“Cahangir Hacıyev, sən Beynəlxalq Bankda baş verənlərə görə günahkarsan” – sabiq nazirin ittihamı

Sabiq maliyyə naziri Fikrət Yusibov Beynəlxalq bankın sabiq şefinə tutarlı cavab verdi

Azərbaycan Beynəlxalq Bankı (ABB)İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin ölkənin 15 milyard manatını darmadağın etməsi haqda müzakirələr davam edir. C.Hacıyev hazırda 15 illik cəzasını çəkir, ölkə iqtisadiyyatına cavabdeh olan şəxslər isə onun 15 milyardlıq yeyintisinin yerini doldurmaq üçün imkanlarını səfərbər ediblər.

Vaxtilə ABB-də gedən neqativ proseslər haqda mətbuatda, xüsusən də "Yeni Müsavat”da saysız-hesabsız yazılar dərc olunurdu. Həmin dövrdə Cahangir Hacıyev özünün himayəçiləri və qudasının sayəsində həmin yazılarda sadalanan faktların araşdırılmasının qarşısını almağı bacarır, haqq səsləri boğa bilirdi. Beləcə xırda qanunsuzluqların cəzasızlığından yaranan arxayınlıq böyük məbləğlərin ələ keçirilməsi üçün zəmin yaratdı. Daha böyük məbləğlər oğurlandı, talan edildi. Əslində Cahangir Hacıyevə ən böyük pisliyi himayəçiləri ediblər - mətbuatda yazılanların araşdırılmasının qarşısını almaqla onu böyük cinayətlərə sürükləyiblər.

"Azərbaycan Beynəlxalq Bankından 2009-cu ilin oktyabrından 2015-ci ilin martınadək həmin dövrdə rəhbərlikdə təmsil olunan şəxsin yaxınlarına zəmanətsiz 1.3 milyard manat, 1.4 milyard dollar və 300 milyon avro verib, ölkədən 3.7 milyard dollar, 1.1 milyard avro çıxarılıb. Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqsədyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin ”onurğa sütunu" zədələnib" - iqtisadçı ekspert Qubad İbadoğlu bu sözləri iki il əvvəl Cahangir Hacıyevin istefasından sonra demişdi. Ümumiyyətlə isə bank sektorunda gedən proseslərdən xəbərdar olan əksər iqtisadçılar ABB-dəki talançılıq haqda çox ciddi faktları sadalamaqla danışırlar. İqtisadçı Rövşən Ağayev mətbuata açıqlamalarından birində ABB vasitəsilə 8 milyard dollara yaxın vəsaitin iki kanalla mənimsənildiyini açıqlamışdı.



Sitat:"Bir kanal ondan ibarətdir ki, ayrı-ayrı vətəndaşların adına iri məbləğdə kredit yazılıb, şəxsi məqsədlər üçün istifadə edilib. Sonra həmin vəsaitlərin xeyli hissəsi ümidsiz borc kimi rəsmiləşdirilib. Başqa kanal bu olub ki, offşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ilə ölkədən çıxarıblar. Həmin vəsaitləri xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər”.
R.Ağayev ölkədən çıxarılan pullarla hansı işləri görmək mümkün olduğunu da sadalamışdı. Demişdi ki, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir.


Bəs Cahangir Hacıyev bu qədər böyük məbləğləri təkbaşına talaya bilərdimi?

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, Cahangir Hacıyevin təqsirini maliyyə naziri Samir Şərifovun üzərinə atmağa cəhd etməsi gülüncdür. Uzun müddət bank sistemində işlədiyini xatırladan ekspert deyir ki, Beynəlxalq Bankın da necə fəaliyyət göstərdiyini bilir:
"Dərəbəylik idi. Nə MB-lə hesablaşırdı, nə də Maliyyə Nazirliyi ilə. Halbuki qanuna görə birinci ona nəzarət edir, ikincisinə isə faktiki tabedir. MB-nin və Maliyyə Nazirliyinin əməkdaşlarını çox vaxt heç Beynəlxalq Bankın binasına belə buraxmırdılar”.

