Rusiya separatçılığın təbliğatçısı rolunda

Moskva özünə rəva bilmədiyini başqalarında dəstəkləyir


Şimali İraqın Kürdüstan, İspaniyanın isə Kataloniya muxtariyyətində keçirilən referendumlar, bu referendumlara, əsasən də Rusiyanın loyal münasibəti, Rusiya mediasının, TV-lərinin açıq-aşkar təbliğ etməsi müşahidə edilir.


Bəs Rusiyanın harada separatizm varsa, onu dəstəkləməsi nədən irəli gəlir? Sabah erməni separatçıları da Dağlıq Qarabağda "referendum” keçirsə, Rusiya dəstək verəcəkmi? Rusiya özünün daxilindəki muxtar vilayətlərin hansısa müstəqillik elan etsə, seyrçi qalarmı?


Sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat”a bildirdi ki, Rusiyanın xarici siyasətinin özəyində dünyada gedən separatçı prosesləri dəstəkləmək dayanır. Qonşu dövlətlərdə isə separatçı hadisələr bilavasitə Rusiyanın dirijorluğu ilə baş verir. Bunu hər kəs yaxşı bilir:"Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya, Prednistroviya, Ukraynanın şərqi, Krım - bunlar son 25 ildə gördüklərimizin hələ hamısı deyil. ”Parçala, hökmranlıq elə" prinsipinə söykənən bu siyasət Rusiyaya hələlik onun istədiyini verə bilir. Təəssüf ki, biz hələ də sadəlövhlük nümayiş etdirərək Dağlıq Qarabağ probleminin Rusiyanın dəstəyi ilə çözüləcəyinə və torpaqlarımızın qaytarılmasında onların söz sahibi olacaqlarına inanırıq. Mən buna inanmıram. İnandığım isə budur ki, əgər sabah Ermənistan mövcud durumlarını düzgün qiymətləndirib, öz təşəbbüsləri ilə Dağlıq Qarabağı Azərbaycana qaytarıb, əvəzində normal qonşuluq münasibətləri istəsələr, buna ilk növbədə Rusiya imkan verməyəcək. Çünki bu münaqişə ona çox lazımdır. Münaqişə hər iki tərəfin başını özünə qatır, Rusiya isə onların hər ikisinə silah satmaqla yanaşı, hər ikisini özündən asılı vəziyyətdə saxlayır.

Rusiyanın bu gün Kataloniyada baş verən separatçı hərəkata, kürdlərin keçirdiyi referenduma dəstək verməsi çox təbidir. Bu dövlətin xislətindən gələn bir siyasətdir. Parçala, intriqa sal, qarşıdurma yarat və bu yolla hegemonluq et-bax budur həmən siyasətin mahiyyəti".

Sabiq nazirin sözlərinə görə, sabah Dağlıq Qarabağda separatçı ermənilər referendum keçirsələr, onun ideyasının şimaldan gəldiyini hər kəs bilməlidir.

F.Yusifov qeyd etdi ki, öz daxilində müstəqillik istəyən Çeçenistan xalqını qırğına məruz qoyan bir dövlət başqa dövlətlərin öz daxilindəki separatizm meyllərinin qarşısını almaq cəhdini pisləməməlidir:"Çeçenistanda illər öncə baş vermiş hadisələri yada salaq. Çeçenistan öz müstəqilliyini elan etmək istəyirdi. Rusiya nə qədər itkilər versə də sonda bu müharibəni uddu və çeçenləri sakitləşdirdi. Bəzi məlumatlara görə, bu məqsədə nail olmaq üçün o zaman Rusiya hərbin ən qəddar rıçaqlarından istifadə etməkdən belə çəkinməmişdi. Özünə rəva bilmədiyini başqalarında dəstəkləmək heç bir ölçüyə sığmır”.


Siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Rusiya hələ də sovet təfəkkürü ilə yaşayır. Ruslar elə bilirlər ki, Avropa Birliyinə nə qədər zərbə vuracaqlarsa, o qədər onlar üçün yaxşıdır. Avropadakı separatizm meyllərinin dəstəkçisi rolunda çıxış etmələri də bu amillərlə bağlıdır:"Üstəlik, son illərdəki Qərb-Rusiya qarşıdurması rusların bu cür düşünməsinə əlavə şərait yaradır. Əgər Azərbaycan Rusiya ilə münasibətlərdə tamamilə müstəqil siyasət aparsa, Moskva Dağlıq Qarabağın ”müstəqilliyi"nin rəsmi tanınması şantajını Azərbaycana qarşı istifadə edəcək. SSRİ dağıldıqdan sonra məhz separatçı rejimləri dəstəkləməklə Rusiya region ölkələrini 30 ilə yaxındır ki, şantaj etməkdə davam edir. Lakin Rusiya hökuməti bilməlidir ki, əgər onlar dünyanın müxtəlif bölgələrindəki separatizm meyllərini, müstəqillik referendumlarını tanısalar, o zaman "domino prinsipi” işə düşə bilər. Rusiyanın öz daxilində də mərkəzdənqaçma, müstəqilliyə can atma tendensiyaları güclüdür. Odur ki, Moskva bilməlidir ki, separatizmə dəstək siyasəti onlara bumeranq kimi qayıdacaq. Son iki çeçen müharibəsində az qala Şimal Qafqazı itirəcəkdilər. Çeçen xalqına amansız divan tutdular və çətinliklə prosesi dayandırdılar. Amma birdəfəlik dayanmayıb. Tatarıstan da müstəqilliyinin bir addımında idi. İndi də bundan vaz keçməyiblər. Görünür, Moskva çox yaxın keçmişi unudub. Lakin gec-tez federasiyadan ibarət Rusiya yeni milli-azadlıq dalğası ilə üz-üzə gələcək".


Ekspert vurğuladı ki, əslində bu gün baş verənlər həyəcan siqnalına çevrilməlidir. Avropa Birliyinə üzv olan dövlətlər artıq diqqətə almalıdırlar ki, separatizmin qarşısının vaxtında alınmaması onun daha geniş şəkildə yayılmasına səbəb olur:"Separatizm çox qısa müddətdən sonra daha təhlükəli vəziyyət ala bilər. Yəni ilk baxışdan dinc görünən proses getdikcə silahlı münaqişələrə, terrora və digər faktora yol aça bilər ki, bu da şübhəsiz ki, istənilən region üçün böyük təhdidlər yaradır”.


Etibar SEYİDAĞA



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi