də xarici investorlar sərmayə qoymaqdan çəkinirlər. Çünki sığorta nədir? Sığorta istənilən bir biznes fəaliyyətinin təhlükəsizliyini təmin edən tərəfdir. Təbii ki, onlar sığorta pulu yığaraq bunu edirlər. Bir sıra ticarət obyektlərində yanğınlar oldu, sahibkarların əmlakına ziyan dəydi. Soruşanda niyə əmlakınızı sığortalamırsınız, cavab bu olur ki, sığorta təşkilatları bunu öz üzərinə götürmürlər. Burada ticarət obyektlərinin də günahı var. Çünki müvafiq tələblərə əməl etmirlər. Ona görə də məsələyə kompleks yanaşılmalıdır. Kasko sığortası ilə bağlı problemlər ümumi sığorta ilə bağlı çatışmazlıqlardan irəli gəlir. Nə qədər ki, ölkədə sığorta işi müvafiq tələblərə uyğun təşkil olunmayıb, o zaman problem aradan qalxmayacaq. Nəticədə təbiət hadisəsinə görə avtomobillərə dəyən ziyanın ödənilməsində süründürməçilik davam edəcək. Ölkədə sığorta bazarı acınacaqlı vəziyyətdədir. Sığorta bazarı yaxşı işləməsə, o zaman xarici iş adamları işğaldan azad edilən rayonlara sərmayə qoymağa ehtiyat edəcəklər”. Professor hesab edir ki, bu haqda ciddi düşünmək lazımdır.