Lakin Ə.Həsənov əlavə edir ki, bütün bunlar Beynəlxalq Bankdakı biabırçılıqlara görə nə Elman Rüstəmovu, nə də Samir Şərifovu məsuliyyətdən tam azad etmir. Onun fikrincə, onların hüquqi olmasa belə, siyasi, mənəvi və peşəkar məsuliyyətləri var:



"MB niyə sanksiya tətbiq etmirdi? Maliyyə Nazirliyi niyə tədbir görmürdü? Səlahiyyətləri var idi axı! Prezidentə məlumat verirdilər? Başa düşürəm ki, Cahangir Hacıyevin Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri) kimi güclü himayədarı olub, ondan çəkiniblər. Amma belə olduğu təqdirdə, yəni vəzifəni tam icra edə bilmirsənsə, bir yol da var - istefa. Ən azı, bunu etməyiblər. Bu baxımdan, Cahangir Hacıyevin ictimaiyyəti çaşdırmaq cəhdlərini qəti qəbul etmirəm, amma Elman Rüstəmovun və Samir Şərifovun da Beynəlxalq Bankın fəaliyyətinə görə heç məsuliyyət daşımamaları fikrini də qəbul etmirəm”.

Yazdıqlarımızı vərəqləyib bir daha faktlara diqqət edək.

Ötən yazılarımızdan sitat:

"C.Hacıyevin mənimsədiyi pullar bir tərəfə, dövlətin təminat verdiyi xarici tərəfdaşları qarşısında da ”gözü kölgəli" etdi. Dövlət Beynəlxalq Bankı uçurumdan qorumaq və batmış kreditlərdən təmizləmək üçün 10 milyard manatlıq istiqrazlara zamin durmuşdu ki ("Aqrokredit” ASC vasitəsilə), dərhal bankın xarici sələmçiləri baş qaldırdı və dövlət onlara olan 3 milyard dollardan çox borca da zamin durdu. Maraqlı bir müqayisənin də yeri var: son illər ölkəyə ən böyük zərər Kür çayının daşması nəticəsində dəymişdi - 700 milyon manat. Belə çıxır ki, C.Hacıyev 21 dəfə daha artıq pulu heç "uf” demədən Kürə axıdıb. Bir az da iş başında qalsaydı, onun vurduğu zərər nəyinki daşqınlarla, hətta zəlzələ və sunamilərin vurduğu maddi zərərlə müqayisə oluna bilərdi".

Belə aydın olurdu ki, C.Hacıyev 100-dən artıq offşor şirkətlər açıb, sonra həmin şirkətlər faktiki heç bir dəyəri olmayan qiymətli kağızlar (veksel, səhm və s.) buraxıb, Beynəlxalq Banka satıblar və ya girov qoyublar. Cahangir Hacıyev və onun çetesi Beynəlxalq Bankın vəsaiti ilə həmin qondarma şirkətlərin 3,4 milyard ABŞ dolları və 1 milyarda yaxın avro həcmində veksellərini alıblar. Sonrakı mərhələdə isə C.Hacıyevin nəzərətində olan həmin offşor şirkətlər bankın vəsaitini alaraq, onunla sərbəst davranmaq imkanını əldə ediblər. Faktiki olaraq bankın vəsaiti nəğdləşdirilib və birbaşa Hacıyevin dəstəsinin ixtiyarına keçib. Üçüncü mərhələdə həmin vəsait qiyməti süni şəkildə şişirdilmiş layihələrə yönəldilib və fərq "yeyilib”. Yəni Cahangir Hacıyev ABB-nin ona etibar olunan vəsaitləri ilə balaca yeməkxanaya gündəlik kartof-soğan, ət-yağ alan işlər müdiri kimi davranıb.

40 qəpiklik kartofu 1 manat 40 qəpiyə alınmasını rəsmiləşdirib. Faktiki isə kartofu elə öz qiymətinə 40 qəpiyə alıb, 1 manatı isə özünüküləşdirib. Ortada 15 milyard dövlətin pulu oğurlanıb.

Pulların çırpışdırılmasında bütün üsullardan istifadə haqda da xəbərlər var. Energetika və tikinti C.Hacıyev və komandası üçün sıradan pulsilmə sahəsi idi. Şou-biznesə, yalançı xeyriyyəçiliyə, xaricdə "Kral Klubu” yaradılmasına qədər pul səpələyib və əlbəttə ki, həmin pulları da özləri yığıblar. C.Hacıyev qandallanandan sonra üzə çıxan faktlardan biri də İsraildə enerji istehsalı layihəsinə 38 milyon dollar xərclənməsi ilə bağlı idi. Bu gün həmin vəsaitin real olaraq hara sərf edildiyi bilinmir. ABB-dən 38 milyon dollar beləcə "buxarlanıb”. Bu həmin vaxt edilib ki, C.Hacıyevin mühafizəçiləri yaşlı, ahıl bilmədən qapıya gələn hər kəsi qovurdular. Xırda səhmdarlara qəpik-quruş dividendləri verməyə can çəkirdilər. Adamlar illərlə məhkəmələrə ayaq döyür, haqlı olmalarını sübut etmək üçün əsəb və sağlamlıqlarını xərcləyirdilər. Sonda məhkəmə səhmdarın haqlı olduğunu təsdiqləyirdi. C.Hacıyev isə həmin məhkəmə qərarını icra etməkdən boyun qaçırırdı. Mincə manat borca görə vətəndaşı məhkəmələrdə divara dırmaşdırıb digər tərəfdən də çevrələrində olan itlərinin qulluqçularına belə böyük məbləğlərdə pullar verirdilər. Dövlətin pullarını verirdilər.

Maraqlıdır ki, ABB-yə rəhbərliyi dövründə dövlətin milyardları hesabına Qədim Misir fironları kimi yaşayan C.Hacıyev həbsindən sonra da talanını etiraf etməkdən yayınmaq üçün min bir bəhanə gətirir.

Faktlar isə onu təkzib edir.

C.Hacıyev Qazaxıstanda neft layihəsinə 95 milyon dollar yönəldib - pullar bu gün ortada yoxdur. Rusiyada loqistik mərkəz tikdirmək adı ilə 77 milyon dollar mənimsənilib. 45 milyon dollar isə sintetik brilyantların istehsalı adı ilə yoxa çıxıb.

Albaniyanın kriminal dairələrində yaxşı tanınan Rezart Tacı adlı bir şəxsə ona məxsus olan neft emalı zavodların alınmasına 340 milyon ABŞ dollar həcmində vəsait ayırıb. Zavodlar Albaniyada satışa çıxarılıb və Beynəlxalq Bankın ayırdığı vəsaitin qaytarılması qeyri-mümkündür. Rezart Tacı hazırda dələduzluq və vergi borcu səbəbindən həbsdədir.

C.Hacıyev Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq kredit verib. Həmin pullar qondarma "Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsənilib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə 3 Abxaziya almaq olardı.

Sonradan Levan Tujba mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə deyib ki, bu puldan ancaq 130 milyon dolların "üzünü” görüb. Qalan 310 milyon dolları onun ayağına yazıb, öz ciblərinə qoyublar.

C.Hacıyev Moskvada bir sıra tikinti layihələrinə 1 milyard 180 milyon dollar yatırıb. Hazırda layihələr üzrə bankın pulunun heç olmasa bir hissəsinin qaytarılması böyük sual altındadır.

Maraqlı məqam odur ki, bu gün günahsızlığını sübut etməyə uğursuz cəhdlər edən C.Hacıyevin məsuliyyəti üzərindən atmağa çalışır, özündən savayı hər kəsi günahkar qismində görür.

Əslində isə xaricdəki psevdo-layihələrin hər birinə böyük məbləğləri birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, müvafiq sənədləşmə aparmadan ayrıblar. Bundan əlavə, o, öz əməllərini ört-basdır etmək məqsədilə bankın ali orqanı olan Səhmdarların ümumi yığıncağına, Müşahidə Şurasına, Mərkəzi Banka yalan və təhrif olunmuş məlumatlar təqdim edib. C.Hacıyev pulları nə səhmdarları (əsasən dövlətin), nə əmanətçilərı, nə müştəriləri saya salmadan sağa-sola səpələyib və mənimsəyib.

Ölkə daxilində də onun razılığı ilə ətrafına böyük pullar səpələnib. Adi vətəndaş Beynəlxalq Bankdan 1000 manat kredit alanda min cür sənəd istənildiyi, həftələrlə get-gələ salındığı halda C.Hacıyev şəxsi sürücüsünə, təkcə şəxsiyyət vəsiqəsi ilə cəmi 12 milyon dollar kredit yazdırıb!
Nağd kreditlərlə yanaşı C.Hacıyev özünün və ailə üzvlərinin adına plastik kartlar açaraq dövlət bankının xəzinəsini də talayıblar. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30 milyon 628 min 727 dollar və 9 milyon 368 min 7 avro, 3 milyon 433 min 931 ingilis funt sterlinq, 8 milyon 616 min 62 manat mənimsənilib. Və bu pullar -yəni 100 milyon manat şəxsi ödənişlərə xərclənib.

ABB-nin London nümayəndəliyinin rəhbəri R.İmamverdiyevin ürək tutmasından ölməsi də C.Hacıyevin vicdanındadır. Nə baş verib? Deməli, C.Hacıyev və ailə üzvləri bahalı şəhər olan Londonda ən bahalı ticarət mərkəzlərindən biri olan "Harrods”da alış-veriş etmək kimi bahalı hobbiləri olub. Və London nümayəndəliyinə tapşırılıb ki, hesablarına 1 milyon funt sterlinq keçirsinlər. Pullar Hacıyevlərin hesabına keçirilib.
"Harrods”da xırda bazarlığa Hacıyevlər 50-80 min dollar civarında xərcləyiblər. London nümayəndəliyinin rəhbəri bir müddət sonra 1 milyon funt sterlinq kredit məsələsini C.Hacıyevin yadına salıb. 1 milyon funt sterlinq R.İmamverdiyev üçün təbii ki, fantastik və əlçatmaz məbləğ olub. C.Hacıyev isə həmin pulu ödəməkdən yayınıb və gənc yaşına baxmayaraq R.İmamverdiyev ürək tutmasından dünyasını dəyişib".
İndi də C.Hacıyev çərxi-fələyin tərs üzünü görüb və çığır-bağır salır ki, günahsızdır. Belədirmi?



Sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat”a deyib ki, C.Hacıyevin dedikləri əbəsdir:"Bu gün Cahangir Hacıyev durub deməz ki, mən 15 milyard dövlətin pulunu istədiyim kimi, kimlərinsə maraqlarına uyğun şəkildə xərcləmişəm. Deyə bilməz. Bilir ki, deməsi ittihamların bir daha təsdiqi, barəsindəki məhkəmə hökmünün ədalətli olmasını çox qabarıq şəkildə ortaya qoyar. Onun nə deməsindən asılı olmayaraq ABB-dən mənimsənilən pullara cavabdeh şəxs olub. Tutaq ki, kimlərsə hansısa kreditlərin verilməsinə təkid edib, ona təzyiqlər göstərib. Olubsa belə C.Hacıyev belə məsələlərə uyub dövlətin pulunu belə dağıtmamalı idi. Həmin pulları dövlət ona etibar etmişdi. Bu baxımdan da məsuliyyət də onun boynundadır. Məhkəməsiz-filansız da bu belədir. Bankın gələcəyini təhlükədə qoyub bu qədər krediti sağa-sola səpələmək hansı qanunda yazılıb? Bütün məsələləri bir kənara qoyuram və deyirəm - Cahangir Hacıyev sən Beynəlxalq Bankda baş verənlərə görə günahkarsan. Nəticə etibarı ilə ABB müflis olma həddinə çatıb. Onun ”mən günahkar deyiləm" sözləri heç cür qəbul edilə bilməz. Birinci şəxs rəhbərdir və bankda gedən bütün proseslərə bilavasitə cavabdeh şəxsdir".

F.Yusifov Mərkəzi Bank və Maliyyə Nazirliyinin də ABB-də baş verənlərə görə məsuliyyət daşıdıqlarını vurğulayıb:"Yarıdan çoxu dövlətə məxsus bankdan milyardlar çıxarılıb. Bu o zaman baş verib ki, hesabdan hesaba 1000 manatın ötürülməsi əməliyyatını belə görmək mümkündür. Bir belə məbləğin ölkədən çıxarılmasını necə görməyiblər?”

E.MƏMMƏDƏLİYEV



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi