Şimali İraqdan çəkiləcək qaz kəməri Azərbaycanın boru kəmərinə birləşsə...

Ekspert: "Qazın Türkiyə üzərindən Avropaya çatdırılmasının ən sərfəli variantı məhz Cənub Qaz Dəhlizidir”

İraq Kürdüstanından "Rosneft”in iştirakı ilə çəkiləcək qaz kəməri böyük ehtimalla "Cənub Qaz Dəhlizi” ilə birləşdiriləcək. Virtualaz.org xəbər verir ki, bunu RİA "Novosti” agentliyinə Kürdüstan Demokrat Partiyasının Moskvadakı nümayəndəsi Xoşavi Babəkr deyib.
"Bildiyimə görə, həmin layihəyə əsasən, ”Rosneft"in qaz kəməri Azərbaycan boru kəmərləri layihələrinə birləşdiriləcək"-deyə o bildirib.
Babəkrin sözlərinə görə, İraq Kürdüstanında qaz kəməri İraqın şimalındakı Kərkük vilayətindən başlayacaq. Bundan əlavə, gələcək boru xəttinin bəzi obyektləri artıq türk şirkətləri tərəfindən tikilib. Sonradan həmin şirkətlər müxtəlif səbəblər üzündən layihədən çıxıblar.
"İş burasındadır ki, bu layihə artıq bir neçə ildir ki, fəaliyyət göstərir və tərəfdaşları da çox olub. Əvvəlcə istifadəyə verilməsi 2018-ci ildə gözlənilirdi, indi 2020-ci ildən danışırlar”, - Babəkr qeyd edib.

Qeyd edək ki, Quzey İraqda 1500-dən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyi bildirilir. Bu da bölgədəki xarici şirkətlərin təxminən yarısı deməkdir. Türk şirkətləri bölgəyə bir neçə milyard dollar sərmayə yatırıb, Ərbil hava limanı başda olmaqla, bir çox vacib infrastruktur layihəsini məhz türk iş adamları həyata keçirib. Ticarətin miqyasını o dərəcədə böyükdür ki, sərhəddəki Habur gömrük-keçid məntəqəsindən hər gün 3 mindən çox yük avtomobili keçir.
Türkiyə ilə Bərzani arasında strateji xarakterli əlaqələrdə enerji mühüm yer tutur. Kərkük neftini daşıyan boru xətti quzeydən keçərək Türkiyənin Yumurtalık limanına gedir və buradan ixrac olunur. Quzey İraq təbii qazını Türkiyəyə və oradan Avropaya nəql etmək üçün boru kəmərinin inşa olunması gündəmdədir. Bu kəmərlə ildə 30 milyard kubmetr qazın nəqli nəzərdə tutulub və layihəyə Rusiya da ciddi maraq göstərir. TANAP-la 16 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq.

Ekspertlər iddia edir ki, ümumiyyətlə, Türkiyənin regional enerji ötürücüsü olmaq planlarında İraq istiqamətindən gələn və gəlməsi planlaşdırılan borular mühüm yer tutur.

Bəs, İraq Kürdüstanından "Rosneft”in iştirakı ilə çəkiləcək qaz kəməri "Cənub Qaz Dəhlizi” ilə birləşdirilsə bundan Azərbaycan qazanar, yoxsa müəyyən dövlətlərlə münasibətlərimizə ziyan dəyər?
 
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat”a bildirdi ki, bundan Azərbaycan da Türkiyə də qazanar: "Son bir neçə ildə Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı mətbuat səhifələrində etdiyimiz çıxışlarda gələcəkdə bu xəttə İraq, İran, Türkmənistan, Yaxın Şərq və hətta Afrikanın şimalında yerləşən ölkələrin də qazının qoşulma ehtimalından danışmışdıq. Artıq bu ehtimallardan birinin həqiqətə çevrilməsi prosesi baş verir. Bu ölkələrin hər biri gələcəkdə də hasil olunacaq qazı Avropa bazarına çıxarmaq üçün daha sərfəli marşrutlar axtarışında olmayacaqlar. Çünki bu istiqamətdə qazın Türkiyə üzərindən Avropaya çatdırılmasının ən sərfəli variantı məhz Cənub Qaz Dəhlizidir. Qazın bu marşrutla Avropaya çatdırılması istehsalçılar üçün nə qədər maraqlıdırsa, bir o qədər də tranzit ölkələr-o cümlədən Türkiyə üçün maraqlıdır. Gələcəkdə Cənub Qaz Dəhlizinə başqa qaz xətlərinin qoşulması bu xəttin əhəmiyyətini daha da yüksəldəcək və onun rentabelliyi kifayət qədər artacaqdır”.

Etibar SEYİDAĞA



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi