logo
logo

Copyright © 2021 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Türk coğrafiyası Zəngəzur dəhlizi sayəsində birləşəcək - Fikrət Yusifov

Türk coğrafiyası Zəngəzur dəhlizi sayəsində birləşəcək - Fikrət Yusifov

01/04/2021

4 dəq. oxu

Bu dəhliz sayəsində Azərbaycan və Türkiyə arasındakı məsafə 400 kilometrə qədər qısalır “Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamları da özündə əks etdirir. Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti bəyanatda “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi Zəngəzur dəhlizi adlandırdı”. Bu fikirləri “İki sahil”ə açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. F. Yusifov bildirib ki, Zəngəzur dəhlizinin siyasi-iqtisadi dividentləri kifayət qədər böyükdür: “Türk coğrafiyası bu dəhliz sayəsində birləşir. Bu dəhliz sayəsində Azərbaycan və Türkiyə arasındakı məsafə 400 kilometrə qədər qısalır. Dəhlizin istifadəyə verilməsi ilə bölgə ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında iqtisadi əlaqələrdə maneə qalmayacaq. Eyni zamanda, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mövcud nəqliyyat və enerji infrastrukturu bu imkanı daha da genişləndirir”. Bu, Türk dünyasının birləşməsi deməkdir Ekspert qeyd edib ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biridir: “Zəngəzur dəhlizi bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan bu minvalla Zəngəzur dəhlizin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Dəhliz həmçinin, Azərbaycan-Türkiyə münasibətlərini daha möhkəmləndirəcək, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bu, Türk dünyasının birləşməsi deməkdir. Dünən keçirilən Türk Şurasının müşavirəsində həm cənab Prezidentin çıxışında, həm də digər ölkə rəhbərlərinin çıxışında Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha vurğulanıb. Şübhəsiz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda, regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevrilmiş Azərbaycanın nüfuzunu daha da gücləndirəcək”. F. Yusifov vurğulayıb ki, Zəngəzur dəhlizi həmçinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin açılması bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.