logo
logo

Copyright © 2021 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətləri getdikcə möhkəmlənir

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətləri getdikcə möhkəmlənir

10/03/2021

3 dəq. oxu

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısındakı çıxışında ölkəmizin bu quruma üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyini xüsusi vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, ŞimalCənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”. Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu və Dağlıq Qarabağ probleminin tarixdə qaldığını deyən Prezident İlham Əliyev hazırda bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin müzakirəsinə başlandığını, Azərbaycan, Türkiyə və İranın bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgilədiyini, Ermənistanın isə özünü normal aparacağı təqdirdə bu prosesdən faydalana biləcəyini diqqətə çatdırıb. Ümumiyyətlə, dövlətimizin başçısının İƏT-in onlayn Zirvə toplantısı zamanı çıxışında toxunduğu məsələlər olduqca mühüm önəm daşıyır. Bu tədbir Azərbaycanın adı çəkiln təşkilatına üzv ölkələrlə əlaqələrinin yüksək səviyyədə olmasının təsdiq edir. Zirvə toplantısında çıxış edən Türkiyə, Pakistan və Əfqanıstan rəhbərləri Azərbaycan rəhbərinə Vətən müharibəsində əldə edilən qələbə münasibətilə təbriklərini çatdırıblar. Bu, Azərbaycanın böyük uğuruna qardaş ölkə rəhbərlərinin verdiyi qiymətdir. Eyni zamanda bu, həmin ölkələrlə Azərbaycanın sıx tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Ölkəmiz bu qələbə ilə bölgədə özünün siyasi əhəmiyyətini yetərincə artırdı. Azərbaycan–Türkiyə qardaşlığı bu müharibədə özünü bir daha bariz şəkildə bütün dünyaya göstərdi. Türkiyə kimi regionda söz sahibi olan böyük bir dövlətin Azərbaycanın yanında olması ölkəmizin siyasi gücünə güc qatır. Fikrimcə, iki qardaş ölkə tərəfindən bundan sonra da birlikdə daha mühüm uğurlar əldə ediləcək, regionda daha böyük transmilli layihələr reallaşacaq. Müharibə başlayan dövrdən Türkiyə ilə yanaşı, Pakistan və Əfqanıstan tərəfindən də Azərbaycana xüsusi dəstək nümayiş etdirilib. Bu dövrdə Pakistan və Əfqanıstanın dövlət başçılarının verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyıb. İƏT üzv ölkələrin bir araya gələrək, zəruri sayılan məsələləri həll edən bir platformadır. Bu platformanın fəaliyyəti gələcəkdə daha da genişlənəcək və Azərbaycan öz siyasi, iqtisadi dividentlərini artırmaq məqsədi ilə bu platformanın yaratdığı imkanlardan səmərəli faydalanacaq. Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor