Manatın kursu sabitləşir, amma bahalaşma davam edir...

Fikrət Yusifov: "İnsanları hakimiyyətdən narazı salırlar”

Artıq uzun zamandır ki, Azərbaycan hökuməti dollar və manatın məzənnəsini sabit saxlaya bilir. Görünən odur ki, qarşıdakı zamanda da ölkə iqtidarı buna nail ola biləcək. Çünki bir ildən sonra ölkəmizdə prezident seçkiləri keçiriləcək və heç bir hakimiyyət belə önəmli proseslərin getdiyi vaxtda ölkədə iqtisadi kataklizmlərin yaşanmasını istəməz.

Amma bununla yanaşı, son zamanlar Azərbaycanda bəzi məhsulların qiymətində ciddi artım müşahidə olunur. Bahalaşma bir dəfəyə olmasa da, hissə-hissə aparılır və bir müddətdən sonra diqqətçəkən dərəcədə qiymətlərin artdığı müşahidə olunur. Xüsusilə qida məhsullarının əvvəlki aylarla müqayisədə bahalaşdığı barədə fikirlərə, narazılıqlara tez-tez rast gəlirik. Digər sahələrdə də vaxtaşırı bu cür bahalaşmaların olması barədə xəbərlər gəlir. Maraqlıdır ki, adətən bahalaşma dolların məzənnəsi yüksəldiyi zaman baş verir, amma bunların heç biri son zamanlar ölkə daxilində baş vermir. Doğrudur, dolların məzənnəsi devalvasiyanın baş verdiyi ilk vaxtlar kimi yüksəkdir, lakin müəyyən bir mərhələdə bahalaşma oldu. Prosesin hələ də davamlı olması suallar yaradır.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov dünyada dolların indiki durumundan söz açdı:"Bu gün dünya valyuta bazarında dominantlıq yalnız ABŞ dollarına məxsusdur. 1944-cü ildən dünyanın aparıcı valyutası seçilən dollar 1971-ci ilə qədər qızıl təminatlı olsa da, həmin ildən etibarən ABŞ hökuməti dolların qızıl təminatından imtina etdi və dollar adi, heç bir təminatı olmayan bir valyutaya çevrildi. Lakin bu addım heç də dolların əhəmiyyətini azaltmadı. Bu gün dünyanın bir saylı valyutası olmaqla beynəlxalq hesablaşmaların az qala 50%-ə qədəri onun vasitəsilə aparılır, ümumi valyuta ehtiyatlarının 65%-ə qədəri dolların payına düşür. Bunlar kifayət qədər böyük rəqəmlərdi. Bəs bütün valyutalar üçün əsas ölçü vahidi olan dolların indiki durumu necədir? ABŞ administrasiyasının və bu ölkənin maliyyə sektoruna rəhbərlik edən məmurların hazırda apardığı siyasət yaxın gələcəkdə hər kəsin bu gün asanlıqla əldə edə bildiyi dollar siyasətini dəyişməyə yönəlib. Prezident seçkilərindən bir qədər sonra Donald Tramp Çinin ucuz yuanı siyasətinə münasibət bildirərək, ABŞ-da istehsal olunan malların rəqabət qabiliyyətini artırmaq və bu yolla ölkəsinin ixrac imkanlarını genişləndirmək məqsədilə ucuz dollar siyasəti yürütməyi məqsədəuyğun hesab etsə də, hələlik rəsmi olaraq bu baş vermir. Düzdür, siyasi müstəvidə baş verən hadisələr fonunda dollar son zamanlar dəyər itirməkdədir, lakin hələ ki bu məqsədlə ABŞ administrasiyasının Federal Ehtiyat Sisteminin atdığı hər hansı bir addım olmayıb. Əksinə, ucuz dollar siyasətinin ABŞ iqtisadiyyatına kapital axınına nə qədər mənfi təsir edə biləcəyinin fərqində olanlar hazırda dolların ilin sonuna doğru dəyər qazanması istiqamətində qəti addımlar atmaq istəyindədirlər. Tramp administrasiyası ilə demokrat konqresmenlər arasında keçən həftənin sonlarına yaxın əldə edilmiş razılığa əsasən ABŞ xəzinədarlığı üçün borclanma limitinin vaxtı bu ilin dekabr ayının 8-nə qədər təxirə salınıb. Bu addım xəzinədarlığa yeni borclanma imkanları yaradır. Əks halda, sentyabr ayının sonlarından hökumətin xərclərinin maliyyələşdirilməsi dayana bilərdi. Bəs yeni borclanma limiti müəyyən edilənə qədər dolların ətrafında nələrin baş verəcəyi gözlənilir? 2008-ci il böhranının yaratdığı vəziyyətin tənzimlənməsi məqsədilə ötən 9 il ərzində dövriyyəyə əlavə 4,5 trilyon dollar pul kütləsi buraxılmışdı. Bu addım bazarda müəyyən sabitliyin əldə olunması istiqamətində doğru hesab olunsa da, onun ABŞ milli valyutasını kifayət qədər ucuzlaşdırması bir o qədər arzuolunan deyildi. Bu səbəbdən də indi dolların dəyəri ətrafında aparılan siyasət yeni bir müstəviyə keçirilir. Növbəti addım 2008-ci ildən sonra dövriyyəyə buraxılaraq səhmlərin qiymətlərinin yüksəlməsinə və ABŞ-n dövlət borcunun artmasına xidmət etmiş dollar kütləsini tədricən dövriyyədən çıxarıb məhv etməkdən ibarət olacaq. Başlanğıc üçün hər ay 10 milyard dolların, sonrakı aylarda isə 50 milyard dolların dövriyyədən çıxarılaraq məhv edilməsi gözlənilir. Cari ilin dekabr ayının 8-dən - yəni yeni borclanma limiti müəyyən edildikdən sonra xəzinədarlıq bazara 501 milyard dollar həcmində yeni xəzinə öhdəlikləri təklif edərək yeni borclanmaya gedəcək. Dollar kütləsinin dövriyyədən çıxarılaraq məhv edilməsindən sonra yeni xəzinə öhdəliklərinin bazara çıxarılması, ABŞ valyutasına olan tələbatın artmasına və bununla da onun yenidən dəyər qazanmasına gətirib çıxacaq. Bu isə öz növbəsində Amerika iqtisadiyyatına yeni kapital axınına yol açacaq. Dolların bu yolla kəskin dəyər qazanması dünyanın valyuta bazarlarında və fond birjalarında ciddi hadisələrin baş verməsinə səbəb olacaq. Əksər bazarların çökməsi və ciddi itkilərin yaranması baş verəcək”.

İqtisadçı alim Azərbaycan manatının hazırkı proseslərdə özünü necə apara biləcəyinə də toxundu:"Dünyanın maliyyə bazarlarında və fond birjalarında baş verəcək hadisələr milli valyutamızın dəyərinin artmasına və ya azalmasına nə qədər təsirli olacaq? Hesab edirəm ki, dünyanın valyuta bazarlarında və fond birjalarında baş verən hadisələrin milli valyutamıza təsiri yox dərəcəsində olacaq. Çünki bizim milli valyutamız tam sərbəst valyuta deyil. Obrazlı desək, onun məzənnəsinin cilovu Mərkəzi Bankın əlindədir. Bu səbəbdən rahatsız olmaq üçün əsas yoxdur. Manatın sabitliyinin bu qaydada saxlanması ölkədəki iqtisadi aktivliyə müsbət heç nə vəd edə bilməz. Onun bu yolla sabit saxlanıldığı bir dönəmdə bazarda qiymətlərin qalxmasının əsil səbəbləri ölkənin aidiyyəti qurumları tərəfindən dərindən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Qiyməti bazar tələb və təklif əsasında formalaşdırır. Əgər bazarda qiymətlərin qalxmasının iqtisadi əsasları yoxdursa, onda bu prosesi stimullaşdıran başqa səbəblər aşkar edilməli və aradan qaldırılmalıdır. Əgər bunu hansısa monopolistlər edirlərsə, bu çox pis haldır və bunu edənlər başa düşməlidirlər ki, onlar atdıqları bu addımlarla insanları hakimiyyətdən narazı salırlar. Bu isə yolverilməzdir”.

Cavanşir ABBASLI
Musavat.com



 

Sosial şəbəkələr

Axtarış

Sorğu

    Neftin ucuzlaşması sizə təsir edibmi?


     

AZN məzənnəsi